Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
“Mixail Saakaşvilinin səhvi demokratiya deyib, hakimiyyəti Rusiyanın adamına təhvil verməsi idi. Demokratik prinsiplərin tətbiqi regional xüsusiyyətlər, tarixi təcrübə və cəmiyyətin siyasi mədəniyyəti nəzərə alınmaqla həyata keçirildikdə daha uğurlu nəticə verir. Əks halda, bu prinsiplərin mexaniki şəkildə ixracı müxtəlif problemlərə, hətta xalqların daha ağır vəziyyətlə üzləşməsinə səbəb olur. “Ərəb baharı” adlanan proseslər bunun bariz nümunəsidir: bu etiraz dalğası heç bir ərəb ölkəsində dayanıqlı demokratiya formalaşdıra bilmədi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, deyib ki, ölkənin yerləşdiyi coğrafiya və ictimai mentalitet mütləq şəkildə nəzərə alınmalıdır:
“Cənubi Qafqazda bu baxımdan Gürcüstan nümunəsi xüsusilə diqqətçəkəndir. Mixail Saakaşvilinin ən böyük səhvi hakimiyyəti “demokratiya” prinsipi adı altında Rusiyaya bağlı oliqarx Bidzina İvanişviliyə təhvil verməsi oldu. Prinsip etibarilə Saakaşvili demokratik ənənələrə uyğun addım atdı və hesab edirdi ki, Gürcüstana demokratiyanı gətirib, hakimiyyəti dinc yolla ötürməklə ölkənin inkişafına töhfə verəcək. Lakin proseslər tam əks istiqamətdə inkişaf etdi. Çünki gürcü cəmiyyəti demokratik ənənələri hələ tam mənimsəməmişdi və Rusiya Gürcüstanda demokratik proseslərin dərinləşməsini qəbul etmirdi. Nəticədə bu gün Saakaşvili hakimiyyəti demokratik yolla təhvil verdiyi “Gürcü Arzusu” partiyası tərəfindən həbs edilib. Gürcüstan isə demokratik dəyərlərdən uzaqlaşaraq Qərblə münasibətləri ciddi şəkildə zəiflədib”.
Onun sözlərinə görə, hazırda ölkə Rusiya ilə münasibətləri inkişaf etdirir:
“Gürcüstan limanları Rusiyanın kölgə donanmasına xidmət edir, iki ölkə arasında iqtisadi əlaqələr genişlənir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyəti hökumət tərəfindən getdikcə daha çox məhdudlaşdırılır”.
M.Əsədullazadə bildirib ki, Ermənistan nümunəsinə baxdıqda isə oxşar risklər müşahidə olunur:
“Əgər Nikol Paşinyan seçkilərdə uduzarsa və demokratik ənənələrdən uzaq olan erməni cəmiyyəti Robert Köçəryan və ya Rusiyaya bağlı digər siyasi fiqurlara səs verərsə, Paşinyanın hakimiyyəti “azad seçki” adı ilə təhvil verməsi ölkənin növbəti mərhələdə müstəqilliyini itirərək Rusiyanın forpostuna çevrilməsi ilə nəticələnə bilər. Region xalqları hələ də demokratik prosesləri sistemli şəkildə mənimsəməyib. Bu baxımdan Paşinyan Saakaşvilinin səhvini təkrarlamadı. Rusiyanın göndərdiyi Samvel Karapetyanı həbs edərək onun siyasi fəaliyyətinin qarşısını aldı. Əgər Saakaşvili vaxtında Rusiyanın göndərdiyi oliqarx Bidzina İvanişvilinin fəaliyyətinə imkan verməsəydi, Gürcüstanda demokratik ənənələrin inkişafı daha real olardı.Qeyd edim ki,Cənubi Qafqaz üçün demokratiya idarəolunan və təhlükəsizlik amillərini nəzərə alan model əsasında formalaşdırılmalıdır. Rusiya və İranın regiondakı destruktiv siyasi fəaliyyətinə yol verilməməli, demokratik institutlar xarici təsirdən qorunmalıdır”.
Vasif ƏLİHÜSEYN