Paşinyan Qaregini BİTİRİR

09.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Konstitusiya Məhkəməsi kilsənin daxili kanonik idarəçiliyi ilə bağlı fəaliyyəti nəzərdə tutan "Mənəvi təhlükəsizlik" adlı hökumət proqramından müxalifətin şikayətinə baxmaqdan imtina edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, məhkəmə bildirib ki, hökumət proqramı normativ məzmuna malik olmadığından Konstitusiya baxışına məruz qala bilməz. Beləliklə, parlamentin “Güclü Ermənistan” və “Ermənistan” fraksiyalarının ərizəsi mahiyyət üzrə baxılması üçün qəbul edilməyib. 

Sözügedən proqrama əsasən, Erməni Apostol Kilsəsinin (EAK) faktiki rəhbərinin vəzifədən kənarlaşdırılması (təqaüdə çıxması) təmin ediləcək və bütün ermənilərin müvəqqəti qəyyum katolikosunun seçilməsi müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Erməni Apostol Kilsəsinin nizamnaməsinin qəbulu təmin ediləcək ki, bu da təsbit edilmiş prinsiplərə əməl olunması, maliyyə şəffaflığının və din xadimlərinin mənəvi qüsursuzluğunun təmin edilməsi mexanizmlərini müəyyən etməlidir. Bütün ermənilərin katolikosunun seçilməsi müəyyən edilmiş qaydada təmin ediləcək.

Qeyd edək ki, Nikol Paşinyan hökumətinin təqdim etdiyi proqram avqustun 25-də səs çoxluğu ilə qəbul olunsa da, müxalifət bununla razılaşmayaraq sənədin qanunauyğunluğunu araşdırmaq üçün Ermənistan Konstitusiya Məhkəməsinə göndərmişdi. Lakin müxalifətin tələbləri rədd edilib.  

Bununla da Ermənistan rəhbərliyi bütün ermənilərin katalikosu II Qaregini vəzifədən kənarlaşdırmaq səlahiyyəti əldə edib.EAK-nin Patriarxı bir qayda olaraq, Ermənistandan və dünyanın müxtəlif ölkələrindən olan 350-400 nəfər arxiyepiskop və yepiskopun iştirak etdiyi yığıncaq tərəfindən ömürlük seçilir.

Bu səbəbdən, II Qaregin ömürlük seçildiyi üçün istefa vermək istəmir. Üstəlik, o, bu posta təyinatla deyil, seçki yolu ilə sahib olub. İndi isə Paşinyan hökumət proqramı əsasında Qaregini məcburi istefaya göndərmək üçün hüquqi əsas formalaşdırmağa çalışır. Çox güman ki, proqramın qəbulundan sonra Qareginin vəzifəsindən kənarlaşdırılması üçün mexanizmlər işə salınacaq. 

Eçmiədzindəki Dini Şuranın üzvləri isə hökumət tərəfindən seçiləcək. "Mənəvi təhlükəsizlik" proqramının tələblərinə uyğun olaraq, ilk dəfə hökumət tərəfindən müvəqqəti katalikos təyin ediləcək. Növbəti mərhələdə isə yeni katalikos ümumi yığıncaqda seçkilər yolu ilə müəyyən edilsə belə, o, Nikol Paşinyana yaxın adam olacaq. Hazırkı şəraitdə isə Paşinyana revanşist müxalifətin ideoloji dayaqlarını laxlatmaq üçün kilsəni neytrallaşdırmaq lazımdır.

Yeni konstitusiyanın qəbulundan sonra kilsənin siyasətə müdaxiləsi qadağan ediləcəyi də istisna edilmir. Sözügedən dövlət proqramının qəbulu yaxın vaxtlarda "Mənəvi təhlükəsizlik" adı altında Erməni Apostol Kilsəsində təmizləmələrə başlanacağını deməyə əsas verir.

Əsas və ilk hədəf isə II Qaregin olacaq. İstefa vermək istəməyən böyük ehtimalla həbs ediləcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan Qaregin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью