Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Keçən dəfə mümkün ssenari kimi növbədənkənar seçkilərdən bəhs etmişdim. Amma dünənki “Hökumət saatı”ndan sonra əminəm ki, növbədənkənar seçkilərin keçirilməməsi ehtimalı yüksəkdir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında belə deyib.
O, bunun əvəzində konstitusiyanın bir hissəsi ilə bağlı müxalifətin imtina edə bilməyəcəyi təklif verəcək. “Dünən “Hökumət saatı”nın nəticələrinə əsasən, biz prosesi elə apardıq ki, müxalifətə güclü ictimai təzyiq yaradılsın və onlar səsvermə yolu ilə yeni konstitusiya referendumunu keçirməyə imkan versinlər”, - deyə Paşinyan bildirib. Eyni zamanda, o, bu təklifi hazırlayacağına zəmanət verə bilməyəcəyini qeyd edib.
“Bundan artıq heç nə deyə bilmərəm”,- Paşinyan əlavə edib. Onun qiymətləndirməsinə görə, müxalifətin sualı sülh prosesində bunun son nöqtə olub-olmamasından ibarətdir. Nikol Paşinyanın bu açıqlaması onun növbədənkənar seçki mövzusundan ilk növbədə, müxalifətə siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini göstərir.
Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələn hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri müxalifəti parlamentdəki mandatlardan da məhrum etməklə təhdid edir. Alternativ kimi Paşinyan cəmiyyətə xarici ölkələrdən idarə olunan müxalifətin yeni siyasi qüvvələrlə əvəz olunmasına dair mesajlar verir. Baş nazirin ““Üçbaşlı” müharibə partiyası məhv edilib” deməsi onun Rusiyaya bağlı müxalifəti nəzərdə tutduğunu təsdiq edir. Robert Köçəryan, Qagik Tsarukyan və Samvel Karapetyanın həbs olunması son zamanlar müxalifətin mövqeyini xeyli zəiflədib.
Artıq Ermənistanda əvvəllər olduğu kimi kilsə də siyasi proseslərə müdaxilə edə bilmir. Ümumilikdə, Paşinyan ölkədəki siyasi vəziyyətə kifayət qədər nəzarət edir. Lakin son bəyanatları göstərir ki, ona idarəolunan və ya Rusiyada deyildiyi kimi, “sistem” müxalifəti lazımdır. Yəni Paşinyanın növbədənkənar seçkilərə getməsi və siyasi proseslərə təsir imkanları az olan partiyaları parlamentə cəlb etmək planı ona həm konstitusion çoxluğa nail olmaq, həm də Ermənistan üçün strateji əhəmiyyət kəsb edən qərarların maneəsiz qəbuluna imkan yarada bilər.
Bu baxımdan, yeni konstitusiyanın qəbulu Paşinyan üçün ilk sırada dayanmır. Öz növbəsində, müxalifət də parlamentdəki yerləri itirməkdə maraqlı görünmür. Çünki növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə, hazırda 41 mandata malik olan “Güclü Ermənistan” Partiyasının və “Ermənistan” blokunun yenidən ciddi nəticələr əldə edəcəyi sual altındadır.
Ona görə də Paşinyan dolayısı ilə müxalifətə siyasi “bazarlıq” təklif edir. Belə ki, müxalifət hökumətin irəli sürdüyü yeni konstitusiya layihəsinin referenduma çıxarılmasına səs verərsə, o zaman Paşinyan da qarşı tərəfin maraqlarına uyğun siyasi addımlar ata bilər. Ancaq problem yalnız referendumun keçirilməsi ilə yekunlaşmır. Paşinyanın parlament müxalifətini özünün siyasi əlavəsinə çevirmək və vacib qərarların qəbulunda istədiyi nəticəyə nail olmağa çalışır.
Çünki “Vətəndaş Müqaviləsi” fraksiyasının konstitusion çoxluğa malik olmaq üçün 6 deputat yeri çatmır. Bir növ Paşinyanın müxalifətə ehtiyacı yaranıb. Müxalifət isə bu fürsətdən istifadə edib Baş nazirə təzyiq göstərir. Ermənistan parlamentində oktyabrın 29-da hər iki siyasi düşərgə arasında baş verən əlbəyaxa dava qüvvələr nisbətinin hələ bərabər olduğunu və müxalifətin güzəştə getmək istəmədiyini deməyə əsas verir. Paşinyan isə bu vəziyyətin ona necə təsir etdiyini müşahidə edir. Əgər müxalifət israrlı və barışmaz mövqedə qalmaqda davam edərsə, o zaman Paşinyan 2027-ci ildə növbədənkənar seçkilərə gedə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az
Açar sözlər: Paşinyan müxalifət
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin