Paşinyan vaxt qazanır? Ermənistanı iki referendum dilemması gözləyir

29.07.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ermənistanda yeni parlamentin fəaliyyətə başlaması ölkənin həm daxili siyasi kursu, həm də Azərbaycanla münasibətlərinin gələcəyi baxımından həlledici mərhələ hesab olunur. Konstitusiya islahatları, mümkün referendumlar və kommunikasiyaların açılması ilə bağlı müzakirələr göstərir ki, İrəvan sülh sazişi ilə daxili legitimlik arasında tarazlıq yaratmağa çalışır. Bu prosesin nəticəsi yalnız Ermənistanın siyasi sistemini deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasını da müəyyən edə bilər.Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsi referenduma çıxarıldığı halda, Paşinyan cəmiyyətdə formalaşmış milli təhlükəsizlik və “tarixi torpaq” narrativlərini dəyişdirə biləcəkmi, yoxsa daxili legitimliyi qorumaq naminə sülh prosesinin strateji imkanlarını qurban vermək riski ilə üz-üzə qalacaq?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə referendumun keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması sülhün başlıca maneəsidir.

Deputatın sözlərinə görə, əgər bu kontekstdə Ermənistanda ictimai konsensus axtarılsa, bunu tapmaq əlbəttə ki, çətindir. Amma legitimliyə gəldikdə isə, Ermənistanda hüquqi baxımdan siyasi hakimiyyətin legitimlik problemi yoxdur. Çünki Ermənistandakı 7 iyun seçkilərinə ən kritik reaksiya verən ölkələr belə, bu seçkinin legitimliyi və ya qeyri-legitimliyi haqqında heç bir fikir səsləndirməyiblər. Yəni söhbət siyasi legitimlikdən gedirsə, bu, Ermənistanda mövcuddur – Ermənistan hakimiyyətinin legitimliyi var.

Deputat vurğulayıb ki, referendum bir qədər başqa hadisədir və burada daha çox ictimai konsensus və ictimai legitimlik məsələsi ön plana çıxır:

“Çünki burada artıq xalq səsverməsi adlandırılan referendumdan söhbət gedir; bu, siyasi mövqeyi olan və olmayanların hamısını əhatə edən bir hadisədir. Nəticə etibarilə konkret müddəaya səs veriləcəkdir”.

Hikmət Babaoğlunun sözlərinə görə, hazırkı vəziyyətdə referendumun keçirilməsi Ermənistanın qüvvədə olan Konstitusiyasında nəzərdə tutulduğu müddətə uyğun olaraq, yəni seçkilərdən 6 ay sonra baş tuta bilər ki, bu da 2027-ci ilin yanvar-fevral aylarına təsadüf edir.

Deputat hesab edir ki, Paşinyan da bunu açıq şəkildə ifadə edib: 2027-ci ildə referendum keçiriləcək və referenduma 3 ay qalmış onun mətni ictimai müzakirələrə təqdim olunacaq.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, burada bir məqama xüsusi diqqət yetirmək lazımdır:

“Rusiya Ermənistanda referendumun keçirilməsi ilə bağlı şərt qoyub: ya Ermənistanın Avrasiya İttifaqında qalıb-qalmaması, ya da Ermənistanın Avropa İttifaqına inteqrasiya edib-etməməsi ilə bağlı referendum keçirilməsini istəyir. Bu, sadəcə Ermənistana təzyiq deyil, həm də Azərbaycana toxunan tərəfi olan bir hadisədir. Çünki biz Ermənistanda referendumun keçirilməsini əvvəlindən bəri israrla istəyirik; son dövrlərdə isə Putin də bu məsələyə qoşulub. Amma Putinin öz tələbi var. Belə olan halda Paşinyan eyni vaxtda hər iki məsələni referenduma çıxarmalı olarsa, bu, Azərbaycanın istədiyi şərtlərin təmin olunmasına problem yarada bilər. Əgər məsələlər ayrı-ayrılıqda referenduma çıxarılsa, bu halda ikinci referendumun təşkili və keçirilməsi üçün təxminən 1 ilə yaxın vaxt lazım gələ bilər. Putin isə israrla deyir ki, Ermənistan bu məsələ ilə bağlı mövqeyini təcili şəkildə dəqiqləşdirməlidir”.

Deputatın fikrincə, Rusiya yenidən Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirə bilər.

İlk açıqlamadan sonra səssiz qalan Paşinyan sonradan bildirib ki, əgər Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlüklə bağlı müraciət edərsə, o zaman referendum keçirilə bilər.

Deputat hesab edir ki, görünür, bu siyasi tezis Putinə qarşı strateji istiqamətə çevriləcək və Paşinyan yenə vaxt qazanmağa çalışacaq:

“Mən ilk növbədə sülh məsələsini həll edim, referendum keçirim. Ondan sonra isə nə vaxt Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edərəmsə, həmin vaxt ikinci referendum keçirilə bilər”.

Hikmət Babaoğlu bildirib ki, məsələ hələlik yeni siyasi dinamikanın başlanğıc mərhələsindədir və hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır.

Deputatın fikrincə, indiki mərhələdə 2027-ci ildə referendumun keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması daha real görünür.

Hikmət Babaoğlu vurğulayıb ki, Avropa İttifaqı, ABŞ və Ermənistan artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı real işlərin başlanmasına start veriblər və Türkiyə də bu prosesi dəstəkləyir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью