Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın gələcəyi qonşularla qarşıdurmada deyil, normal münasibətlərdədir
Ermənistan Baş naziri Nikol Paşingan "Qarabağ hərəkatı” mövzusu əbədi bağlanmalıdır deyib.
O, bildirib ki, bu mövzu əbədi olaraq bağlanmalıdır, çünki Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar, bu mövzu onun üçün artıq bağlanıb.
“Birbaşa vətəndaşlara dedim ki, "Qarabağ hərəkatı" mövzusu bağlanmalıdır. Mən Ermənistanın Baş naziri olaraq bu xətti izləyəcəyəm. Əgər vətəndaşlar bu siyasətlə razı deyilsə, onları inqilab etməyə dəvət edirəm. Heç bir Baş nazir vətəndaşları inqilaba çağırmamışdı, inqilab baş vermədi və biz bu siyasəti davam etdirəcəyik”, - Paşinyan qeyd edib.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “Sherg.az”a Paşinyanın Ermənistan tarixində yeni bir səhifə açmağa çalışdığını deyib:
“Bu, 1991-ci ildə elan olunmuş müstəqil Ermənistan dövlətinin tarixində yeni bir mərhələ olmaqdan daha çox, Paşinyanın bütün erməni tarixində açmaq istədiyi yeni bir səhifədir. Onun bu istiqamətdə nə dərəcədə uğurlu olub-olmayacağını isə zaman göstərəcək.
Mümkündür ki, Paşinyan bu yanaşma ilə əgər, səmimidirsə, erməniliyin təxminən 250 illik ideoloji tarixində ciddi bir dönüş yaratmaq niyyətindədir. O, həm dünya ictimaiyyətinə, həm də ermənilik ideologiyasının daşıyıcılarına anlatmaq istəyir ki, müstəqil və dayanıqlı Ermənistan dövləti qurmaq qonşulara qarşı ərazi iddiaları ilə deyil, qonşularla normal münasibətlər qurmaqla mümkündür. Paşinyan bu mesajı həm Ermənistan cəmiyyətinə, həm də dünya erməni diasporuna ünvanlayır.
Paşinyan uzun müddətdir bu tip mesajlar versə də, onun açıqlamalarında bir əsas və danılmaz həqiqət var: mövcud regional şəraitdə Ermənistanın inkişaf yolu Azərbaycanla sülhdən keçir. O, bu reallığı Ermənistan cəmiyyətinə bir vəzifə şərti kimi təlqin edir və açıq şəkildə göstərməyə çalışır ki, Ermənistanın indiki dalan vəziyyətdən çıxmasının alternativ yolu yoxdur.
Bununla yanaşı, Paşinyanın bu mövqedə nə dərəcədə səmimi olduğu hələ də tam aydın deyil. Açıq sual budur: o, bu fikirləri Ermənistanı qarşıdakı 10–15 il ərzində gücləndirmək, gələcəkdə mümkün revanş planları üçün vaxt qazanmaq məqsəd ilə səsləndirir, yoxsa doğrudan da hesab edir ki, Ermənistanın gələcəyi qonşularla qarşıdurmada deyil, normal münasibətlərdədir. Bu sualın cavabını da zaman verəcək”.