Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bütün ermənilərin katolikosu II Qaregin və yepiskoplar onlara qarşı keçiriləcək məhkəmə iclasında iştirakdan imtina ediblər.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə katalikosun vəkili Ara Zöhrabyan açıqlama verib.
Onun sözlərinə görə, II Qareginə və Ali Ruhani Şuranın üzvləri olan altı yepiskop və arxiyepiskopa qarşı cinayət işi üzrə ilkin dinləmə prosesi 2026-cı il avqustun 28-i, saat 16:30-a təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, II Qaregin və altı yüksək vəzifəli ruhani Ermənistan Cinayət Məcəlləsinin 507-ci maddəsinin 2-ci hissəsi ilə vəzifə səlahiyyətlərindən istifadə etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına mane olmaqda ittiham olunurlar.
İş Masiatson yeparxiyasının keçmiş rəhbəri yepiskop Gevork Saroyanla bağlıdır. 2026-cı il yanvarın 10-da II Qaregin Saroyanın yeparxiya rəhbəri vəzifəsindən azad edilməsi barədə əmr verib. O, qərardan məhkəməyə şikayət edib. Məhkəmə ehtiyat tədbiri kimi iş üzrə yekun qərar verilənə qədər onun vəzifəsində saxlanılması barədə hökm çıxardıb.
İstintaq hesab edir ki, sonradan məhkəmə aktının icrasına maneçilik törədilib. Müdafiə tərəfi isə öz növbəsində israr edir ki, yepiskopun vəzifəsindən kənarlaşdırılması Ermənistan Apostol Kilsəsinin daxili kanonik həyatına aiddir. Ona görə də dövlət tərəfindən məhkəmə aktının icrasına cinayət yolu ilə mane olunması kimi qəbul edilə bilməz.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə II Qaregini vəzifəsindən kənarlaşdırana qədər ona qarşı mübarizəni davam etdirməkdə israrlı görünür. Bu baxımdan, katolikosun tərəfdarları məhkəmə prosesini siyasi sifariş hesab edirlər.
Nikol Paşinyan bildirib ki, Ktriç Nersisyan (katolikos II Qaregin) “yeni inqilab” üçün müxtəlif kəndlərə və icmalara nümayəndə heyətləri göndərir.
Onun sözlərinə görə, “Baqrat inqilabı” bitib, indi isə “Ktriç inqilabı” başlayır.
Bununla da Ermənistanın Baş naziri II Qaregini Baqrat Qalstanyanın siyasi taleyi gözlədiyinə dair mesaj verib. Yəni 2024-cü ildə Nikol Paşinyan hakimiyyətini devirməyə çalışan Baqrat Qalstanyanın həbsi ilə Erməni Apostol Kilsəsinə qarşı başlayan mübarizə prosesi dini liderə qarşı davam etdiriləcək.
Paşinyan “Ktriç inqilabı başlayır” deməklə II Qaregini devirəcəyinə və onu da Baqrat kimi həbs etdircəyinə işarə vurur. Ermənistan konstitusiyasında dünyəvi hakimiyyət kilsənin siyasətə müdaxilə etməsinə şərait yaradan müstəsna hüquqlarını tanısa da, katalikosun həbsinə qadağa qoymur. Ona görə də məhkəmənin II Qaregin barəsində həbs qərarı çıxarması ehtimalı yüksəkdir.
Ermənistan Cinayət Məcəlləsinin Qareginə qarşı ittiham irəli sürülən 507-ci maddəsinin 2-ci hissəsinə görə, katolikos cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Lakin II Qaregin əlavə olaraq eyni əməli öz vəzifə və ya xidməti mövqeyindən istifadə etməklə törətməkdə ittiham olunur ki, bu da daha ağır cinayət məsuliyyəti yaradır. Bu halda II Qaregin böyük miqdarda cərimə və ya daha uzun müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Qeyd edilən məhkəmə prosesi və ya katolikosa qarşı cinayət işinin açılması onu istefaya məcbur etmək üçün siyasi təzyiq məqsədi daşıyır. Rusiyaya bağlı olan revanşist müxalifət liderlərini həbs etdirən Nikol Paşinyan kilsəni “küncə” sıxsa da, katolikosu postundan uzaqlaşdırmağa nail ola bilməyib. İndi isə Paşinyan faktiki olaraq II Qaregini seçim qarşısında qoyub. O, ya istefa verməli, ya da həbsxanaya getməlidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin