Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinin (AB) genişlənməsi zirvəsində ölkəsinin quruma üzvlük üçün rəsmi müraciət edəcəyi vaxtla bağlı sualları cavablandırıb.
“AzPolitika” xəbər verir ki, “Euronews”in təşkil etdiyi tədbirdə çıxış edən hökumət başçısı konkret bir tarix açıqlamasa da, bu prosesin uzaq gələcəyin məsələsi olmadığını vurğulayıb.
Paşinyanın sözlərinə görə, İrəvan hazırda viza liberallaşdırılması dialoquna köklənib və əsas məqsəd 2029-cu ildə erməni vətəndaşları üçün AB-yə vizasız gediş-gəlişi təmin etməkdir.
“Bunun nə dərəcədə real olduğunu bilmirəm, lakin gələn il real ola bilər, 2028-ci il real ola bilər. Lakin bilirsiniz ki, indi biz viza liberallaşdırılması dialoquna diqqət yetirmişik. Məqsədimiz 2029-cu ildə vizasız rejimi təmin etməkdir. Bu, AB ilə münasibətlərimizin inkişafında çox mühüm mərhələ olacaq. İndi deyə bilərik ki, biz Avropa Birliyinə tam üzvlük üçün müraciət etmək qərarına gətirib çıxaracaq prosesə başlamışıq”, – deyə Baş nazir qeyd edib.
Zirvə çərçivəsində Avropa Parlamentinin rəhbəri və Avropa Komissiyasının Genişlənmə üzrə nümayəndələri ilə görüşən Paşinyan, Avropa tərəfdaşları ilə daxili müzakirələrin aparıldığını və İrəvanın AB-nin genişlənməsində güclü siyasi iradə gördüyünü bildirib.
Ermənistanın Avropaya inteqrasiya istəkləri Moskva ilə münasibətlərdə gərginlik yaratmaqda davam edir. Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan Rusiyanın rəsmiləri İrəvandan tezliklə referendum keçirərək AİB ilə AB arasında seçim etməyi tələb edirlər.
Bununla bağlı Dmitri Medvedev kimi rusiyalı siyasətçilərin Ermənistanın "yeni Ukrayna ola biləcəyi" barədə hədələyici bəyanatlarına münasibət bildirən Paşinyan bunları söyləyib: "Ermənistan başqa bir şey olmayacaq. Ermənistan Ermənistandır. Məqsədimiz müstəqilliyimizi artırmaqdır. Heç kim Ermənistanı daha müstəqil, daha suveren olmaq istədiyinə görə suçlaya bilməz".
Baş nazirin sözlərinə görə, vətəndaşlara referendumda seçim hüququ verməzdən əvvəl real alternativ yaratmaq lazımdır: "Xalqımıza seçim etmək fürsəti təqdim edirik, xalqımızın demokratik bir seçim etmək imkanına sahib olmasını istəyirik".
Xatırladaq ki, bu tədbirdən əvvəl Avropa Parlamenti Ermənistan üçün güzəştli ticarət rejimini təsdiqləmişdi.
“AzPolitika.info”