Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezidentlər - Robert Köçəryan və Serj Sarqsyanı "Böyük Ermənistan" haqqında çıxışlarla pərdələnərək ölkəni talamaqda ittiham edib.
"Report" xəbər verir ki, bu barədə Paşinyan xalqa müraciətində bildirib.
N.Paşinyan müraciətində Dördüncü respublikanın Üçüncü respublikadan əsas fərqini münaqişənin olmaması adlandırıb: "Üçüncü Ermənistan Respublikası münaqişə naminə, qarşıdurma naminə yaradılmışdı. Vətəndaşların təhlükəsizliyinin, azadlığının və rifahının təmin edilməsi, onların kimliyinin qorunması və inkişafı, insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi onun yaradılmasının məqsədi deyildi".
Öz sözlərini təsdiqləmək üçün N.Paşinyan Ermənistanın 1990-cı illərdəki rəhbərlərinin bəyanatlarına və məqalələrinə, həmçinin Müstəqillik Bəyannaməsinin mətninə istinad edib. Onun sözlərinə görə, münaqişə məntiqi insanı və onun xəyallarını arxa plana keçirdi, ölkəni qarşıdurmaya sürüklədi və Ermənistanı taqətdən salan mühacirətə səbəb oldu.
"Məhz bu münaqişə məntiqi ölkəmizdə general manvelləri, dodi qaqoları, kaluqalı samoları, robert köçəryanları, serj sarkisyanları yaratdı. Onların hamısının bir işi və bir missiyası var idi - "Böyük Ermənistan" haqqında pafoslu çıxışlar pərdəsi altında talamaq, talamaq, talamaq", - o deyib.
N.Paşinyan həmçinin bildirib ki, Ermənistan 1991-ci il sentyabrın 21-də müstəqilliyini elan edib, lakin sentyabrın 22-dən etibarən müstəqillikdən imtina etməyə başlayıb.
Baş nazir sülhün təmin edilməsinin Ermənistanın xarici siyasətinin məqsədi kimi təsbit olunduğu Konstitusiya layihəsinin 8-ci maddəsinə diqqət çəkib: "Bu müddəa tarixi əhəmiyyət daşıyır. Bəli, bu, 23 avqust 1990-cı il tarixli Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtinadır".
Onun sözlərinə görə, Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək astanasına gətirmişdi. Bununla yanaşı, o vurğulayıb ki, hazırda "üçbaşlı müharibə partiyası" Cənubi Qafqazda sülh prosesinə mane olmağa çalışır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin