Paşinyan Rusiya ilə birgə işçi qrupunun yaradır

15.10.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının konsessiya əsasında idarə olunması ilə bağlı məsələlərin müzakirəsi üçün Rusiya ilə birgə işçi qrupunun yaradılması haqqında qərar imzalayıb.

Modern.az xəbər verir ki, işçi qrupuna Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini David İvanyan rəhbərlik edəcək.

Ermənistan tərəfdən qrupa xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, maliyyə nazirinin müavini Edqar Mkrtçyan və Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin dəmir yolu və su nəqliyyatı siyasəti idarəsinin rəisi Artak Papyan daxil edilib.

Rusiya tərəfini isə “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin direktoru Aleksey Melnikov, nəqliyyat nazirinin müavini Aleksey Şilo, “Rusiya Dəmir Yolları” şirkətinin baş direktorunun müavini Vyaçeslav Pavlovski və şirkətin xarici layihələr və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anton Kozlov təmsil edəcəklər.

İşçi qrupu Ermənistanın dəmir yolu infrastrukturunun idarə edilməsi, mövcud problemlərin həlli və nəqliyyat əlaqələrinin inkişafı imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu 2008-ci ildən Rusiyanın “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiya idarəçiliyindədir. Müqavilə 30 il müddətinə bağlanıb və daha 10 il uzadılması imkanı nəzərdə tutulub.

Oktyabrın 14-də Nikol Paşinyan “Rusiya Dəmir Yolları”nın rəhbəri Oleq Belozyorovla görüşərək dəmir yolu infrastrukturunun inkişafını, beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyanı və konsessiya müqaviləsinin icrasını müzakirə edib.

Ermənistan hökuməti dəmir yollarının rəqabət qabiliyyətinin artırılmasını və qonşu ölkələrin nəqliyyat şəbəkələrinə inteqrasiyasını əsas məqsədlərdən biri kimi müəyyənləşdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью