“Partlayışdan 5 ay keçib, hələ də evlərimizə qıfıl vurublar” Video

29.01.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avqustun 28-i, səhər 06:00-da binamızda partlayış baş verdi. Partlayışdan sonra binanın 2 aya bərpa olunacağını desələr də, 5 aydır bununla bağlı heç bir addım atılmayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya bina sakini Pərviz Quliyev müraciət edib.

Şikayətçi partlayışdan sonrakı bu aylarda binaya baxış keçirilmədiyini bildirib: “Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 6 ünvanında qazdan partlayış baş verdi. Partlayış 1-ci blok 5-ci mərtəbədə oldu və blokdakı 15 mənzil təxliyə edildi. Yaşadığım mənzilə zərər dəyməyib, sadəcə 2 mənzil zədə alıb. Biri partlayış olan, digəri isə 4-cü mərtəbədəki mənzil. Digər mənzillər isə zərər görməyib”.

P.Quliyev deyir ki, həmin gündən binalarını hasarlayıblar və bloka qıfıl vurublar: “Partlayışdan sonra 6 aylıq kirayə pulunu veriblər. Partlayışdan 2 ay sonra bərpa işlərinə başlayacaqlarını desələr də, hələ də başlamayıblar. İcra Hakimiyyətinə müraciət etdik, dedilər bizlik məsələ yoxdur, bütün işləri Fövqəladə Hallar Nazirliyi (FHN) görməlidir”.  

Səsləndirilən iddialarla bağlı Nizami Rayon İcra Hakmiyyətinə sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, 2025-ci il avqustun 28-də Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 6 ünvanında, 1-ci blokun 5-ci mərtəbəsində baş verən partlayış hadisəsi ilə bağlı dərhal operativ tədbirlər həyata keçirilib: “Partlayışdan zərər görmüş sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kirayə ödənişləri qarşılanmaqla onlar müvəqqəti yaşayış yerlərinə köçürülüb. Binaya dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumları tərəfindən bərpa layihəsi hazırlanıb və baxılması üçün nazirliyin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib. Hazırda layihəyə baxılmaqdadır və yaxın günlərdə müvafiq rəyin verilməsi gözlənilir. Dövlət ekspertizasından rəy alındıqdan sonra binanın təmir-bərpa işlərinə başlanılması üçün aidiyyəti dövlət orqanlarına müvafiq müraciətlər ediləcək. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin də mövqeyini öyrəndik. Qurumdan saytımıza bildirildi ki, partlayış baş vermiş bina sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqlarının ödənilməsi davam etdirilir: “Binanın bərpa olunması ilə bağlı layihə sənədləri hazırlanıb, hazırda ekspertiza mərhələsindədir”.

Mədinə Useynova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью