Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın gözlənilmədən istefaya göndərilməsi və onun yerinə sabiq parlament sədri Alen Simonyanın təyin olunması Ermənistanda hələ də gündəm mövzusu olaraq qalır. Belə ki, “Məxməri inqilab”ın əsas fiqurlarından biri olan Qriqoryanın Nikol Paşinyanın bu qərarından narazı qaldığı bildirilir və o özü də bunu demək olar, gizlətmir...
“AzPolitika” xəbər verir ki, Qriqoryan erməni mediasına vəzifəsindən ayrıldıqdan sonra Nikol Paşinyanla münasibətləri ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Jurnalistlər ondan Paşinyana qarşı narazılığının, incikliyinin olub-olmadığını soruşublar. "Bu gün kitab təqdimatıdır, gəlin kitab təqdimatına diqqət yetirək. Bu sualların hamısına mütləq cavab alacaqsınız. Gəlin bu gün gözləyək və kitaba diqqət yetirək", - Qriqoryan sualdan yayınıb.
Ona yeni vəzifə təklif olunub-olunmadığı soruşulduqda, o, yenə də ətraflı məlumat verməkdən imtina edib: "Bütün suallarınızı cavablandıracağam; vaxt var”.
Qriqoryan həmçinin "Məxməri inqilab" haqqında kitab yazmağa 2019-cu ildə başladığını, lakin koronavirus pandemiyası, 2020-ci il müharibəsi və sonrakı böhrandan sonra kitabın nəşrini dayandırdığını bildirib. O, kitabın orijinal mətnində əhəmiyyətli düzəlişlər edilmədən tamamlandığını və nəşr olunduğunu iddia edib.
Qriqoryan səkkiz il Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Erməni mediasının iddialarına görə, Armen Qriqoryan Nikol Paşinyanın ona təklif etdiyi başqa bir vəzifədən imtina edib. "Joqovurd" qəzetinin məlumatına görə, Qriqoryan onun yerinə məhz Simonyanın təyinatından xüsusilə narazıdır. Bildirilir ki, Paşinyan Qriqoryanın fəaliyyətindən narazı olmayıb və onun əvəz edilməsi də bununla bağlı deyil. Hazırkı siyasi şəraitdə o, sadəcə olaraq kadr dəyişikliyini düzgün hesab edib.
Lakin "Joqovurd"un məlumatına görə, bu qərardan sonra çətin bir söhbət olub. Qəzet iddia edir ki, 13 avqust səhəri Paşinyan Qriqoryanı hakim komandada qalmağa inandırmağa çalışıb və ona özünün baş müşaviri vəzifəsini təklif edib. Qriqoryan təklifi qəti şəkildə rədd edib.
Qriqoryanın əvvəlcə Təhlükəsizlik Şurasından ayrılmağa və başqa bir vəzifədə işləməyə hazır olduğu bildirilirdi. Lakin onun yerini Simonyanın tutacağı bəlli olduqda hər şey dəyişib. Qəzetin məlumatına görə, hətta Paşinyanın yaxın adamları belə onun Simonyanı təyin etmək planlarından xəbərsiz imiş, ona görə də qərar gözlənilməz olub.
Bundan əlavə, baş nazirə yaxın olanlar Simonyanın parlament seçkilərindən sonra uzun fasilə verəcəyinə və bir müddət aktiv siyasətə qayıtmayacağına inanırdılar. Nəticədə, “Joqovurd”un yazdığına görə, onun gözlənilməz təyinatı və Qriqoryanın getməsi hakim Vətəndaş Müqaviləsi partiyası daxilində gərginliyi artırıb. Qəzet qeyd edir ki, "Komandanın bir çox üzvü Qriqoryana qarşı bu münasibəti yersiz hesab edir, çünki o, 2018-ci il inqilabının ön sıralarında idi".
“AzPolitika.info”