Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT+ formatında keçirilən görüşdə ölkəsinin xarici siyasəti və regional əməkdaşlıq istiqamətində diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, İrəvan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması üzərində işləyir və bu proses yaxın aylarda TRIPP layihəsi çərçivəsində konkret mərhələyə keçəcək:
“Münaqişə şəraitində suverenlik və müstəqilliyin təmin edilməsi mümkün olmadığı üçün Ermənistan Türkiyə və Azərbaycanla dövlətlərarası münasibətlər qurmağa doğru irəliləyir. Ermənistan balanslı siyasət yürüdür.
Əgər hər hansı bir geosiyasi güc mərkəzinin cazibəsi ölkənin müstəqilliyini məhv edə biləcək qədər güclənərsə, İrəvan tarazlığı qorumaq, suverenliyi təmin etmək və müstəqilliyi təmin etmək üçün digər qütblə əlaqələrini gücləndirəcək.
Son illərdə Ermənistan Gürcüstan, Çin, Qazaxıstan, ABŞ, Fransa, Hollandiya, Almaniya, Lüksemburq, Böyük Britaniya, Bolqarıstan, Xorvatiya və Litva ilə strateji əməkdaşlıq müqavilələri imzalayıb.
İran və Hindistanla münasibətlər əslində strateji xarakter daşıyır. İrəvan isə onları rəsmiləşdirmək üçün çalışır. İrəvan dost İran və Gürcüstanla münasibətləri inkişaf etdirərkən digər iki qonşusu - Türkiyə və Azərbaycanla dövlət münasibətləri qurmaq istiqamətində irəliləyir. Bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülhün bərqərar olmasından sonra daha konkret hala gəlib”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, müharibədən sonra Nikol Paşinyanın mövqeyində ciddi dəyişiklik baş verdi:
“Paşinyan reallığı anladı ki, artıq qonşu dövlətin ərazisinə iddia etmək doğru deyil və işğal siyasəti ilə uzağa getmək olmaz. Reallığı qəbul edən Paşinyan qonşu ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının, eləcə də regional barışığın üstünlüklərini dərk etdi və bu istiqamətdə ardıcıl açıqlamalar verməyə başladı.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi inkişaf edir. Prezident İlham Əliyev də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatındakı çıxışında bu məqama toxundu. Artıq müxtəlif ölkələrin məhsulları Azərbaycan üzərindən Ermənistana çatdırılır”.
O qeyd edib ki, indi əsas məsələ “Tramp yolu”nun tikintisinə başlamaq və layihəni sürətlə icra etməkdir:
“Bundan sonra qalan son mühüm addım Paşinyanın referendum yolu ilə konstitusiyaya dəyişiklik etməsi və bunun ardınca Azərbaycanla sülh sazişinin imzalanmasıdır.
Bu baş verərsə, artıq bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yeni imkanlar açılacaq. Bişkekdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü də bunu göstərdi. Əvvəllər belə görüşlər sensasiya kimi qarşılanırdısa, indi artıq diplomatik prosesə çevrilib. Belə də olmalıdır. Bu, normallaşmanın göstəricisidir.
Görüşdən sonra yayılan bəyanat da vəziyyətin müsbət istiqamətdə inkişafını nümayiş etdirdi. Yəni bölgəyə sülh və əmin-amanlıq lazımdır ki, əməkdaşlıq imkanlarını da genişləndirmək mümkün olsun”.
Politoloq vurğulayıb ki, Paşinyan konstitusiya dəyişikliyi üçün siyasi zəmin hazırlayır:
“Paşinyan ölkə daxilində radikal müxalifət və sülh prosesinə mane olan kilsə ilə mübarizəni gücləndirib. Bu qüvvələr neytrallaşdırıldıqdan sonra konstitusiya dəyişikliklərinin həyata keçirilməsi üçün daha münbit siyasi şərait yarana bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Paşinyan Elxan Şahinoğlu
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin