Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Referendum “Mülki müqavilə”nin sonu ola bilər
Ermənistanda yeni Konstitusiyanın qəbulu ətrafında müzakirələr getdikcə siyasi qarşıdurmaya çevrilir. Baş nazir Nikol Paşinyan lazım gələrsə, növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyini deyir. Xarici işlər naziri Ararat Mirzoyan isə müxalifətə Konstitusiya layihəsini referenduma çıxarmağı təklif edir. O, xalq layihəyə qarşı çıxarsa, hakimiyyətin istefaya gedə biləcəyini də istisna etməyib. Bu açıqlamalar göstərir ki, Konstitusiya məsələsi Ermənistan üçün, sadəcə, qanun dəyişikliyi deyil. Söhbət həm də Paşinyan hakimiyyətinin gələcəyindən, müxalifətin hakimiyyətə gəlmək imkanlarından və Azərbaycanla sülh sazişinin taleyindən gedir.
Paşinyan yeni Konstitusiyanın layihəsinin yaxın vaxtlarda açıqlanacağını və onunla bağlı müzakirələrin başlayacağını bildirmişdi. Baş nazir müxalifəti layihəni dəstəkləməyə inandırmağa çalışacaqlarını deyib. Bu cəhd nəticə verməsə, başqa yollara əl atılacağını, hətta növbədənkənar seçkilərin keçirilə biləcəyini vurğulayıb. Hakimiyyətin bu addımı atmaq istəməsinin səbəbi aydındır. Konstitusiya dəyişikliyi üçün parlamentdə deputatların üçdə ikisinin dəstəyi lazımdır. Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının bu qədər səsi yoxdur. Partiya 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində səslərin 49,81 faizini toplasa da, bu nəticə Konstitusiyaya dəyişiklik etmək üçün yetərli deyil. Belə vəziyyətdə hakimiyyət ya müxalifətin dəstəyini qazanmalı, ya da başqa çıxış yolu tapmalıdır. Paşinyanın növbədənkənar seçkilərdən danışması da bununla bağlıdır.
Ararat Mirzoyan isə müxalifətə başqa təkliflə çıxış edib. O, parlamentdə bildirib ki, müxalifət hakimiyyəti dəyişmək istəyirsə, bunun ən yaxşı yolu Konstitusiya referendumudur. Nazir təklif edib ki, yeni layihə ictimaiyyətə təqdim olunsun və xalq onun taleyini müəyyən etsin. Referendumda xalq Konstitusiya layihəsini rədd edərsə, hakimiyyət istefa verməyə hazır olacaq. Əslində, bu açıqlama müxalifətə ünvanlanmış siyasi çağırışdır. Hakimiyyət bir növ rəqiblərinə deyir ki, əgər cəmiyyətin dəstəyinin onlarda olduğuna inanırlarsa, bunu referendumda sübut etsinlər. Ancaq referendumun nəticəsi təkcə Konstitusiyanın taleyini yox, eləcə də Paşinyan hakimiyyətinə ictimai münasibətin göstəricisinə çevrilə bilər. Layihə rədd edilərsə, müxalifət bunu hökumətin siyasətinə etimadsızlıq, qəbul olunarsa, hakimiyyət bunu öz kursuna verilən dəstək kimi qiymətləndirəcək. Amma Konstitusiyaya münasibətlə hökumətə münasibət həmişə eyni olmur. İnsanlar layihənin əleyhinə səs versələr də, bu, mütləq Paşinyanın bütün siyasətini rədd etdikləri demək deyil. Məsələnin digər tərəfi Azərbaycanla münasibətlərdir. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanması üçün bu ölkənin Konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Çünki Ermənistanın Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var və həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəalar mövcuddur.
Beləliklə, Ermənistan hakimiyyəti çətin seçim qarşısındadır. Bir tərəfdən, Azərbaycanla sülh sazişinin imzalanması və regionda münasibətlərin normallaşması məsələsi var. Digər tərəfdən isə Konstitusiyaya dəyişiklik cəmiyyət daxilində və siyasi dairələrdə ciddi müzakirələrə səbəb olacaq. Paşinyan hakimiyyəti həm bu prosesi irəli aparmalı, həm də daxildə siyasi dəstəyi qoruyub saxlamalıdır.
Paşinyan özü də Konstitusiya məsələsini siyasi aqibəti ilə əlaqələndirib. O bildirib ki, əgər Ermənistan xalqı hökumətin elan etdiyi sülh dövrünün və yeni Konstitusiya planının həyata keçirilməsini mümkünsüz hesab edərsə, onun siyasi missiyasının başa çatdığı nəticəsinə gəlmək olar. Bu sözlər göstərir ki, baş nazir qarşıdakı prosesi öz hakimiyyəti üçün ciddi sınaq hesab edir. Yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh gündəliyinin irəliləməsi onun siyasi planlarının əsas hissələridir. Bu istiqamətdə uğursuzluq isə hakimiyyətin mövqeyini zəiflədəcək.
Qarşıda bir neçə mümkün yol var. Hakimiyyət müxalifətlə razılığa gəlib Konstitusiya layihəsini referenduma çıxara və ya növbədənkənar seçkilərə gedə bilər. Heç bir variantın nəticəsi əvvəlcədən məlum deyil. Müxalifət referendumda üstünlük qazanmağa çalışa bilər, hakimiyyət isə layihəyə ictimai dəstək toplamaq üçün kampaniya aparar. Tərəflər arasında razılıq əldə olunmasa, Konstitusiya məsələsi uzun müddət daxili siyasi mübahisələrdən biri olaraq qalacaq.
Yaxın aylarda əsas suala aydınlıq gələcək: Paşinyan Konstitusiya dəyişikliyinin ölkənin gələcəyi üçün vacib olduğuna cəmiyyəti inandıra biləcəkmi, yoxsa bu məsələ onun hakimiyyəti üçün ciddi siyasi problemə çevriləcək? Artıq aydındır ki, Konstitusiya ətrafında müzakirələr hüquqi dəyişiklik çərçivəsini aşaraq hakimiyyətlə müxalifət arasında siyasi mübarizənin bir hissəsinə çevrilib. Bu mübarizənin nəticəsi təkcə Ermənistanın daxili siyasi vəziyyətinə deyil, Azərbaycanla sülh sazişinin perspektivlərinə və bütövlükdə, Cənubi Qafqazda sabitliyə təsir göstərəcək. Azərbaycanın məqsədi suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan davamlı sülhə nail olmaqdır. Bunun üçün diplomatik bəyanatlar kifayət etmir. Gələcəkdə yeni gərginlik və böhranlara yol aça biləcək ziddiyyətlər aradan qaldırılmalı, sülhün möhkəm hüquqi və siyasi əsasları yaradılmalıdır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Paşinyan və onun hökuməti başa düşür ki, Konstitusiyaya dəyişiklik etmək üçün referendum əsas çıxış yoludur. Onlar həm də yaxşı anlayırlar ki, bu məsələ həllini tapmadan Azərbaycanla sülh sazişinin imzalanması mümkün olmayacaq. Digər tərəfdən, Ermənistanın iqtisadi imkanlarının məhdud olduğunu və Azərbaycanla iqtisadi əlaqələrin qurulmasının, Türkiyə ilə sərhədlərin açılmasının ölkə üçün ciddi iqtisadi dəstək yaradacağını da nəzərə alırlar.
Belə bir şəraitdə Konstitusiya layihəsinin referenduma çıxarılması və dəyişikliklərin qəbul edilməsi, əlbəttə, müəyyən siyasi risklər daşıyır. Ancaq mənim qənaətimə görə, Paşinyan öz hakimiyyətinə ictimai dəstəyin kifayət qədər yüksək olduğuna inanır. Son parlament və yerli seçkilərdə əldə etdiyi nəticə, eləcə də əvvəlki seçkilərdə partiyasının qazandığı qələbələr ona bu məsələdə müəyyən əminlik verir. Buna görə də düşünürəm ki, Paşinyan və onun rəhbərlik etdiyi partiya Konstitusiya layihəsinin referenduma çıxarılması və müsbət nəticə əldə olunması üçün əllərindən gələni edəcəklər.
Digər mühüm məqam isə parlamentdəki qüvvələr nisbətidir. Paşinyan yaxşı başa düşür ki, mövcud mandatlarla Konstitusiya dəyişikliyini parlament vasitəsilə həyata keçirmək çətindir. Bu baxımdan referendum onun üçün real siyasi variantlardan biri, bəlkə də yeganə yoldur. Azərbaycanla sülh sazişinin imzalanması məsələsində mövcud mövqeyimiz və Konstitusiya dəyişikliyi ilə bağlı irəli sürdüyümüz şərtlər Ermənistan hakimiyyətinin üzərində əlavə təzyiq yaradır. Paşinyan anlayır ki, bu məsələdə qərar vermədən irəli getmək və sülh prosesini tamamlamaq imkanları məhduddur
Pünhan ƏFƏNDİYEV
XQ