Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən parlament seçkiləri təşəbbüsü ilə çıxış edə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, erməni politoloq Yervand Bozoyan belə deyib.
Onun sözlərinə görə, Ermənistanda seçki kampaniyası artıq başlayıb və yeni konstitusiya layihəsinin təşviqi onun əsas elementlərindən biri olacaq.
Siyasi proseslərin aktiv mərhələsi gələn yazda başlaya bilər. Növbədənkənar seçkilər isə iyun-iyul aylarında və ya bir qədər sonra, 2027-ci ilin sentyabrında baş tuta bilər.
Bozoyan hesab edir ki, bu ssenari Ermənistan rəhbərliyinin düşdüyü vəziyyətdən qaynaqlanır. Bir tərəfdən, Azərbaycan yeni konstitusiyanın qəbul edilməsini tələb edir və bunu sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Digər tərəfdən, Ermənistanın Rusiya ilə münasibətləri pisləşir.
“Azərbaycan mahiyyət etibarilə deyir: “Əgər bu konstitusiyanı qəbul etməsəniz, mən sülh müqaviləsini imzalamayacam”. Digər tərəfdən, Paşinyan özünü Rusiya ilə münaqişə vəziyyətində tapıb. O, hər iki münaqişəni eyni vaxtda idarə edə bilmir”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Moskva İrəvandan ya Ermənistanın Avropa İttifaqına qəbul prosesini başladan qanunu ləğv etməsini, ya da sanksiyalara və Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünün itirilməsinin mümkünlüyünə hazır olmasını tələb edir. Lakin Bozoyan Rusiya tərəfinin dərhal ən sərt tədbirlərə əl atacağını gözləmir.
Onun fikrincə, Moskva Ermənistana tədricən iqtisadi təzyiqi artırmaq strategiyası seçə bilər. Politoloq Ermənistan hakimiyyətinə təsir göstərməyin mümkün yollarından biri kimi Ermənistana tədarük edilən Rusiya qazının qiymətinin artırılmasını adlandırıb.
O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük özlüyündə Rusiya qazının güzəştli qiymətlərlə alınmasına zəmanət vermir. Çünki Moskva tədarükün qiymətini müstəqil şəkildə müəyyən edir.
Politoloq Rusiyanın əvvəlcə qazın, eləcə də Ermənistanın Rusiyadan idxal etdiyi digər malların qiymətini kəskin şəkildə artıra biləcəyi ehtimalını da istisna etməyib.
Bozoyan bildirib ki, təzyiqin tədricən artması Moskvanın Ermənistan cəmiyyətinə hərəkətlərinin Ermənistana qarşı deyil, ölkənin hazırkı rəhbərliyinin siyasətinə qarşı yönəldiyini nümayiş etdirmək istəyindən irəli gəlir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin