Paşinyan həm sülh, həm də müharibə dövründə Ali Baş Komandan olacaq

23.11.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanın yeni Konstitusiya layihəsində Silahlı Qüvvələrin idarə edilməsi və tətbiqinin konstitusion qaydalarına ciddi dəyişikliklər edilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Layihəyə əsasən, Ermənistanda müharibə və ya sülh şəraitindən asılı olmayaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı Baş nazir olacaq.

Qüvvədə olan Konstitusiyanın 155-ci maddəsinə əsasən isə Baş nazir Silahlı Qüvvələrin Ali Baş Komandanı yalnız müharibə zamanı hesab olunur.

Yeni layihə ilə ordunun təxirəsalınmaz qaydada tətbiqi proseduru da dəyişdirilir. Təxirəsalınmaz zərurət yarandığı təqdirdə, Silahlı Qüvvələrin tətbiqi barədə qərarı Baş nazir müstəqil şəkildə qəbul edə biləcək. Halbuki qüvvədə olan Konstitusiyaya əsasən, belə qərar qəbul edilməzdən əvvəl müdafiə nazirinin təklifi mütləqdir.

Həmçinin Baş nazir hökumət üzvlərini dərhal məlumatlandırmalı olacaq. Hökumət isə qəbul edilmiş qərarı ləğv etmək və ya həmin qərar əsasında nəzərdə tutulan tədbirləri dayandırmaq səlahiyyətinə malik olacaq.

Yeni layihəyə əsasən, Ermənistan Silahlı Qüvvələrinin ölkə ərazisindən kənara göndərilməsi üçün parlamentin razılığı tələb olunacaq. Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna təşkil edəcək.

Xatırladaq ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini təqdim edib və bununla bağlı xalqa müraciət edib. Yeni Konstitusiya layihəsi xüsusi olaraq bu məqsədlə yaradılmış saytda dərc olunub.

Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.

Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью