Paşinyanı Putin təbrik etməyəcək SƏBƏB

21.09.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” partiyasının qələbə qazanması ilə əlaqədar dövlət və hökumət başçıları Prezident Vladimir Putini təbrik etməyə başlayıb.

Kreml rəhbərinə ilk təbrik Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevdən gəlib. Qazaxıstan Prezidenti Rusiya Prezidentinin siyasətinə yüksək səviyyədə dəstək verildiyini və parlamentlərarası əməkdaşlığın vacibliyini qeyd edib. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Vladimir Putini ikinci təbrik edən dövlət başçısı olub. O, səsvermənin nəticələrini ictimai etimadın yüksək səviyyəsinin sübutu adlandırıb.

Rusiya Prezidentinə ünvanlanan təbriklərin artacağı gözlənilir. Lakin təbrik məktublarının əsasən, MDB ölkələri və Rusiyanın Asiyadakı tərəfdaşlıq etdiyi dövlətlərin liderləri tərəfindən göndəriləcəyi gözlənilir.

Lakin Rusiyanın əsas müttəfiqlərindən olan Ermənistan çox güman ki, bu təbriklərə qoşulmayacaq. Bu, yalnız Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti arasında Ermənistanın Avrointeqrasiya siyasətinə münasibətdə yaranmış fikir ayrılığı ilə bağlı deyil.

Eləcə də, Ermənistan məhsullarının Rusiya bazarlarında satışına rəsmi Moskvanın tətbiq etdiyi qadağaların bu məsələyə ciddi təsir göstərəcək amil deyil. Əksinə, iki ölkə arasında münasibətlərin gərgin olduğu hazırkı mərhələdə Paşinyanın Putini təbrik etməsi siyasi “soyuqluğun” aradan qalxmasına kömək edə bilərdi.

Amma Vladimir Putin iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində qələbə qazanmış Nikol Paşinyanı hələ rəsmən təbrik etməyib.Seçkilərdən 4 aya yaxın vaxt ötməsinə və bu müddətdə Putinlə Paşinyanın görüşünün keçirilməsinə baxmayaraq, Rusiya Prezidenti Ermənistan liderini nə qələbə qazanması, nə də baş nazir seçilməsi münasibətilə təbrik etmək istəməyib.

Bu isə Prezident Putinin faktiki olaraq, Ermənistandakı seçkilərin nəticələrini tanımaması və Paşinyanı qeyri-legitim Baş nazir hesab etməsi anlamına gəlir.

Şübhəsiz ki, Paşinyan da bunu cavabsız qoymayacaq və Putini Dövlət Dumasına seçkilərdə  qələbə münasibətilə təbrik etməyəcək.

Sentyabrın 20-də yəni səsvermənin getdiyi bir vaxtda Rusiyanın İrəvandakı səfirliyi qarşısında Putinə qarşı etiraz aksiyasının keçirlməsinə  Ermənistan hakimiyyət orqanlarının şərait yaratması da bu mesajın tərkib hissəsidir. Beləliklə, Putinin və Paşinyanın “təbrik” savaşı Rusiya və Ermənistan arasındakı ziddiyyətləri yeni mərhələyə daşıya bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan Putin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью