Paşinyan Ərdoğan və Əliyevlə görüşdən danışdı: Son addıma çox yaxınıq”

14.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və Azərbaycanla davamlı sülhün əldə olunmasına yaxınlaşıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda keçirilən müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistanın hər iki ölkə ilə münasibətlərini nizama salması üçün tarixi fürsət yaranıb və İrəvan bu imkanı əldən verməməlidir.

“İki gün əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla çox müsbət görüşüm oldu. Biz əldə etdiyimiz irəliləyişi qeyd etdik və son addıma – diplomatik münasibətlərin qurulmasına və sərhədlərin tam açılmasına çox yaxın olduğumuzu bildirdik”, – deyə Paşinyan jurnalistlərlə söhbətində vurğulayıb.

Azərbaycanla münasibətlərdən danışan baş nazir Prezident İlham Əliyevlə görüşündən sonra uzunmüddətli sülhə nail olmaq üçün real imkanın mövcud olduğu qənaətinə gəldiyini bildirib.

“Hazırda yekun, davamlı, uzunmüddətli və etibarlı sülhün bərqərar olması üçün çox real və tarixi imkanımız var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı. Bu tarixi şansdan yararlanmaq mənim şəxsi missiyam və hökumətimizin missiyasıdır”, – deyə o qeyd edib.

Paşinyan etiraf edib ki, tarix boyu formalaşmış münasibətləri dəyişmək asan deyil. Onun sözlərinə görə, bu prosesdə Ermənistan beynəlxalq, daxili siyasi və psixoloji çətinliklərlə, eləcə də tarixi keçmişlə bağlı suallarla üzləşəcək.

“Bütün tarixi dəyişmək çox çətindir. Bu prosesdə beynəlxalq problemlər, daxili çətinliklər, psixoloji maneələrlə qarşılaşacağıq. Tariximizlə bağlı suallar və bir çox başqa məsələlər ortaya çıxacaq. Lakin indi tam əminliklə deyə bilərəm ki, davamlı, uzunmüddətli və etibarlı sülh artıq bizim üçün əlçatandır. Sadəcə bu fürsətdən istifadə etmək lazımdır”, – deyə baş nazir bildirib.

Paşinyan Türkiyə ilə münasibətlərdə artıq praktik dəyişikliklərin baş verdiyinə də diqqət çəkib.

Onun sözlərinə görə, iki ölkə arasında birbaşa quru sərhədi vasitəsilə tammiqyaslı ticarət hələ mümkün olmasa da, mal dövriyyəsi üçün yeni imkanlar yaranıb.

“Əvvəllər Türkiyə ilə ikitərəfli ticarət aparmaq imkanımız belə yox idi. İndi isə belə imkanlar var və biz ticarət edirik. Türkiyə Ermənistanın ixracı və Ermənistana idxal üçün yollarını açıb. Baxmayaraq ki, bu, birbaşa quru sərhədimiz vasitəsilə həyata keçirilmir. Bu, real dəyişiklikdir”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, İrəvanın siyasəti bir tərəfdaşdan imtina edərək digərinə yaxınlaşmaq deyil, xarici əlaqələrdə balanslı münasibətlər qurmaqdır.

Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması Ermənistanın gələcəyi, o cümlədən Avropa İttifaqı ilə əlaqələrinin inkişafı baxımından prinsipial əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью