Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın məsuliyyətə cəlb olunmısını şərh edərkən deyib.
Onun fikrincə, Köçəryanın həbsinin iki səbəbi var: “Birinci səbəb parlament seçkisi öncəsi çıxarılan dərsdən doğur. Bu seçkidə Paşinyan aydın gördü ki, guya ayrı-ayrılıqda mübarizə apardıqları görüntüsü yaratsalar da, tam Rusiyanın cızdığı ssenari üzrə hərəkət edən Köçəryan-Karapetyan-Tsarukyan üçlüyü onun üçün böyük təhlükə mənbəyidir”.
Deputat əlavə edib ki, əgər Azərbaycanın yaratdığı reallıq və Qərbin açıq dəstəyi olmasa idi, Paşinyan iyunda keçirilən seçkidə ən azından indiki nəticəni əldə edə bilməyəcəkdi. “Amma qarşıda referendum var. Bu referendumda qərbdəkilərin hamısı çətin yenə eyni mövqedən çıxış etsinlər. Çünki məsələn, Fransa və daha bir neçə dövlət Ermənistanda nə referendum keçirilməsində, nə də sülhdə maraqlıdırlar. Referendum isə mütləq keçirilməlidir. Keçirilməsə, Ermənistan baş nazirinin hakimiyyətdə qalmasına Qərbdən, məncə, daha təsirli dəstək verənlər fərqli siyasət yürüdəcəklər. Bunun nə demək olduğunu və nəyə aparıb çıxaracağını Ermənistan baş naziri gözəl anlayır. Yəni elə bir reallıq yaradılıb ki, Paşinyan üçün hakimiyyət ilk növbədə Azərbaycanla sülh deməkdir. Sülh olmayacaqsa, hakimiyyət də, mümkündür ki, bəlli səbəbdən özü də olmayacaq. Ona görə də o, sözügedən üçlüyü neyrallaşdırmağa çalışır. Həmin üçlük də boğazacan çirkab içində olduğundan və qərb də hələ ki, Ermənistandakı həbslərə "demokratik proses" kimi yanaşıldığından, Paşinyan elə də böyük çətinliklərlə üzləşmir”, - o vurğulayıb.
S.Alıyev söyləyib ki, bu həbslərə görə Paşinyana ən böyük zərbə Rusiyadan gələ bilərdi. “Onsuz da son bir neçə ayda Moskva Ermənistanı heç vaxt olmadığı qədər sıxışdırır. Ona görə də həmin Moskvanın diqtəsi ilə bir vaxt həbsdən buraxılan Köçəryanın cinayət dosyesini yenidən aktivləşdirməkdə elə də çox tərəddüd edilmədi. Eyni gündə daha bir hərbi cinayətkar Serj Sərkisyan da Ermənistanın İstintaq Komitəsinə dəvət edildi ki, açığı, onun həbs olunacağına çox da inanmıram. Çox ehtimal ki, bu, guya bütün korrupsionerlərə eyni cür yanaşıldığı görüntüsü yaratmaq üçündür”, - o qeyd edib.
Deputat xatırladıb ki, 2018-ci ildən üzü bəri Serj Sərksiyana qarşı bir neçə cinayət işi açılsa da, qardaşı, qardaşı uşaqları, kürəkəni və mühafizə rəisi ağır ittihamlarla üzləşsələr də, haqqında indiyə qədər həbs qətimkan tədbiri seçilməyib: “Bunun səbəbi isə yəqin ki, Sərkisyanın prezidentliyinin son illərində atılan addımlarda, Avropa İttifaqı ilə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) imzalanmasında, öz yerinə Rusiyanın adamı Karen Karapetyanın gətirilməsinə dirəniş göstərməsində və Qərbin Ermənistanda mövqeyinin güclənməsinə bilərəkdən mane olmamasında axtarılmalıdır. Moskvanın onun devrilməsinə gözlənilən reaksiyanı verməməsi də Kremldə Sərkisyanın Köçəryandan fərqli olaraq ikili oyun apardığını dəqiq bildiklərini göstərirdi. Düşünürəm ki, bax, bu ikili oyun Ermənistanda gedən "demokratik proses"də onun üçün zirehə çevrilib”.
Köçəryan və Sərkisyanın həbs olunaraq Azərbaycan təhvil verilməsinə gəldikdə deputat bildirib ki, sabah Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalansa və qarşılıqlı hüquqi yardım haqda razılaşma olsa belə, sözügedən hərbi cinayətkarlar bizə təhvil verilməyəcək: “Rəsmi İrəvanın hazırda Bakıda həbsxanada olan digər hay hərbi cinayətkarları ilə bağlı hansı mövqedən çıxış etdiyini bəyəm görmürsünüz? Və necə düşünürsünüz, otuz il ərzində etdikləri vəhşiliklərə, mərdiməzarlığa görə Azərbaycan xalqından heç bir üzr istəməyənlər, bunu ağlının ucundan belə keçirməyənlər, Paşinyanın hələ də işğal altında olan bir neçə kəndimizlə bağlı mövqeyini "xəyanət" kimi qiymətləndirənlər doğrudanmı bizimlə əbədi sülhə hazırdırlar? Qonşu ölkədə çoxluq Azərbaycanın gücünü gördüyündən hazırda müharibə istəmir. Amma bu gün istəmir, yerlərinə yenə kimlərsə gəlib savaşacaqsa, mən heç əmin deyiləm ki, sabah da istəməyəcək.
Gəlin unutmayaq, müharibədən qorxmaq hələ sülhə hazır olmaq demək deyil. Qarşımızda hələ qonşularımızı əbədi sülhə hazırlamaq, onlara əli elə hayların da qanına batan hərbi cinayətkarları Azərbaycana təhvil verməyin qaçılmazlığını anlatmaq kimi uzun vaxt tələb edən bir proses var”.
Mürtəza