Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş nazirinin son açıqlamaları ilə bağlı qeydlər
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki çıxışı ətrafında böyük ajiotaj yaranıb. Həmişəki kimi, müxaliflər işə düşərək, Nikola qarşı hədyanlar yağdırırlar. Halbuki, Baş nazir Ermənistan üçün son dərəcə vacib məqamlara toxunub. O məqamlara ki, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyətə malikdir.
“Real Ermənistan” və “Dördüncü respublika”
N.Paşinyanın fikirlərinə nəzərən üzərində dayanmaq istədiyimiz ilk məqam “Real Ermənistan” ideologiyasıdır. Hökumət rəhbəri bildirib ki, Ermənistan xalqı bu il iyunun 7-də keçirilmiş parlament seçkilərində bu ideologiyanın lehinə səs verib və nəticədə ölkənin funksional mahiyyəti yenidən formalaşıb. Onun sözlərinə görə, Ermənistanın müstəqilliyinin əsasında dövlətin tarixi ədaləti bərpa etmək üçün lazımlılığı fəlsəfəsi dayanırdı və bu yanaşma “Qarabağ hərəkatı”nda ifadəsini tapmışdı. “Real Ermənistan” isə 29743 kvadratkilometr ərazidə sülh, azadlıq, təhlükəsizlik və rifahdır, xalqın kimliyini qorumaq və inkişaf etdirməkdir. Ermənistan vətəndaşları məhz belə bir dövlət və baxış üçün səs verdilər və bu baxış “Dördüncü respublika” məntiqinə əsaslanır. Paşinyan fikrini dolğunlaşdırmaq üçün 2021-ci ilin parlament seçkilərindən də söz açıb və bildirib ki, həmin vaxt müxalifətin “məğlubiyyətə uğramış hakimiyyət getməlidir” tezisi populyarlıq qazanmadı. Seçicilər 1994-cü ildən etibarən müharibədə qələbə qazandığını və ya qalib lider olduğunu bəyan edən keçmiş prezidentlərə etimad göstərmədilər. Paşinyanın qənaətincə, bütün bunlar onu göstərir ki, erməni xalqı Qarabağ münaqişəsinin tələ olduğunu əvvəldən anlamışdı. N.Paşinyan onu da bildirib ki, zaman-zaman erməni xalqının istəkləri siyasi müstəvidə öz ifadəsini tapmayıb. Çünki istəklər nəzərə alınmayıb, mənəvi və siyasi elita insanlara başqa mövzuları aşılayıb. Bu vəziyyət 2018-ci ilə, yəni “məxməri inqilabı”a qədər davam edib. İnqilab siyasi konsepsiyaların formalaşdırılmasında xalqın təsirini artırıb və Nikolun fikrincə, bu, prosesin ən böyük nəticəsidir.
Kilsə və konyak
Məlum olduğu kimi, tarixən erməni xalqının şüuruna təsir göstərən institutlardan biri də kilsə olub. O kilsə ki, faktiki olaraq, siyasi funksiya yerinə yetirib. Ermənistanda son illərdə gedən proseslər isə bu dini təsisatın mövqeyinin sarsıdılmasına yönəlib. Həm də ona görə yönəlib ki, xalq revanşist və şovinist baxışlardan uzaq dursun, kilsənin təsirinə uymasın. Bəli, Nikol ölkəsindəki anti-kilsə köklənişinin çəkisini məsxərə ilə artırır və bütün ermənilərin katolikosu II Qaregini dünyəvi adı ilə – “Ktrıç Nersisyan” deyə çağırır. Xatırladaq ki, Ermənistan parlamentinin avqustun 20-də keçirilmiş iclasında 2026–2031-ci illər üçün hökumətin fəaliyyət proqramı təsdiqlənib. Proqramda ayrıca “Mənəvi təhlükəsizlik” adlı fəsil də yer alıb. Həmin fəsildə Erməni Apostol Müqəddəs Kilsəsində islahat həyati zərurət olaraq vurğulanıb.
Bir sözlə, Paşinyan və komandası kilsənin timsalında keçmişin mənfi stereotiplərindən uzaq durulmasının vacibliyini aşılayır. Mənfi stereotiplərdən biri də ətraf aləmdəki hər şeyi özününküləşdirməkdir. Nikol məsələnin fəsadlı tərəflərini vurğulayarkən, “Ermənistan konyakı” ifadəsi üzərində dayanıb. Onun sözlərinə görə, bu konyak beynəlxalq standartlara əsasən fransız içkisidir və onun hansı şəkildə Ermənistanın milli sərvəti ola biləcəyi aydın deyil.
Özününküləşdirmək, yaxud erməniləşdirməkdən söz düşmüşkən, məlumdur ki, məsələ yalnız konyakla məhdudlaşmır. Paşinyan erməni təfəkkür tərzindəki mənimsəmək anlayışının sərsəmliyini vurğulayır. Daha doğrusu, Nikol sərsəmlikdən uzaq durulmasını təlqin edir və bildirir: “Bilirsiniz, bizim problemimiz nədədir? Ondadır ki, Ararat vilayətindəki Ararat kəndini biz Davalu, Kərki kəndini isə Tiqranşen adlandırırıq...”.
TRIPP, Ermənistan və...
N.Paşinyan deyib ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsini əsas götürərək, bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini tanıyıblar. “Beynəlxalq hüquq baxımından mübahisəsiz, yəni legitim ərazi, eləcə də xarici münasibətlərdə legitim mövqelər və gözləntilər xarici təhlükəsizliyin təmin edilməsinin başlıca vasitəsidir”, - deyən Nikolun fikirlərindən gəlinən qənaət budur ki, Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış etməsi ölkənin təhlükəsizliyinə təhdiddir. Xarici təhlükəsizliyin təminatının növbəti vasitəsi isə dünya ilə qarşılıqlı əlaqələr qurmaqdır. Bunun yolu isə TRIPP-in reallaşmasından keçir. Yəni layihə Ermənistanın xarici təhlükəsizliyinin növbəti mühüm vasitəsidir. Hər halda, Paşinyan belə deyib və mövzunu ölkəsinin sülh gündəliyinə sadiqliyi üzərinə gətirib: “Deməli, sülh naminə, sülhün möhkəmləndirilməsi naminə gündəlik fəaliyyət, sülhün qayğısına qalmaq təhlükəsizlik sahəsində ən mühüm vəzifələrdən biridir”.
Paşinyanın bildirdiyinə görə, TRIPP Ermənistanın blokadasına son qoyacaq. Blokada isə artıq qismən aradan qalxıb. Paşinyan fikrini Azərbaycanın dəmir yolunun Gürcüstan ərazisi vasitəsilə Ermənistana idxal və Ermənistandan ixrac üçün açıq olması ilə əsaslandırıb. Lakin TRIPP yalnız Ermənistan–Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi deyil, eyni zamanda, Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyasıdır. Çünki layihə İran, Naxçıvan, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə, Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsini açacaq. “Bu, həm İran, həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün epoxal dəyişiklikdir”, - deyən Paşinyan əlavə edib ki, TRIPP-in fərdi infrastrukturu Ermənistanın cənub sərhədi boyunca, Araz çayının sahili ilə sovet dövründə mövcud olmuş dəmir yoludur. Hesab edirik ki, ən başlıca məsələ bu məqamın Paşinyan tərəfindən açıq şəkildə bildirilməsidir.
“Erməni soyqırımı”, beynəlxalq təhlükəsizlik və balanslı siyasət
Ermənistan üçün köhnə stereotiplərdən söz düşmüşkən, “erməni soyqırımı” da bu baxımdan diqqət çəkir. Ona görə də Paşinyan onun beynəlxalq səviyyədə tanınmasından imtina edildiyini xatırladıb. Nikolun bu baxımdan verdiyi izah da maraqlı və sentimental ruhludur: “Beynəlxalq aktorlar, belə ifadə etdiyim üçün üzr istəyirəm, bizim həlak olmuş insanların qalıqları ilə bir-birinin başına vururlar, amma ağrıyan bizim başımızdır. Beynəlxalq aktorlar həlak olmuş insanların sümüklərini silaha çevirir, bir-birilərinə qarşı onlarla atəş açırlar, amma qurbanlara çevrilən biz oluruq. Bu, XIX əsrin sonunda, XX əsrin əvvəlində və sonunda, eləcə də lap yaxın zamanlara qədər belə olub. Biz “erməni soyqırımı”nın silaha çevrilməsi prosesinə son qoymalıyıq”.
Uzun müddət Ermənistanın təhlükəsizlik qarantı Rusiya olub. Bu fikir erməni xalqının düşüncəsində də möhkəmlənib. Paşinyan mövcud məqama toxunaraq deyib ki, İrəvanın Moskva ilə münasibətlərinin qavranılması əsasən hərbi-təhlükəsizlik xarakteri daşıyıb. “Artıq iki əsrdir ki, Ermənistan-Rusiya münasibətləri belə bir əsas və anlayış üzərində qurulub ki, Rusiya erməni xalqının, daha sonra isə Ermənistan Respublikasının təhlükəsizliyinin qarantıdır”.
Lakin 2021, 2022 və 2023-cü illərin hadisələri göstərdi ki, Rusiya qarant missiyasını yerinə yetirmək iqtidarından uzaqdır. Baş nazirin sözlərindən gəlinən qənaət budur ki, Rusiya Ermənistanı müdafiə etməli imiş. Əlbəttə, bu yanaşma yanlışdır. Amma Nikol nə söylədiyinin fərqindədir. O, ermənilərin başa düşdükləri dildə danışır. Real mənzərə isə budur ki, həm 2022, həm də 2023-cü ildə yaşananlar və Qarabağın itirilməsi, böyük ölçüdə, Rusiyanın Ermənistanı müdafiə edə bilməməsidir. Halbuki, illər ərzində belə bir sipər olub və bu sipər Ermənistana Azərbaycan torpaqlarını işğalda saxlamaq imkanı yaradıb. Yəni Nikol dolayısıyla bildirir ki, Qarabağ avantürası Rusiyanın timsalında beynəlxalq güclərin erməni xalqı üçün yazdıqları faciə ssenarisidir. Əslində, Paşinyanın məntiqi o deməkdir ki, keçmişin acı yaşantıları ermənilərin öz günahlarının nəticəsidir.
Bütün bunlara görə Paşinyan balanslaşdırılmış xarici siyasətin Ermənistan üçün ən optimal seçim olduğunu vurğulayır: “Hökumət nəinki balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasəti davam etdirir, həm də onu xarici siyasət strategiyası kimi qəbul edir. Bu strategiyanın əsas vəzifəsi xarici əlaqələrdə disproporsiyaların yaranmasına yol verməmək və ya belə disproporsiyaları tarazlaşdırmaq üçün alətə malik olmaqdır. Bu baxımdan Gürcüstan, İran, Türkiyə və Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır”.
...“Qarabağ Azərbaycandır”a doğru
Nikolun 2019-cu ildə Xankəndinin mərkəzi meydanında səsləndirdiyi “Qarabağ Ermənistandır nöqtə” bəyanatı hamının yadındadır. O bəyanat ki, 2020-ci ilin 44 günlük müharibəsinə səbəb olmuşdu. Paşinyan son illərdə məsələyə dəfələrlə toxunduğunu xatırladaraq, mövzuya yekun vurmaq niyyətini açıqlayıb. “Mahiyyət etibarilə Ermənistanın yaşlı və orta nəslinin bütün siyasi xadimlərinin siyasi şəcərəsinə çevrilmiş “Qarabağ hərəkatı”na və Qarabağı Ermənistan kimi görmək ideyasına fədakar sədaqət mənə və həmkarlarıma irəliləmək, pərdəni açmaq və “Qarabağ hərəkatı”nın arxasında nələrin dayandığını görmək cəsarəti verdi. 35 il ərzində Ermənistan Qarabağ üçün heç nəyi əsirgəmədi. Bizim idarəçiliyimiz illərində, əvvəlki dövrlə müqayisədə, Qarabağa bir milyard dollardan artıq maliyyə vəsaiti ayırdıq. Nəhayət, pərdəni açıb gördük ki, “Qarabağ hərəkatı” Ermənistan dövlətçiliyinin və gələcəyinin sıfırlanması layihəsindən başqa bir şey deyil. Xalqın bizə verdiyi mandat əsasında Ermənistan dövlətçiliyinin davamlılığı naminə bu layihəni bağladıq. Bununla da qarşıda məhdudiyyətsiz imkanlar açdıq”, - deyən Paşinyan erməni xalqının Ermənistanı yalnız Azərbaycanda deyil, Türkiyədə, İranda və Gürcüstanda axtarmamalı olduğunu deyib və məsələni belə əsaslandırıb ki, bu axtarış birincisi, Ermənistanın ehtiyaclarını və maraqlarını, ona qayğı göstərmək məsuliyyətini diqqətdən kənarda qoyur. İkincisi, Ermənistan qonşuların beynəlxalq səviyyədə tanınmış ərazilərində vətən axtaranda, onların da Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərində vətən axtarmaları üçün qapı açır. Beləliklə, “dördə qarşı bir” vəziyyəti yaranır. Bu vəziyyətə düşəndə istər-istəməz xaricdən yardım istənilir. Paşinyanın fikrincə, sən demə, “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi Ermənistanın tarixin pərdəsini açmaq, reallığın kulislərinə daxil olmaq və orada nələrin baş verdiyini görmək imkanı yaratdı. Belə nəticə hasil olur ki, Nikol erməni xalqını qəflət yuxusundan ayıltmaq üçün normal nə isə düşünə bilməyibmiş.
Sülhün fundamentallığı və Ermənistan konstitusiyası
“Yeni Konstitusiyanın qəbul edilməsi” gündəliyi sırf Ermənistanın gündəliyidir”. Yəni Paşinyan demək istəyir ki, bunun Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlə əlaqəsi yoxdur. Tamam, o belə düşünə bilər. Əsas odur ki, mahiyyət itirilməsin. Mahiyyət isə budur ki, Ermənistanın İstiqlaliyyət Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası var və ölkənin konstitusiyası da həmin bəyannaməyə əsaslanır.
Əlqərəz, Paşinyan deyib ki, yeni konstitusiyanın qəbulu hakim “Vətəndaş sazişi” Partiyasının konsepsiyana daxildir və mövcud kurs 2020-ci ildən götürülüb: “Bu, Ermənistan xalqının nəhayət, öz legitim və azad iradəsi ilə qəbul edilmiş Konstitusiyaya malik olmaq, hüquq qaydasını və həyat qaydalarını özü üçün azad iradəsi ilə müəyyən etmək hüququna malik olması prinsipindən irəli gəlir”.
Paşinyan Azərbaycanın konstitusiya islahatları mövzusunu çox fəal şəkildə gündəmə gətirdiyini də bildirib. Amma buna görə müxalifətin hakim düşərgəyə qarşı iddialarını heçə endirməyə çalışıb, müxtəlif arqumentlər gətirib. Amma bu barədə söz açmağa ehtiyac duymuruq. Əsas məsələ odur ki, Ermənistanın yeni konstitusiyanın mətni yaxın aylarda dərc ediləcək və həmin mətndə İstiqlaliyyət Bəyannaməsinə istinad olmamalıdır: “Nə üçün? Bunun bir sadə səbəbi var: biz “Qarabağ hərəkatı”nı davam etdirmək deyil, onu başa çatdırmaq zərurəti barədə bəyanat vermiş və belə bir qərar qəbul etmişik. Biz bu qərarı qəbul etdik və xalq da onu təsdiqlədi”.
Ə.CAHANGİROĞLU
XQ