Icma.az bildirir, Ayna portalına istinadən.
İanələrinin toplanmasında yalnız Ermənistan vətəndaşları iştirak edə bilər
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası seçkiqabağı ianə toplama kampaniyası başladıb. AYNA.AZ erməni mediasına istinad\ən bildirir ki, bu barədə elanı ölkənin sosial məsələlər naziri və partiya İdarə Heyətinin üzvü Arsen Torosyan edib.
O partiyanın yarandığı gündən bəri fəaliyyətinin vətəndaşların ianələri hesabına həyata keçirildiyini bildirib.
Toplanan vəsait seçki kampaniyasına və digər təşkilati məsələlərə xərclənəcək. İanələri yalnız Ermənistan vətəndaşları edə bilərlər. Əcnəbilərə və hüquqi şəxslərə ianə kampaniyasında iştiraka icazə verilmir. Hər bir şəxs 10 milyon dramdan (təxminən 25.000 dollar) çox olmayan məbləğdə ianə edə bilər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyuna təyin edilib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, ikinci Prezident Robert Köçəryanın “Ermənistan” bloku və Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku artıq iştirak edəcəklərini açıqlayıblar.
İş adamı Qaqik Tsarukyan formatı hələ müəyyən edilməmiş "Ermənistan üçün təklif" təşəbbüsünün bir hissəsi olaraq seçkilərdə iştirak etmək niyyətindədir. Arman Tatoyanın "Birlik Qanadları" hərəkatı və ilk Prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi də iştirak edəcəklərini açıqlayıblar.