Paşinyan hazırda eyni vaxtda iki cəbhədə mübarizə aparmalıdır Deputat

26.08.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda siyasi gündəm yenidən gərginləşib. Ölkənin sabiq prezidentlərindən Robert Koçaryanın və oğlu Sedrak Koçaryanın saxlanılması, sabiq prezident Serj Sarkisyanın isə Korrupsiya ilə Mübarizə Komitəsinə çağırılması ölkədə ciddi müzakirələrə səbəb olub. Hadisələr Koçaryanla bağlı korrupsiya işi çərçivəsində baş verir.
Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında Ermənistanda siyasi böhranın son mərhələsinə transformasiya etdiyini bildirib.

“Ya Paşinyan onun əsas rəqibləri və düşmənləri olan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanı və Serj Sarkisyanı Xocalı qatillərini, hərbi caniləri həbs etdirməli və onları siyasi səhnədən çıxarmalıdır. Ya da onlar birləşərək bu son mərhələdə Paşinyana sarsıdıcı zərbələr endirməlidirlər.
Qeyd edim ki, Paşinyanın təkcə düşmənləri bu şəxslər deyil, eyni zamanda Ermənistanın katolikosudur. Beləliklə, Paşinyan hazırda eyni vaxtda iki cəbhədə mübarizə aparmalıdır. O, bir tərəfdən siyasi cəbhədə, digər tərəfdən isə ruhani və dini cəbhədə mübarizə aparır.
Amma Paşinyanın əlində ciddi dövlət resursları var. Hakimiyyət, polis və ordu onun nəzarətindədir. Paşinyan mübarizənin nə qədər ciddi və təhlükəli mərhələyə daxil olduğunun fərqindədir. Ona görə də artıq açıq şəkildə öz mübarizəsinə başlayıb. Ermənistanın ikinci prezidenti Robert Köçəryan saxlanılıb, eyni zamanda onun oğlu da saxlanılıb. Səhhəti pisləşən Robert Köçəryan hətta xəstəxanaya müraciət etməli olub. Eyni zamanda, Serj Sarkisyana qarşı da cinayət işi açılıb. Adını çəkdiyim şəxslər korrupsiya əməllərində, çirkli pulların yuyulmasında, qanunsuz maliyyə maxinasiyalarında və öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar”.
Deputat əlavə edib ki, bu mərhələdə Paşinyandan onların mərhəmət gözləməsinin heç bir mənası yoxdur:
“Çünki burada hansı tərəf güzəştə getsə, bu, zəiflik kimi qəbul ediləcək və onun perspektivdə məğlubiyyəti labüd olacaq. Məğlubiyyət isə indiki reallıqda ölümə bərabərdir. Ona görə də hesab edirəm ki, Paşinyan sona qədər gedəcək. Yəqin ki, yaxın zamanlarda adıçəkilən şəxslərin həbsi ilə bağlı çox hay-küylü qərarların qəbuluna şahidlik edəcəyik. Onu da qeyd edim ki, haqqında bəhs edilən bu şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu da hələ 2020-ci ildə cinayət işi açıb”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью