“Partizan”a transfer olunan Azərbaycan millisinin üzvü: “Serbiya çempionatı yaxşı səviyyədədir”

04.02.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Serbiya çempionatı yaxşı səviyyədədir, rəqabət və mübarizə var”.

Bunu Serbiyanın “Partizan” klubuna keçən qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Alina Nəhmədova deyib.

O, yeni komandasındakı hədəfləri və uyğunlaşma prosesi barədə danışıb.

“Bu, sevindirici və qürurverici bir haldır. “Partizan” Serbiyada tanınmış klubdur. Seçimimin səbəbi odur ki, burada böyük təcrübə qazanacağımı düşünürəm. Serbiya çempionatı yaxşı səviyyədədir, rəqabət və mübarizə var”, - deyə o, “Report”a açıqlamasında bildirib.

A.Nəhmədova sabiq klubu “Neftçi”dən ayılmağın çətin olduğunu vurğulayıb:

“Çünki kollektivə çox öyrəşmişdim. Əlbəttə, bütün komanda və texniki heyət legioner həyatı yaşayacağım üçün mənim adıma çox sevindilər”.

Futbolçu yeni klubuna uyğunlaşmaqda ciddi problemlər yaşamır:

“Ən önəmlisi dili başa düşməkdir. Serb dilini bilməməyim bir qədər çətinlik yarada bilər. Amma vacib olan məşqçinin səndən nə istədiyini anlamaqdır. Əsas hədəflərimdən biri burada özümü göstərib daha güclü klublara keçməkdir. Kimsə gələcəyini futbolda görürsə, mütləq motivasiyası olmalıdır. Hər bir futbolçunun Avropada oynamaq istəyi olmalıdır. Məsləhət görürəm ki, öz üzərinizdə çox işləyəsiniz, çünki əziyyətsiz uğur olmur”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью