Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Əməliyyatdan sonra övladımın vəziyyəti tam dəyişdi, bu gün çox yaxşıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu ürək transplantasiyası əməliyyatı keçirilmiş pasiyentin anası, donor ailəsinin üzvü Fəridə Hüseynova tədbirdə çıxışı zamanı deyib.
Fəridə Hüseynova bildirib ki, donor qərarı bir ana üçün son dərəcə ağır addımdır, lakin bu qərarı verərkən övladına göstərilən humanist yanaşmanı əsas götürüb. O, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də əməliyyatı icra edən tibbi komandaya təşəkkürünü bildirib.
Pasiyentin anası xüsusilə cərrah Kamran Musayev və onun rəhbərlik etdiyi komandaya minnətdarlıq edib: “Mənim övladıma göstərilən qayğıya görə bütün həkimlərə bir valideyn kimi təşəkkür edirəm”.
O qeyd edib ki, əməliyyatdan əvvəl övladı ciddi tənəffüs problemləri yaşayırdı və vəziyyəti ağır idi. “Əməliyyatdan sonra isə vəziyyəti çox yaxşıdır, hazırda heç bir problemimiz yoxdur”, – deyə Fəridə Hüseynova vurğulayıb.
Pasiyentin anasının sözlərinə görə, ailə ilkin olaraq tibbi müəssisəyə müraciət edib, müvafiq cihazlar yerləşdirildikdən sonra Respublika Kardiologiya Mərkəzində müalicə prosesi davam etdirilib. O bildirib ki, gözləmə müddəti uzun olmayıb və əməliyyat müsbət qiymətləndirilib.
Çıxışının sonunda Fəridə Hüseynova bütün tibbi heyətə və prosesdə əməyi olan hər kəsə bir daha təşəkkürünü çatdırıb.
Zeynəb Rzayeva