Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) heç bir marağının qalmadığını bildirib.
Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, o, bu barədə KTMT Baş katibi Taalatbek Masadıkovun bəyanatına münasibət bildirərkən deyib.
"Birdəfəlik bildirmək istəyirəm ki, KTMT-dəki maraqlarımız tükənib. Artıq KTMT-də heç bir marağımız yoxdur", - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistan KTMT-də iştirakını 2024-cü ilin fevralında dondurub. İrəvan buna səbəb kimi təşkilatın 2021-2022-ci illərdə Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsini göstərib. 2024-cü ilin mayından etibarən Ermənistan təşkilatın maliyyələşdirilməsində də iştirak etmir və üzvlük haqqını ödəmir.
KTMT Baş katibi isə oktyabrın sonunda bildirib ki, Ermənistanın üzvlük məsələsi noyabrın 10-11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sammitində müzakirəyə çıxarıla bilər. Söhbət Rusiyanın təqdim etdiyi, Nizamnamənin 25-ci maddəsinin tətbiqindən gedir. Bu maddə üzvlük haqqını ödəməyən və fəaliyyətdə iştirak etməyən ölkənin səsvermə hüququnun dayandırılmasını və ya təşkilatdan çıxarılmasını nəzərdə tutur.
Gülşən Şərif