Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Yeni layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişafının əsas məqsəd kimi müəyyənləşdirilməsi diqqət çəkib.
Bu barədə politoloq Turan Rzayev AZXEBER.COM-a açıqlamasında danışıb.
O bildirib ki, yeni Konstitusiya layihəsi Ermənistanın əvvəlki ərazi iddialarından uzaqlaşması və Azərbaycanla münasibətlərin normallaşması baxımından mühüm siyasi-hüquqi addım ola bilər:
"1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiya layihəsindən çıxarılması çox mühüm məqamdır. Çünki məhz həmin Bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ideyası yer alırdı. Bu isə Azərbaycanla yekun sülh sazişinin imzalanması qarşısında dayanan əsas hüquqi-siyasi problemlərdən biri idi.
Yeni layihədə bu istinadın çıxarılması və Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində müstəqil, dinc, təhlükəsiz və firavan ölkə qurmaq məqsədinin ön plana çəkilməsi müsbət yanaşmadır. Paşinyan bununla Ermənistanın gələcəyini tarixi iddialarla deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər və vətəndaşların rifahı ilə əlaqələndirməyə çalışır”.
Politoloq qeyd edib ki, yeni Konstitusiya layihəsində xarici siyasətin əsas məqsədinin sülhün təmin edilməsi kimi müəyyənləşdirilməsi də diqqətəlayiqdir:
"Ermənistan artıq regional qarşıdurmaların iştirakçısı və geosiyasi güclərin forpostu deyil, müstəqil qərarlar qəbul edən, qonşuları ilə əməkdaşlıq quran dövlət olmalıdır. Sənəddə ordunun ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin və sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulması da bu yanaşmanın tərkib hissəsidir.
Azərbaycan uzun müddətdir Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarının yekun sülh sazişi ilə uzlaşmadığını bildirir. Çünki bu gün sülh sazişini imzalayan hakimiyyət sabah dəyişə bilər. Revanşist qüvvələrin hakimiyyətə qayıtması halında əvvəlki konstitusion müddəalar yenidən ərazi iddialarının əsaslandırılması üçün istifadə oluna bilər. Ona görə də məsələ yalnız hazırkı hökumətin niyyəti deyil, Ermənistan dövlətinin gələcək davranışına hüquqi təminat yaradılmasıdır”.
T.Rzayev vurğulayıb ki, yeni Konstitusiya layihəsinin qəbulu Azərbaycanla münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ ola bilər:
"Ermənistan anlayır ki, Azərbaycanla münasibətlər normallaşmadan və Türkiyə ilə sərhədlər açılmadan ölkənin iqtisadi və geosiyasi imkanları məhdud qalacaq. Regional layihələrdən kənarda qalmaq, təhlükəsizlik baxımından xarici güclərdən asılılıq və iqtisadi inkişaf perspektivlərinin zəifləməsi mövcud vəziyyətin davam etdirilməsini Ermənistan üçün əlverişsiz edir. Paşinyan yeni Konstitusiya ilə həm bu vəziyyətdən çıxmağa, həm də münaqişə gündəliyini zəiflətməyə çalışır”.
Politoloq Paşinyanın yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağı və ratifikasiya ediləcəyi barədə bəyanatına da münasibət bildirib:
"Paşinyan layihə referendumda qəbul olunmasa, baş nazir vəzifəsindən istefa verəcəyini, qəbul ediləcəyi təqdirdə isə növbəti parlament seçkilərində namizəd olmayacağını bildirib. Bu, onun məsələni ciddi siyasi öhdəlik səviyyəsinə qaldırdığını göstərir. Bununla belə, layihənin hələ ilkin variant olduğunu, ictimai müzakirələrdən və parlament prosedurlarından keçməli olduğunu unutmamalıyıq. Azərbaycan prosesi yalnız Paşinyanın verdiyi vədlər əsasında qiymətləndirmir. Ermənistanın sülhə hazır olması konstitusion müddəalarında, imzaladığı sənədlərdə və real siyasi davranışında təsdiqini tapmalıdır. Regionda davamlı sülhün yaranması üçün İrəvanın revanşist iddialardan hüquqi və praktiki olaraq imtinası vacibdir”, - deyə politoloq bildirib.
Fəridə Əsədzadə