Paşinyan növbədənkənar seçkilərə GEDƏ BİLƏR

19.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqanda təmsil olunmasınlar.

Bu barədə o, parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı danışıb.

"Bu müxalifət sülhə maneə kimi mövqe tutur. Yəni yekun və tam sülhə gedən yolda qarşımızda bir maneə var və bu, parlament müxalifətidir. İndi bizim iki yolumuz var: ya ictimai təzyiq yaradırıq və müxalifət bu mövqeyindən imtina edir, ya da siyasi prosesləri elə istiqamətləndiririk ki, müxalifətin bu hissəsi artıq parlamentdə təmsil olunmasın. Qalanı texniki məsələdir", - deyə Paşinyan bildirib.

Baş nazir rəhbərlik etdiyi siyasi qüvvənin bu istiqamətdə addımlar atmaq üçün kifayət qədər siyasi iradəyə malik olduğuna əminliyini ifadə edib.

Paşinyan müxalifəti necə sıradan çıxarmağa çalışacaq? Paşinyan müxalifətin parlamentdə təmsil olunmamasına nail olmaq üçün növbədənkənar seçkilərə gedə bilərmi?

Məsələylə bağlı “Cebheinfo.az”-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanda növbədənkənar seçkilərin keçirilməsini istisna etməmişdi:

“Bunu yeni konstitusiya ilə bağlı belə bir addımın atıla biləcəyi ilə əsaslandırmışdı. Paşinyanın hesabı ondan ibarətdir ki, parlament müxalifəti ilə razılığa gələrək konstitusiya referendumu keçirilməsi barədə qərarın qəbuluna nail olsun.

O, bu prosesi parlament vasitəsilə reallaşdırmağa çalışır. Əgər müxalifət buna imkan verməzsə, o zaman ictimai dəstəkdən istifadə etməklə təzyiq göstərilməsi və 300 min vətəndaşın imzası əsasında referendumun keçirilməsinə cəhd edilməsi variantı da gündəmə gələ bilər.

Bundan başqa, Paşinyan belə bir addım atmaq niyyətində olmazsa, məsələni növbədənkənar seçkilərə getməklə həll etmək variantını da nəzərdən keçirə bilər. Hesab edirəm ki, hazırda Ermənistan hakimiyyəti daha çox bu variantlar üzərində düşünür”.

O qeyd edib ki, yaxın zamanda yeni konstitusiya layihəsi ictimai müzakirəyə təqdim olunacaq, bu müzakirələrin nəticələri Nikol Paşinyanın bundan sonra hansı addımları atacağı ilə bağlı qərarına təsir göstərə bilər:

“Əgər müxalifət və cəmiyyətin bir hissəsi yenidən bu prosesə müqavimət göstərərək onun qarşısını almağa çalışarsa, Paşinyan növbədənkənar seçkilərə getmək variantını nəzərdən keçirə bilər.

Bu yolla parlamentdə daha çox səs qazanmağa və konstitusiya ilə bağlı prosesi parlament vasitəsilə həll etməyə çalışa bilər.

Bu baxımdan, Paşinyanın növbədənkənar seçkilərə gedib-getməyəcəyi məsələsi, hesab edirəm ki, konstitusiya layihəsi üzrə ictimai müzakirələrin yekunlaşdığı mərhələdə aydınlaşacaq”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Oqtay Qasımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью