Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mətləb Salahov: “Erməni konstitusiyasındakı Azərbaycan əleyhinə mövcud maddələr yerində qaldıqca real sülhdən danışmaq yersizdir”
“Ermənistan rəhbərliyi konstitusiya məsələsində əməlli başlı siyasi monipulyasiya ilə məşğuldur. Nikol Paşinyan və komandasının nümayiş etdirdiyi hazırkı mövqe tezliklə Sülh Müqaviləsinin imzalanacağı ehtimalını heçə endirir. Xüsusilə Nikol Paşinyanın komandasında Azərbaycana qarşı bir sıra ərazi iddiaları ilə “zəngin olan” hazırkı Ermənistan konstitusiyasında dəyişikliyə qarşı çıxanların hər gün artması bunu deməyə əsas verir.”
Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Donald Trampın şahidliyi ilə Vaşinqtonda mühüm razılaşmalara imza atan N.Paşinyan hazırda bu siyasi öhdəlikləri yerinə yetirmək həvəsində görünmür. M.Salahov, xüsusilə Ermənistan rəhbərinin konstitusiya dəyişikliyi deyərkən ilk növbədə özünə sərf edən, daha doğrusu öz hakimiyyətinin siyasi təhlükəsizliyi üçün daxili auditoriyaya hesablanmış addımlar atmasından danışıb.
“Diqqət edin: N.Paşinyan erməni ictimai auditoriyasına müraciətində əsasən Konstitusiyadakı köhnə müddəaların silinib atılmasını, əsasən də Ermənistanın müasir zamandakı beynəlxalq münasibətlər sistemində özünə yer etməsi üçün yeni hüquqi bazaya ehtiyac olduğunu vurğulayır. O, bununla həm illərdir Ermənistanı fəlakət içində saxlayan İrəvandakı revanşist qrupları və daşnak təfəkkürünü hədəfə çevirir, həm Ermənistan cəmiyyətini yeni siyasi reallıqları qəbul etdirməyə səsləyir, həm də Azərbaycan əleyhinə olan maddələrin üstündən sükutla keçməklə özünü erməni cəmiyyətinin hədəfi olmaqdan qoruyur. Əsl klassik erməni bicliyi!
Mən dəfələrlə qeyd etmişəm, indi daha ucadan deyirəm ki, N. Paşinyanın Sülh Müqaviləsini reallaşdırmaq əvəzinə Ermənistanı dalandan çıxarıb iqtisadi və kommunikasiyalar baxımdan ayağa qaldırmaq siyasəti qarşıdakı müddətdə bizim üçün ciddi baş ağrısı olacaq. O sözdə bəyan etdiyi kimi, Azərbaycan və Ermənistan arasında birdəfəlik sülh barədə deyil, öz ölkəsini dirçəltmək və yenidən bölgədə lazımlı siyasi aktora çevrilmək üçün çapalayır.
Hazırkı Ermənistan konstitusiyasında Azərbaycan əleyhinə düşmənçilik və ərazi iddiaları nə qədər desən var. Bəyəm Ermənistan rəhbərliyi bu təcavüzkar müddəaları tarixin zibilliyinə atmadan Azərbaycanla Sülh Müqaviləsi bağlamağın mümkün olmadığını bilmirmi? – gözəl bilir. Amma görünür ki, N.Paşinyanın ətrafındakılar həm də daxili siyasətə ünvanlanan siyasi oyunbazlıqla məşğuldurlar. Rəsmi İrəvanın konstitusiya dəyişikliyi üçün heç bir ciddi addım atmaması real sülhə olan ümidləri azaldır”.
Afət Tahirqızı