Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Üçbaşlı müharibə partiyası" daim "Azərbaycan, Türkiyə" deyir. Bəli, Azərbaycan və Türkiyə. Çünki Ermənistan qonşuları - İran, Gürcüstan, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayana qədər forpost olaraq qalacaq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Yəni, biz elə bir sülh istəyirik ki, Azərbaycan heç nə əldə etməsin, biz isə hər şeyə sahib olaq?" - deyə o revanşistlərə sual edib.
Baş nazirin fikrincə, müxalifət Ermənistanın forpost olaraq qalmasını istəyir. Bunun üçün isə sülhün olmaması vacibdir. "Niyə onlar Ermənistanın forpost olmasını istəyirlər? Çünki öz pullarını qoruyurlar. Onların vəsaitlərini bloklayaraq bildiriblər ki, Ermənistana forpost statusu qaytarılmayınca, onlar "bomj" olaraq qalacaqlar. İndi onlar "bomj"a çevrilirlər və bu prosesdən özlərini qorumağa çalışırlar. Halbuki Ermənistanda çoxları buna uyur. Heç kim diqqət yetirmir ki, artıq bir ildir Azərbaycandan Ermənistana qatarlar gəlir. Nə təklif edirsiniz? Qatarların hərəkətini dayandıraq? Biz forpost statusunu aradan qaldırmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolunu seçmişik. Əməllərimizdə heç bir gizli məqam yoxdur. Hər şey açıq şəkildə baş verir. Bu insanlar Ermənistanın müstəqilliyinin və ölkənin qarət edilməsinə imkan verməyən dövlətin əleyhinədirlər. Onlara Ermənistanı qarət etmək üçün forpost lazımdır. Onlar 30 il ərzində Azərbaycan və Türkiyə adından istifadə edərək ölkəni talan ediblər. Biz regionu münaqişə dalanından çıxarırıq", - deyə Ermənistanın baş naziri əlavə edib.
Paşinyanın son açıqlamaları Ermənistanın siyasi kursunda ciddi dəyişikliklərin baş verdiyini və bu dəyişikliklərin artıq Moskva ilə münasibətlərə də toxunduğunu göstərir. Ermənistan baş nazirinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını ölkənin forpost statusundan xilas olmasının əsas şərti kimi təqdim etməsi təsadüfi deyil. Əslində, Paşinyan erməni cəmiyyətinə mühüm siyasi mesaj verir: Ermənistan ya müstəqil dövlət kimi yaşamağı, qonşuları ilə sülh şəraitində əməkdaşlıq etməyi seçməli, ya da kənar güclərin maraqlarına xidmət edən forpost olaraq qalmalıdır.
Nəhayət, erməni cəmiyyəti Rusiyanın nökəri olmamağı seçəcəkmi? Paşinyan ad çəkmədən Moskvanın "bostanına daşlar atıb". O zaman bu çağırışlar, yəni Paşinyan tərəfindən aparılan təbliğat cəmiyyətin konstitusiya dəyişikliklərinə (ərazi iddiaları - red) səs verməsinə gətirib çıxaracaqmı?
Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Paşinyanın son açıqlamaları Ermənistanın gələcək siyasi istiqamətinin müəyyənləşdirilməsi baxımından kifayət qədər əhəmiyyətlidir: “Burada diqqətçəkən məqam odur ki, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını sadəcə diplomatik zərurət kimi deyil, Ermənistanın həqiqi müstəqilliyinin təmin olunmasının əsas şərti kimi təqdim edir. Bu, əslində, Rusiyanın Cənubi Qafqazda formalaşdırdığı ənənəvi təsir mexanizmlərinə qarşı siyasi mövqedir. Paşinyan indi erməni cəmiyyətinə anlatmağa çalışır ki, ölkənin təhlükəsizliyi müharibə ritorikası və revanşist iddialarla deyil, qonşularla normal münasibətlər qurmaqla təmin edilə bilər. Onun müxalifəti Ermənistanı yenidən forpost vəziyyətinə qaytarmaqda ittiham etməsi də bu baxımdan siyasi mesajdır”.
Onun fikrincə, lakin burada bir məsələni nəzərə almaq lazımdır: “Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyi heç də Moskvanın təsirindən birdəfəlik xilas olması demək deyil. Rusiya Ermənistanın iqtisadiyyatında, enerji sektorunda, nəqliyyat infrastrukturunda və təhlükəsizlik sistemində hələ də ciddi mövqelərə malikdir. Üstəlik, erməni cəmiyyətində Rusiyaya münasibət birmənalı deyil. Bir tərəfdən, Moskvaya narazılıq var, digər tərəfdən, Rusiyanın Ermənistan üçün təhlükəsizlik baxımından hələ də əhəmiyyətli olduğunu düşünən qüvvələr mövcuddur. Deməli, Paşinyanın qarşısında duran əsas vəzifə yalnız siyasi bəyanatlar vermək deyil, Ermənistanın Rusiyadan asılılığını mərhələli şəkildə azaltmağa imkan verən yeni iqtisadi və təhlükəsizlik arxitekturası formalaşdırmaqdır”.
Xəyal Bəşirov qeyd edib ki, Paşinyan yeni konstitusiyanın qəbulunu Ermənistanın daxili siyasi gündəliyi kimi təqdim etsə də, bu prosesin Azərbaycanla münasibətlərə birbaşa təsir etdiyini də anlayır: “Onun əsas problemi isə bu dəyişiklikləri erməni cəmiyyətinə qəbul etdirməkdir. Paşinyan təkcə müxalifətin siyasi müqavimətini deyil, həm də konstitusiya referendumunun hüquqi və ictimai maneələrini aradan qaldırmalıdır. Onun müxalifəti "müharibə partiyası" adlandırması, revanşist qüvvələri ölkənin gələcəyini deyil, öz siyasi və iqtisadi maraqlarını qorumaqda ittiham etməsi də məhz bu məqsədə xidmət edir. Baş nazir çalışır ki, konstitusiya dəyişikliklərini Azərbaycana güzəşt kimi deyil, Ermənistanın müstəqil dövlət kimi gələcəyini təmin edən addım kimi təqdim etsin”.
Hüquqşünas hesab edir ki, Ermənistan cəmiyyətində siyasi və psixoloji dönüş üçün müəyyən zəmin artıq yaranıb: “Xüsusilə 2020-ci və 2023-cü illərin hadisələrindən sonra erməni cəmiyyətinin bir hissəsi əvvəlki təhlükəsizlik modelinin iflasa uğradığını daha aydın dərk edir. Bununla belə, erməni cəmiyyətinin tamamilə Rusiyadan uzaqlaşmağa hazır olduğunu söyləmək hələ tezdir. Burada söhbət təkcə siyasi seçimdən getmir. İqtisadi bağlılıq, miqrasiya, enerji təhlükəsizliyi və tarixi münasibətlər də mövcud vəziyyətə təsir göstərir. Paşinyanın apardığı təbliğatın keçirilməsi gözlənilən referendumun nəticələrinə təsir göstərəcəyi şübhəsizdir. Qarşıdakı dövr Ermənistan üçün tarixi seçim mərhələsi ola bilər. Əgər erməni cəmiyyəti revanşizmdən və keçmişin siyasi stereotiplərindən imtina edərək sülhü dəstəkləyərsə, bu, Cənubi Qafqazda yeni geosiyasi reallığın möhkəmlənməsinə ciddi töhfə verəcək”.