Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, – deyə Paşinyan bildirib.
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qarşısındakı başlıca məsələlərin bəlli olduğunu deyib:
“Azərbaycan tərəfi konkret tələblərini irəli sürüb və bunlar beynəlxalq hüququn tələblərinə uyğundur. Bakı nə bu gün, nə də bundan sonra qeyri-qanuni tələb irəli sürər. Bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır. Paşinyanın qeyd etdiyi Qərbi Azərbaycan məsələsi isə başqa məsələdir.
Qərbi Azərbaycan məsələsi ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpasına hesablanmış siyasi xəttdir. Yəni Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürülməyib.
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir və uğurlu işlər görür. Hesab edirəm ki, hər iki tərəf görülən işlərdən razıdır. Proses qanuni şəkildə davam etdirilir. Yekun sərhədlərlə bağlı qərar qəbul edildikdən sonra sülh sazişi imzalanacaq.
Anklav və eksklav məsələsinə gəlincə, bu barədə konkret razılıq yoxdur. Paşinyan öz fikrini bildirir. Amma Azərbaycanın mövqeyi daha həlledici olacaq. Ərazi mübadiləsi beynəlxalq praktikada mövcuddur, lakin tərəflər arasında bu məsələ ilə bağlı hələlik razılıq yoxdur”.