Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
“Problem Lukaşenkonun çıxışının özündə deyil, onun arxasında dayanan yanaşmadadır. Biz bir-birimizin gözünün içinə baxmalı və deməliyik ki, Belarus prezidentinin söylədikləri Aİİ-nin bir sıra ölkələrinin Ermənistana münasibətini əks etdirir. Bu, dərin institusional xarakter daşıyan və hörmətsiz münasibətdir”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bu yanaşma Qarabağ münaqişəsinin, Azərbaycan və Türkiyə ilə problemlərin mövcudluğu ilə əsaslandırılıb: “Deməli, onların gedəcək yeri yoxdur və biz onlarla istədiyimiz kimi davrana bilərik”, - deyə o əlavə edib.
Bundan əvvəl Paşinyan bildirib ki, İrəvan Rusiya ilə münasibətlərdə yalnız iqtisadi deyil, siyasi alternativ də axtarır. O, Ermənistanın Çin, ABŞ, Böyük Britaniya, Niderland, Fransa və digər ölkələrlə strateji münasibətlərə dair sənədlər imzaladığını açıqlayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko 2024-cü il avqustun 20-də “Rossiya” telekanalına müsahibəsində Ermənistanın siyasətini şərh edərkən demişdi: “Bizdən başqa ermənilərə kimin ehtiyacı var? Heç kimə lazım deyillər. Qoy iqtisadiyyatlarını inkişaf etdirsinlər və əllərində olanlara istiqamətlənsinlər”.
İyulun 30-da Paşinyan Lukaşenkonun “Ermənistana kimin ehtiyacı var?” sualının cavabını tapdıqlarını bildirib: “İndi bu suala cavab veririk: Ermənistana Çin, ABŞ, Avropa İttifaqı, İran lazımdır. Bütün bu tərəfdaşların da Ermənistana ehtiyacı var”.
Bizimyol.info