Paşinyan Koçaryanın keçmiş biznes ortağı ilə görüşdü

22.01.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı iş adamı və investor Vladimir Yevtuşenkov ilə görüş keçirib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistanın iqtisadi inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi və investisiya imkanları barədə fikir mübadiləsi aparıblar.
Məlumat üçün bildirək ki, Vladimir Yevtuşenkovun Nikol Paşinyanın əsas rəqiblərindən biri olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan ilə uzun illər işgüzar münasibətləri olub. Robert Koçaryan Yevtuşenkova məxsus Rusiyanın ən böyük investisiya şirkətlərindən biri olan “AFK Sistema”nın direktorlar şurasının üzvü olub. 2020-ci ildə Robert Koçaryan həbs olunduğu zaman Vladimir Yevtuşenkov onun həbsdən azad olunması üçün maliyyə dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Vladimir Yevtuşenkov “AFK Sistema” şirkətinin əsas səhmdarı və direktorlar şurasının sədri olub. Böyük Britaniyanın sanksiyalarının tətbiqindən sonra Yevtuşenkov səhmlərin 10%-ni oğluna ötürüb. Nəticədə Feliks Yevtuşenkovun payı 15,2%, Vladimir Yevtuşenkovun payı isə 49,2% olub.
“AFK Sistema” Rusiyada çoxyönlü telekommunikasiya, texnologiya, səhiyyə, istehlak malları və digər sahələrdə çoxsaylı aktivlərə malikdir. 2023-cü ilin məlumatlarına görə “AFK Sistema”nın aktivləri 2,4 trilyon rubla bərabər olub. “AFK Sistema”nın bağlı şirkətlərində ümumilikdə 140 min insanın çalışdığı bildirilir.
2022-ci ildə Böyük Britaniya, Avropa İttifaqı və başqa ölkələr Rusiyanın Ukraynaya qarşı hərbi aqressiyası səbəbindən Vladimir Yevtuşenkov və onun biznesinə qarşı sanksiyalar tətbiq ediblər. Bu sanksiyalar aktivlərin dondurulması, bəzi hallarda əmlakların bloklanması və digər məhdudiyyətləri əhatə edir.
Ukrayna 2022-ci ildə onun aktivlərini ölkədə müsadirə edib.


Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью