Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Yeni konstitusiyanın qəbul edilməsi Ermənistanın gündəliyindədir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
“Yalnız ona görə yox ki, biz bu kursu müəyyən edərək 2020-ci ilin fevral ayında həm də elan etmişik. Həm də ona görə ki, indi Ermənistan Respublikası vətəndaşları “Vətəndaş Müqaviləsi” partiyasına səs verməklə bu gündəliyə də səs veriblər. Çünki yeni konstitusiyanın qəbul edilməsi seçki proqramının əsas müddəalarından biridir”, - deyə Paşinyan vurğulayıb.
“Dediyim kimi, yeni konstitusiya 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməməlidir. Niyə? Bunun bir sadə səbəbi var. Biz Qarabağ hərəkatını davam etdirmək yox, bitirmək qərarına gəlmişik. Biz bu qərarı verdik və xalq bunu təsdiqlədi.
Çünki yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad Qarabağ hərəkatını davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı və biz bunu edə bilmərik. Xüsusən də xalqımızın sülhə səs verdiyi və sülh gündəliyinin indi milli gündəm olduğu 2026-cı il milli seçkilərindən sonra bunu edə bilmərik”.
Qeyd edək ki, Ermənistanın yeni konstitusiyasının mətninin payız aylarında dərc olunacağı gözlənilir. Ermənistan Konstitusiyasına görə, referendumun təyin olunduqdan 50 gündən tez, 65 gündən isə gec olmayaraq ümumxalq səsverməsi keçirilməlidir. Yəni cari ilin sonuna qədər Ermənistanda Konstitusiya referendumunun keçiriləcəyi ehtimal olunur.
Ən mühüm olanı isə Konstitusiyanın preambula hissəsindən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılması ilə bağlıdır.
Nikol Paşinyan Azərbaycana ərazi iddiasını nəzərdə tutan preambulanın ləğv ediləcəyinə söz verir. Lakin o, daxili siyasi təzyiqlərdən yayınmaq üçün bunu Azərbaycanın tələbinin yerinə yetirilməsi kimi deyil, “Qarabağ hərəkatı”na son qoymaq və sülhü reallaşdırmaq təşəbbüsü kimi təqdim edir.
Bu da öz növbəsində, 2027-ci ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına səbəb ola bilər. Paşinyanın açıqlamasından məlum olur ki, o, hakim “Vətəndaş Müqaviləsi” partiyasının topladığı səslərə yeni konstitusiyanı qəbul etmək üçün sabit elektorat kimi baxır.
İyul ayında Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, son 273 gün ərzində Ermənistanda daimi yaşamayan şəxslər səsvermə prosesinə buraxılmayacaq.
Beləliklə, parlamentdə konstitusion çoxluğu qazana bilməyən “Vətəndaş Müqaviləsi” partiyası xaricdəki revanşist mövqeyə malik diasporanı referendumdan kənarda saxlamaq imkanı əldə edəcək.
Bu da Paşinyana yeni konstitusiyanı səs çoxulu ilə qəbul etməyə kömək edə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin