Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Ermənistanın xarici siyasət kursu və təhlükəsizlik təminatları məsələsi İrəvan-Moskva münasibətlərində yeni müzakirələrə yol açıb. Rusiyadakı erməni diasporunun nümayəndələri Ermənistan hakimiyyətinin Rusiyanın hərbi və sərhəd mövcudluğunun azaldılmasına yönələn siyasətinə etiraz edir, Kremlin açıqlamalarında isə İrəvanın xarici siyasət seçimləri ilə bağlı ziddiyyətlər ön plana çıxır.
Bu proses Ermənistanın gələcək təhlükəsizlik strategiyası, regionda güc balansı və Azərbaycanla sülh gündəliyi baxımından da diqqət çəkir.
Maraqlıdır, Rusiyadakı erməni diasporunun Paşinyana qarşı istefa tələbi və Kremlin Ermənistanın xarici siyasət kursu ilə bağlı açıq mesajları Moskvanın İrəvan üzərində siyasi təsir imkanlarını qorumaq cəhdi kimi qiymətləndirilə bilərmi?
Ermənistanın Rusiyadan təhlükəsizlik baxımından uzaqlaşaraq alternativ tərəfdaşlara yönəlməsi regionda, xüsusilə Azərbaycanla münasibətlər və sülh prosesinin gələcək dinamikasına necə təsir edə bilər?
Mövzu ilə bağlı Moderator.az-a
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev açıqlama verib.
Millət vəkili qeyd edib ki, Paşinyanın Qərbyönümlü siyasəti Ermənistanın gələcəyi baxımından müsbət perspektivlər vəd etmir: "Paşinyan Ermənistan üçün alternativ inkişaf modelinin formalaşdırılmasına çalışır və bu istiqamətdə mövcud geosiyasi reallıqları qabaqlamağa cəhd göstərir. Lakin Rusiyanın regiondakı geosiyasi təsir imkanları kifayət qədər genişdir.
Bu səbəbdən mövcud proseslərin gələcək mərhələlərdə müəyyən istiqamət alacağı və zamanla həllini tapacağı gözlənilir. Paşinyan hazırkı mərhələdə Rusiya ilə açıq qarşıdurmadan yayınmağa çalışır.
Azərbaycanla münasibətlər və sülh sazişinin imzalanması məsələsində də Ermənistan hakimiyyətinin qətiyyətli və fəal mövqeyi müşahidə olunmur. İrəvan bu prosesdə tələskənlik nümayiş etdirmir.
Paşinyan Rusiyanın hələlik sülh sazişinin imzalanmasında maraqlı olmadığı qənaətindədir və bu amil prosesin uzanmasına təsir göstərir. Ermənistanın yürüdəcəyi siyasətin hansı həddə qədər davam edəcəyi və nəticələrinin nə olacağı isə zamanla aydınlaşacaq.
Rusiya Ermənistan üzərindəki geosiyasi təsir və nəzarət imkanlarını itirmək niyyətində deyil. Ermənistanın dəmir yolu infrastrukturu Rusiyanın nəzarətindədir, ölkənin enerji sektoru isə Rusiyadan ciddi asılılıq təşkil edir.
Bununla yanaşı, Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyət göstərir. Bu amillər Moskvanın Ermənistan üzərində hərbi-strateji və iqtisadi təsir imkanlarının qorunmasında mühüm rol oynayır.
Rusiyanın Ermənistanın öz təsir dairəsindən asanlıqla çıxmasına imkan verəcəyi ehtimalı real görünmür. Bu baxımdan, Paşinyan Ermənistanın qarşısında duran geosiyasi reallıqları və Rusiyanın regiondakı mövqeyini nəzərə almaq məcburiyyətindədir.
Regionda sülh və təhlükəsizliyin təmin olunması Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın qarşılıqlı əməkdaşlığını və birgə səylərini tələb edir. ABŞ-ın Rusiya ilə aparacağı danışıqların nəticələri də Cənubi Qafqazda sabitliyin qorunması və sülhün təmin olunması baxımından əhəmiyyətli rol oynaya bilər.
Bu proseslərin müsbət nəticələnməsi Ermənistanla sülh sazişinin imzalanmasına, eyni zamanda, TRIPP layihəsinin reallaşdırılmasına əlverişli zəmin yarada bilər".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor