Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən demokratik dəyişikliklər, Avropaya inteqrasiya və qanunun aliliyinin təmin olunması barədə vədlər verir. Lakin ölkədə son dövrlərdə baş verən siyasi proseslər bu bəyanatlarla real vəziyyət arasında ciddi ziddiyyətlərin yarandığını göstərir.
Müxalifət nümayəndələrinin həbsi, hökuməti tənqid edən media təmsilçilərinin cinayət təqibinə məruz qalması, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı suallar və dini institutlarla qarşıdurma Ermənistanın siyasi gələcəyi ətrafında narahatlıqları artırır. Bir sıra beynəlxalq təşkilatların və Qərb nəşrlərinin diqqətini çəkən bu proseslər ölkədə demokratik institutların vəziyyətinin yenidən qiymətləndirilməsini zəruri edir.
Ermənistanda siyasi mühitin əsas problemlərindən biri hakimiyyətlə müxalifət arasındakı münasibətlərin getdikcə daha da gərginləşməsidir. Son dövrlərdə hərbi cinayət və korrupsioner eks-prezidentlər Serj Sarkisyan və Robert Koçaryana qarşı açılan cinayət işləri, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın həbs olunması ölkənin qeyri-stabil siyasi gündəmində mühüm yer tutur. Həmin şəxslər Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətsə də, Paşinyan onları ədalətin bərpası üçün deyil, şəxsi hakimiyyətinə təhdid olduğu üçün məsuliyyətə cəlb edir. Bu Ermənistanı Baş nazirinin atdığı addımların motivini əks etdirir.
2026-cı ilin iyununda keçirilən parlament seçkilərindən sonra da müxalifət nümayəndələrinə qarşı hüquqi tədbirlər davam edib.
Belə bir şəraitdə əsas sual cinayət işlərinin açılmasının özü deyil, hüquq-mühafizə və məhkəmə mexanizmlərinin bütün siyasi qüvvələrə eyni prinsiplərlə tətbiq edilib-edilməməsidir.
Ermənistanda narahatlıq doğuran digər istiqamət media azadlığı ilə bağlıdır. Hakimiyyəti tənqid edən jurnalistlərin və media nümayəndələrinin cinayət təqibi, saxlanılması, redaksiyalarda axtarışların aparılması və avadanlıqların götürülməsi ölkədə söz və ifadə azadlığının vəziyyətini gündəmə gətirir.
2025-ci ilin noyabrında müxalif mövqeli "Imnemnimi" podkastının aparıcıları Vazgen Saqatelyan və Narek Samsonyan saxlanılıblar. Onların işi Ermənistan parlamentinin spikeri Alen Simonyanın şikayətindən sonra başlanıb. Daha əvvəl eyni şəxslər oxşar ittihamlarla saxlanılsalar da, 2025-ci ilin mayında bəraət almışdılar.
Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması bu iki media nümayəndəsinin məhkəməyədək həbsdə saxlanılmasını öz hesabatında qeyd edib. Platformanın məlumatında bu hal Ermənistanda jurnalistlərin və digər media təmsilçilərinin həbsdə olması ilə bağlı ilk qeydə alınmış vəziyyət kimi təqdim edilib.
Bundan əlavə, Beynəlxalq Jurnalistləri Müdafiə Fondunun araşdırmasında 2025-ci ildə Ermənistanda media əməkdaşlarına və redaksiyalara qarşı 230 hücum və təhdid faktı qeydə alındığı bildirilib. Hesabata əsasən, bu göstərici əvvəlki illə müqayisədə 30 faiz çoxdur.
Bu rəqəmlər Ermənistanın media mühitində ciddi problemlərin mövcudluğuna işarə edir. Avropaya inteqrasiyanı siyasi prioritet elan edən ölkədə jurnalistlərin təhlükəsizliyi və tənqidi fikrin sərbəst ifadəsi dövlət siyasətinin əsas meyarlarından biri olmalıdır.
İnsaq hüquqları ilə bağlı təşkilatların 2026-cı il üzrə hesabatında Ermənistanın insan hüquqları sahəsində vəziyyətinin qeyri-bərabər olduğu vurğulanır. Dövlət nəzarətinin artması, media azadlığına məhdudiyyətlər, polis zorakılığı ilə bağlı araşdırmaların səmərəsizliyi, məhkəmə müstəqilliyinin yetərli olmaması və cinayət işlərində həddindən artıq məhkəməyədək həbs tədbirlərinin tətbiqi ilə bağlı narahatlıqları qeyd edilir.
Bu məqamlar Paşinyan hökumətinin demokratik idarəçilik barədə bəyanatları ilə ölkədə müşahidə olunan problemlər arasındakı ziddiyyəti daha da nəzərəçarpan edir.
Demokratik sistem yalnız seçkilərin keçirilməsi ilə ölçülmür. Müxalifətin sərbəst fəaliyyəti, müstəqil məhkəmə, tənqidçi medianın qorunması və dövlət orqanlarının siyasi təsirlərdən kənar fəaliyyət göstərməsi də mühüm şərtlərdir.
Ermənistanın hüquq-mühafizə və maliyyə nəzarəti sistemindəki problemlər də diqqət tələb edir.
Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə MONEYVAL qurumunun 2026-cı il hesabatında Ermənistanda bu sahədə bir sıra çatışmazlıqlar müəyyən edilib. Hesabatda cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittihamların məhdud tətbiqi, məhkumluq hallarının azlığı və cinayət gəlirlərinin müsadirəsi mexanizmlərinin təkmilləşdirilməsi zərurəti vurğulanır.
MONEYVAL korrupsiya, vergidən yayınma, dələduzluq, mənimsəmə, narkotik dövriyyəsi və kibercinayətkarlığı ölkədə çirkli pulların yuyulması ilə əlaqəli əsas risk mənbələri kimi göstərir.
Bu qiymətləndirmələr Ermənistanın çirkli pulların yuyulması üçün beynəlxalq mərkəz olduğunu təsdiqləyir. Eyni zamanda maliyyə cinayətləri ilə mübarizədə mövcud boşluqlar ölkənin maliyyə sisteminin şəffaflığı və beynəlxalq etibarlılığı baxımından ciddi suallar yaradır.
Digər tərəfdən, Ermənistan Baş Prokurorluğunun rəsmi məlumatına görə, 2025-ci ildə ölkədə 40 mindən çox cinayət qeydə alınıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin sayı isə 19,7 faiz artıb. Bu göstəricilər cinayətkarlığın bütün istiqamətlər üzrə artdığını iddia etməyə əsas verməsə də, ayrı-ayrı təhlükəli tendensiyaların mövcudluğunu göstərir.
Ermənistanın xarici siyasətində də ziddiyyətli məqamlar diqqət çəkir. Paşinyan bir tərəfdən Avropa İttifaqı və ABŞ ilə münasibətləri genişləndirməyə, digər tərəfdən isə Rusiya ilə iqtisadi və siyasi əlaqələri qorumağa çalışır.
2026-cı ildə Ermənistanın xarici siyasətində bu balans xüsusilə nəzərə çarpır. Ölkə Avropa inteqrasiyasını prioritet kimi təqdim etsə də, Rusiya ilə iqtisadi əməkdaşlığı və Avrasiya İqtisadi İttifaqındakı iştirakını davam etdirir.
Polşa Beynəlxalq Münasibətlər İnstitutunun 24 sentyabr 2026-cı il tarixli təhlilində də Paşinyan hökumətinin ABŞ və Avropa İttifaqı ilə əlaqələri gücləndirməklə yanaşı, Rusiya ilə münasibətləri müəyyən səviyyədə saxlamağa çalışdığı qeyd olunur.
Bu yanaşma Ermənistanın geosiyasi seçimlərini daha mürəkkəb edir. Paşinyan Qərbin siyasi dəstəyini və iqtisadi imkanlarını genişləndirməyə çalışarkən, Moskva ilə əlaqələrin tamamilə qırılmasının ölkə üçün yarada biləcəyi riskləri də nəzərə alır.
Nəticədə İrəvanın xarici siyasəti bəzən iki geosiyasi mərkəz arasında manevr siyasəti təsiri bağışlayır. Bu siyasətin nə qədər davamlı olacağı isə Ermənistanın real strateji seçimlərindən asılıdır.
Paşinyan hökumətinin Erməni Apostol Kilsəsi ilə münasibətləri də ölkədəki siyasi gərginliyin bir hissəsinə çevrilib. Kilsə rəhbərliyinə və yüksəkvəzifəli din xadimlərinə qarşı hüquqi tədbirlər, II Qaregin ətrafında yaranmış qarşıdurma dövlət və dini institutlar arasındakı münasibətləri gərginləşdirib.
Britaniyanın "The Critic" nəşrində dərc olunan və Ermənistanın siyasi vəziyyətinə həsr edilmiş tənqidi təhlildə hökumətin kilsəyə münasibəti, müxalifətə qarşı təzyiqlər və Qərbin bu proseslərə reaksiyası müzakirə olunur.
Kilsə ilə qarşıdurma məsələsi ölkədəki daha geniş siyasi problemin yalnız bir hissəsidir. Əsas məsələ hakimiyyətin özündən fərqli mövqedə olan siyasi və ictimai institutlarlara qarşı dözümsüzlüyüdür.
Ermənistanın Qərbə inteqrasiya kursu demokratik institutların möhkəmləndirilməsi, hüququn aliliyi və insan hüquqlarının qorunması ilə müşayiət olunmur. Bu isə Avropaya inteqrasiya barədə bəyanatların yalnız siyasi ritorika səviyyəsində qala biləcəyinə işarədir.
Müxalifətçilərin həbsi, jurnalistlərin cinayət təqibi, məhkəmə müstəqilliyi ilə bağlı narahatlıqlar və maliyyə cinayətləri ilə mübarizədə aşkar edilmiş çatışmazlıqlar Paşinyan hakimiyyətinin avtoritar mahiyyətini göstərir.
Ermənistanda demokratik institutların gələcəyi hakimiyyətin siyasi rəqiblərinə, tənqidçi mediaya və müstəqil ictimai institutlara münasibətinə baxdıqda ümidverici görünmür. Ölkənin qarşısında duran əsas sınaq Qərbə yaxınlaşmaq barədə bəyanatlar verməklə demokratik standartları real həyatda təmin etmək arasında seçimdən asılı olacaq. Hələlik Paşinyan demokratiyanı diktatura ilə əvəzləyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)