Paşinyan sülhdən danışır, İrəvanda separatçılar yürüş keçirir Açıqlama

21.09.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən 3 il ötür. Bununla bağlı Ermənistanın paytaxtı İrəvanda separatçıların iştirakı ilə yürüş keçirilib. Aksiyada separatçı rejimin bayrağı qaldırılıb və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Lakin Ermənistan hökumətinin nümayəndələri, xüsusilə Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh prosesindən danışırlar.
Ermənistan hökuməti bir tərəfdən Azərbaycanla sülhdən danışdığı halda, digər tərəfdən belə aksiyaların keçirilməsinə niyə imkan verir? Bu cür təxribat xarakterli aksiyalar Azərbaycan-Ermənistan arasında sülh prosesinə necə təsir göstərə bilər?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olub:

“Azərbaycan torpaqlarının işğal altında saxlanılması, əhalimizə qarşı soyqırımı cinayətləri törədilməsi Ermənistanın və himayədarlarının planları olub. Ermənistan qeyri-qanuni formada gücdən istifadə edərək torpaqlarımızı işğal etdi. Təbii ki, Ermənistan bunu təkbaşına edə bilməzdi. Ermənistanın arxasında dayanan böyük qüvvələr var idi. İşğala əsaslanan status-kvonun dəyişməsini istəməyən Ermənistan hər dəfə danışıqları pozmaq üçün vaxt qazanmaq istəyirdi. Məsələni aydın görən Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi. Azərbaycan diplomatiyasının zəfərlərindən biri ondan ibarətdir ki, hətta Minsk Qrupunu tamamilə tarixin tozlu səhifələri arasına göndərdik. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demək olar ki, bütün danışıqların üzərindən xətt çəkdi. “Qarabağ Ermənistandır və nöqtə” fikri başqa cür başa düşülə bilməzdi. Buna görə də Azərbaycan Lideri cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi!” deyə Azərbaycan xalqının qəti fikrini beynəlxalq auditoriyaya çəkinmədən çatdırdı. “Yeni müharibə, yeni ərazilər” formulunun irəli sürülməsi Ermənistan üçün ağır başa gəldi. Lakin Ermənistan əməllərində davam edirdi. 2020-ci ilin yayından başlayaraq Ermənistan Yaxın Şərqdən gələn erməniəsilli insanların işğal edilmiş ərazilərimizə yerləşdirilməsi ilə yeni bir mərhələnin başlanğıcını qoyurdu. Tovuzda törədilən hərbi təxribatlar Ermənistanın pozucu əməllərindən xəbər verirdi. Tovuz döyüşlərindən sonra Ermənistan Azərbaycana qəbuledilməz formada 7 şərt irəli sürdü. Şübhəsiz ki, bütün bunların hər biri Azərbaycan xalqının səbr kasasını doldurdu və Ermənistanın törətmiş olduğu hərbi təxribatlara cavab olaraq, 27 sentyabr tarixindən başlayaraq Azərbaycan 44 günlük zaman çərçivəsində Ermənistanı dizüstə çökdürdü. Ermənistan yenə də üçtərəfli bəyanatın müddəalarını pozurdu. Azərbaycan ərazilərindən çıxarkən flora və faunamıza ciddi şəkildə ziyan vururdu. Azərbaycanın əsas ərazisi və Naxçıvan arasında maneəsiz hərəkəti təmin etməyə dair danışıqları pozurdu”.
Politoloq əlavə edib ki, I Qarabağ müharibəsi zamanı ərazilərimizin minalanması azmış kimi, ərazilərimizi yenidən minalayırdılar:
“2022-ci ilin Sarıbaba əməliyyatı vaxtı torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı minaların tapılması da bunun əyani sübutudur. Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılmasına çağırış Ermənistanın növbəti təxribatı idi. Nikol Paşinyan qondarma rejimi maliyyələşdirir, oraya təbrik məktubları göndərirdi. Şübhəsiz ki, Ruben Vardanyanın Qarabağa gəlməsindən nə Nikol Paşinyan, nə də böyük güclər xəbərsiz deyildilər. Məhz plan bundan ibarət idi ki, erməniəsilli sakinlər Azərbaycana inteqrasiya etməsinlər. Çünki bu istiqamətdə Azərbaycan dövləti açıq mövqe ortaya qoymuşdu. Azərbaycan rəhbərliyinin terrorla hədələnməsi yolverilməz idi. Bu azmış kimi, Praqa razılaşmasından sonra Nikol Paşinyan Şarl Mişelə qondarma təsisatın məktublarını ötürürdü. Nikol Paşinyan indi də bu istiqamətdə fəaliyyətə başlamışdı. Təbii ki, məhz bu amillərin beynəlxalq gündəmdə saxlanılmağa çalışılması ilə Azərbaycana təzyiq göstərməyə çalışırdılar. Qondarma rejimin müstəqillik bəyannaməsinin qəbul edildiyi günlə bağlı təbrik müraciətinin yayımlanması da Nikol Paşinyanın əməli idi. Təbii ki, bu, Praqada əldə olunmuş razılaşmaların üzərindən xətt çəkirdi. O razılaşmalarla tamamilə ziddiyyət təşkil edirdi. Ermənistan hakimiyyəti bu gün də pozucu cəhdlər edir. Çox çətin mərhələlərdən keçməyimizə baxmayaraq, əldə edilən konkret razılaşmalar var. Mahiyyət etibarilə Azərbaycan bir çox amalına çatıb. Bölgəyə sülh gətiririk. Azərbaycandan Ermənistanın neft və neft məhsullarının daşınması Ermənistan iqtisadiyyatına müsbət töhfələr verir. Ermənistan anlamalıdır ki, bölgədə revanşizmi saxlayaraq, düşmənçilik meyillərini alovlandıraraq heç bir halda inkişaf və tərəqqi olmayacaq. Nikol Paşinyan hakimiyyətinə yaxın mətbu orqanlarda sülh prosesinin yenidən kölgə altına salınması bir daha ondan xəbər verir ki, Paşinyan hakimiyyəti və bu hakimiyyətə üzv olan qüvvələr sülhdə maraqlı deyil. Ermənistanın paytaxtı İrəvanda separatçıların iştirakı ilə yürüş keçirilməsi, aksiyada separatçı rejimin bayrağının qaldırılıb Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi ondan xəbər verir ki, nə Ermənistan hökumətinin nümayəndələri, nə də cəmiyyət sülhə hazır deyil”.
Məsələ ilə bağlı saytımıza danışan politoloq Tofiq Abbasov bildirib ki, belə işlərin, aksiyaların və Ermənistan hökumətinin bu məsələlərə dözümlə yanaşmasının özünün bir adı var:

“Yəni onlar bir əllə qurur, digər əllə dağıdırlar. Bu, psixologiyada “bipolyar münasibət” kimi xarakterizə edilə bilər. Ermənistan, əlbəttə ki, sülh prosesində çox diqqətli olmalıdır. Sonra səfərbərlik işini aparmalı, xalqla təbliğat və maarifləndirmə işini gücləndirməlidir ki, Azərbaycanla sülhün Ermənistana nə vəd etdiyini cəmiyyətə izah etsin. Biz hələ sənədi imzalamamışıq, amma biz Ermənistana nə qədər töhfələr veririk. Neft veririk, dizel və yanacaq veririk, tranzitləri açırıq, Ermənistanın yüklərinin daşınmasında onlara xeyli güzəştlər, yəni aşağı tariflər tətbiq edirik. Ermənistan bunlardan imtina etməməli, bunları dəyərləndirməli və müqabilində Azərbaycanla bağlı normal münasibət göstərməlidir. Bu yaxınlarda elə Kərki məsələsi ilə bağlı müxalifətin rəhbəri parlamentdə Narek Karapetyan dedi ki, Kərki Ermənistanda qalmalıdır. Brifinqdə isə Nikol Paşinyan açıq-aşkar bildirdi ki, bu, düzgün deyil və belə yanaşma müharibə çağırışıdır. Bax, belə münasibət olmalıdır – barışmaz və prinsipial. Amma bu yürüşün keçirilməsi heç nəyə yaramır. Digər tərəfdən, bu, göstərir ki, Ermənistan rəhbərliyi müəyyən mənada separatçıların şıltaqlıqlarına göz yumaraq onların yanında da divident qazanmağa çalışır. Amma bu, düzgün məsələ deyil. İki stulda oturmaq olmaz. Digər tərəfdən isə, əlbəttə ki, Azərbaycanın bu məsələyə münasibəti çox mənfidir. Biz belə şeyləri anlamırıq, çünki özümüz də belə hallara rəvac vermirik. Onda Azərbaycanda da Qərbi Azərbaycandan gəlmiş soydaşlarımızı yığarıq meydanlara, gecə-gündüz aksiyalar keçirərik ki, Ermənistan bizi vətənimizə buraxmır. Biz bunu etmirik. Əksinə, demişik ki, Ermənistandan hər hansı bir siqnal gəlirsə, əgər Qarabağdan çıxmış ermənilər qayıtmaq istəyirlərsə və onların qanlı işlərdə suçu, iştirakı yoxdursa, qayıtsınlar, yaşasınlar. Bunun üçün portallar da indiyədək işləyir. Amma belə işləri görmək olmaz və təbii ki, bunların hamısı təxribat xarakterlidir”. 
Tofiq Abbasov əlavə edib ki, digər tərəfdən, Ermənistanın siyasi rəhbərliyinin bu məsələlərə göz yumması həm də belə bir görüntü yaradır ki, guya onların alternativ variantları var:
“Alternativ variantları yoxdur. Sülhdən başqa heç bir variant yoxdur. Əgər sülh istəyirlərsə, gərək Azərbaycan və Türkiyə ilə yola getsinlər. Digər tərəfdən, öz ölkələrində gedən proseslərə məsuliyyətlə yanaşmalı, atılan hər bir addımın hüquqi və siyasi qiymətini verməlidirlər. Sözün əsl mənasında, sözügedən bu aksiya təxribat xarakterlidir. Ermənistan bununla həm də bizə belə bir mesaj ötürür ki, guya biz öz tələblərimizi, haqlı istəklərimizi yumşaldaq, Konstitusiyadakı dəyişikliklərlə bağlı tələblərimizi geri çəkək və ya müəyyən kompromis variantı tapaq. Bu, mümkün deyil. Çünki bizim istəklərimiz və tələblərimiz sırf qanunlarla əlaqədardır. Bir halda ki, Ermənistanın qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları təsbit olunursa, biz heç vaxt belə yarımçıq sülhə imza atmayacağıq. Bu məsələlərdə Ermənistanın siyasi rəhbərliyi bir qədər qətiyyətli və prinsipial olmalıdır. Həm də Azərbaycanın qarşısında daşıdığı məsuliyyəti yadından çıxarmamalı və kənara qoymamalıdır.
O bayraqların hamısı ləğv olunmalıdır. Onları müsadirə etmək lazımdır. Çünki belə bir dövlət yoxdur, belə bir dövlətçilik yoxdur və heç bir hipotetik imkan da yoxdur ki, erməni separatçıları ya Gürcüstanda – Samtsxe-Cavaxetiyada, ya da Azərbaycanda – Qarabağ bölgəsində dövlət qursunlar. Qarabağ bölgəsində heç vaxt bunların dövləti olmayıb. 1920-ci ilə qədər Xankəndidə bir nəfər də olsun erməni yaşamayıb. Sovet İttifaqının apardığı siyasət nəticəsində biz öz doğma torpaqlarımızı, belə deyək, bunlara müvəqqəti yaşamaq üçün icarəyə vermiş olduq. Sonra isə onlar həddlərini aşmağa başladılar. Odur ki, bu proseslərlə bağlı biz heç bir güzəştə getməyəcəyik. Söhbət ərazi bütövlüyündən, Konstitusiyamızın tələblərindən və azərbaycanlıların oraya qayıdışından gedir. Bu məsələlərdə heç bir kompromisə getməyəcəyik. Çünki bizim tələblərimiz haqlıdır, beynəlxalq hüquqla tənzimlənir və biz obyektiv olaraq haqq yolundayıq”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью