Paşinyan qəti qərara gəlib Ermənistan bu təşkilatdan çıxır

05.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya yolunda Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstanın birləşdiyi Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa çarəsi yoxdur. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazir Nikol Paşinyana istinadla məlumat yayıb.

"Hazırda AİB-dən çıxmaqdan başqa çarəmiz yoxdur, lakin proses 2027-2028-ci illərdə Aİ-yə üzvlük prosesinə başlamaq üçün rəsmi olaraq ərizə təqdim edəcəyimiz nöqtəyə yaxınlaşır", - deyə Ermənistan hökumətinin başçısı bildirib.

Bundan öncə Rusiya hakimiyyətinin bir çox təmsilçiləri və Kremlə yaxın təbliğatçılar Ermənistanın bu qurumdan çıxmasının ölkədə az qala iqtisadi kollaps yaradacağı, Rusiyanın Ermənistana verdiyi təbii qazı dəfələrlə bahalaşdıracağı və s. barədə xəbərdarlıqlar, hətta təhdidlər etmişdilər.

Rusiya Prezidenti Vladimir Putin özü də Ermənistanın Avropaya inteqrasiya yolunda AİB-dən çıxacağı təqdirdə İrəvanı gözləyən çətinliklər barədə xəbərdarlıq etmişdi. Rusiya başçısı vurğulayıb ki, İrəvan quruma üzv dövlətlərin azad ticarət müqavilələrinə çıxışını itirəcək. Ən əsası isə qeyd edib ki, “Ukraynadakı böhran” Ermənistandakına bənzər bir vəziyyətdən başlayıb…

Əksər ekspertlər bu təhdidlərin təsadüfi olmadığını bildirir. Doğrudan da Ukraynadakı münaqişənin əsası rəsmi Kiyevin Avropaya inteqrasiya planları və bu istiqamətdə atılan addımlarla qoyulmuşdu. 

Əslində, Moskva çoxdandır Paşinyandan Aİ və AİB arasında seçim etməsini tələb edir, lakin bu qərarın əhali arasında referendum keçirməklə verilməsini istəyir. Ancaq Paşinyan heç bir referendum keçirmək fikrində olmadığını bildirir.

İndi Paşinyanın son açıqlamasına Rusiyadan müxtəlif səviyyələrdə kəskin reaksiya veriləcəyi ehtimalı yüksəkdir. Xüsusilə də dünən rusiyapərəst erməni milyarder və müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın həbsi fonunda Paşinyanın “AİB-dən çıxırıq” mesajı verməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirə bilər.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью