Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ermənistan hakimiyyəti katalikos II Qaregenə qarşı fəaliyyətini davam etdirir və demək olar ki, Nikol Paşinyanın gündəlik iş həyatında hər zaman kilsə ilə mübarizə əsas yer tutur. Çünki kilsənin gücü, rolu, təsiri Ermənistanda çox güclüdür. Bu baxımdan hər bazar günü artıq uzun aylardır Baş nazir Paşinyan müxtəlif dini mərasimlərdə, ayinlərdə iştirak edir və şübhəsiz ki, ətrafına da tərəfdarlarını toplayır. Elə ötən gün Paşinyanın ayinə qatılması da başqa bir hadisə ilə yadda qaldı”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, bütün fəaliyyət birbaşa kilsə rəhbərliyində duran II Qaregenin kənarlaşdırılması, təsirinin azaldılması, eləcə də ona qarşı cinayət işinin qaldırılması ilə nəticələnə bilər: “Xüsusilə hazırkı dövrdə onun bütün çirkli əməlləri, qanunsuz fəalliyyəti, çirkli pulların yuyulması ilə bağlı əməliyyatların keçirilməsinə nəzər salmaq, araşdırmaq, onu üzə çıxarmaq, ifşa etmək və son nəticədə seçki ərəfəsində II Qaregeni həbs etmək əsas niyyətdir”.
İ.Hüseynov düşünür ki, Ermənistanın istintaq orqanları çox böyük çətinlik olmadan onun bütün əməllərini aşkar edə bilərlər və erməni mediası, Paşinyana yönəlik böyük media strukturları bu işi işıqlandıra, Paşinyana haqq qazandıra bilərlər: “Bəlkə də bütün proseslər buna doğru inkişaf edir. Amma, şübhəsiz ki, kilsə rəhbərliyinin həbsi də Paşinyan üçün başqa problemləri, xüsusilə dünya erməniliyi tərəfindən təzyiqləri formalaşdıra bilər. Ona görə də hazırda Paşinyan seçim qarşısındadır”.
Röya İsrafilova