Paşinyan Sülh Mükafatı üçün Almaniyaya gedəcək

16.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Hessen əyaləti parlamentinin yaydığı məlumata görə, 51 yaşlı siyasətçiyə mükafat ölkədə demokratik təsisatların qurulması və Ermənistanın Avropa İttifaqına yaxınlaşdırılması istiqamətində səylərinə görə təqdim olunacaq.

Qeyd edək ki, 25 min avro məbləğində olan Hessen Sülh Mükafatı 1994-cü ildən Albert Osvald Fondu tərəfindən verilir. Mükafat zorakılıq riski yaradan müharibə və münaqişələrin dayandırılması istiqamətində səylərə, qabaqlayıcı tədbirlərə, zorakı münaqişələrin qarşısının alınması strategiyalarının hazırlanmasına və beynəlxalq anlaşmaya töhfələrə görə təqdim olunur.

Fond Hessen əyalətinin keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən yaradılıb. Qəyyumlar şurasında mükafatın təqdim olunması ilə bağlı məsləhətlər verən Almaniyanın aparıcı sülh tədqiqat institutlarının nümayəndələri yer alır.

Mükafatlandırma mərasiminin sentyabrın 18-də Hessen əyalət parlamentində keçirilməsi nəzərdə tutulub.

Paşinyanı səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müşayiət edəcəyi bildirilir.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью