Paşinyanın 3 səfəri və 2 stulu

19.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İrəvan eyni vaxtda həm Brüsselin, həm də Moskvanın könlünü almaq istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya 3 dəfə səfər edəcəyini açıqlayıb. O, bu səfərlərin dekabrın 3-də, 11-də və 22-də baş tutacağını, hər üçünün danışıqlar məqsədi daşıyacağını bildirib. Baş nazir Moskva ilə münasibətlərdə dostluq mühitinin qorunacağına ümid etdiyini söyləyib.
“Bizim məqsədimiz Rusiya ilə münasibətləri pozmaq deyil. Rusiya üçün problem yaratmaq istəmirik”, – deyə Paşinyan bildirib. Rusiyanın Ermənistana problem yaratmaq niyyətində olub-olmadığı barədə suala cavabında isə “Ümid edirəm ki, Rusiyanın da belə niyyəti yoxdur” söyləyib. O, Ermənistanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafının Rusiya ilə əlaqələrin pisləşdirilməsi məqsədi daşımadığını da vurğulayıb.
Qeyd edək ki, Paşinyanın Rusiyaya səfərləri barədə məlumatı açıqlaması İrəvan–Moskva münasibətlərində bir müddətdir davam edən qeyri-müəyyənlik fonunda səslənib. Ermənistan Baş nazirinin Rusiyaya səfəri uzun müddət gündəmdə olsa da, dəqiq vaxtı təsdiqlənməmişdi. Oktyabrın əvvəlində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin dəqiq tarixinin olmadığını bildirmişdi. Həmin ay Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vladimir Putinlə Paşinyanın görüşünün vaxtı barədə suala “müddətlər müzakirə olunur” cavabını vermişdi. 
Rusiya səfiri Sergey Kopırkin Putinlə Paşinyanın görüşü üçün əvvəlcədən şərtlər irəli sürülməsi barədə məlumatları təkzib etmişdi. Səfir Ermənistan İctimai Radiosuna müsahibəsində belə bir ssenaridən xəbərdar olmadığını və görüş üçün heç bir ilkin şərtin səsləndirilmədiyini demişdi. Jurnalist ehtimal etmişdi ki, Putinlə Paşinyanın görüşü Ermənistanın yeni atom elektrik stansiyasının tikintisini “Rosatom”a həvalə etməsi və ya Ermənistan dəmir yollarının Rusiyanın konsessiya idarəçiliyində qalması barədə qərarla bağlı ola bilər. Kopırkin isə bu ehtimalları şərh edərək görüş üçün əvvəlcədən heç bir şərtin irəli sürülmədiyini bildirmişdi.
V.Putin sentyabrın 3-də Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Paşinyanı Moskvaya dəvət etdiyini və iki ölkənin qarşılıqlı fəaliyyətinə dair konkret məsələləri müzakirə etmək istədiyini bildirmişdi. Onu da bildirək ki, Paşinyanın Rusiyaya son səfəri bu il iyulun 6-da olub. O, Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.
Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında ölkəsinin Rusiya ilə münasibətlərinə dair sualı cavablandırıb. O, İrəvanla Moskva arasında barışıq gündəliyinə ehtiyac olmadığını bildirib: “Biz heç kimlə mübahisədə və ziddiyyətdə deyilik ki, barışmaq üçün ayrıca gündəliyimiz də olsun”. Rubinyanın sözlərinə görə, Ermənistan bütün məsələlərin qarşılıqlı maraqlara hörmət əsasında, dostluq və tərəfdaşlıq mühitində həlli üçün öz gündəliyinə malikdir.
1 ayda 3 səfər Paşinyan dekabrda Rusiyaya edəcəyi 3 səfərin tarixlərini açıqlasa da, onların hər birinin konkret məqsədi, görüşlərin gündəliyi və iştirakçıları barədə məlumat verməyib. O, yalnız danışıqlar aparacağını bildirib. Bu susqunluq diqqət çəkir. Çünki söhbət 1 səfərdən deyil, eyni ay ərzində 3 ayrı səfərdən gedir. Səfərlərin hər biri hansısa konkret məsələ və ya görüşlə bağlıdırsa, baş nazirin bunu açıqlamaması, təbii olaraq, suallar doğurur.
Ehtimal etmək olar ki, səfərlərdən biri Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının ilin sonunda keçirilən ənənəvi zirvə görüşü ilə əlaqəlidir. Bu toplantı adətən dekabrda, Moskva və ya Sankt-Peterburqda təşkil olunur və birlik ölkələrinin rəhbərlərini bir araya gətirir. Paşinyanın dekabrın 3-də Rusiyada olacağını bildirməsi həmin görüşlə bağlı ola bilər. Lakin bu ehtimal dekabrın 11-i və 22-si üçün nəzərdə tutulan digər 2 səfərin məqsədini aydınlaşdırmır. 
Hətta elan edilən 3 səfərin hamısının baş tutacağı da indidən qəti deyil. Ermənistanın Aİ ilə yaxınlaşma xətti, Aİİ-də üzvlüyünü davam etdirməsi və bu 2 istiqamətin uzlaşdırılmasının mümkünsüzlüyü barədə müzakirələr Moskva ilə münasibətlərə birbaşa təsir edir. Rusiya tərəfi Ermənistan rəhbərliyinin Aİ və Aİİ məsələsində mövqeyində dəyişiklik görmədikcə, Paşinyanla ayrıca görüşlərə həvəs göstərmir. 
“2 stul” siyasəti Paşinyanın Dublin çıxışında diqqətçəkən məqam Qərb auditoriyası qarşısında Avropa perspektivini qabardarkən, Rusiya ilə münasibətlər barədə ehtiyatlı mesajlar verməsidir. O, Ermənistanı 20 ildən sonra Aİ-də gördüyünü deyir, eyni zamanda, Moskva ilə əlaqələri pozmaq niyyətində olmadığını vurğulayır. Avropaya yaxınlaşmaq və Rusiya ilə dostluq mühitini qorumaq istəyi İrəvanın xarici siyasətindəki əsas ziddiyyəti üzə çıxarır.
Bu bəyanatın məhz Dublində səsləndirilməsi də siyasi baxımdan əlamətdardır. Paşinyan Qərb ölkəsində Rusiyaya mülayim mesajlar verib. Bu, Moskvanın narazılığını artırmamaq, Ermənistanın Qərbə yaxınlaşmasının Rusiyaya qarşı yönəlmədiyini Kremlə anlatmaq cəhdi kimi görünür. “Rusiya üçün problem yaratmaq istəmirik” ifadəsi İrəvanın Qərblə əlaqələri genişləndirsə də, Moskva ilə açıq qarşıdurmadan çəkindiyini göstərir. Paşinyanın özü də bir reallığı etiraf edir: Ermənistan eyni vaxtda həm Aİİ-nin, həm də Aİ-nin üzvü ola bilməz. Deməli, söhbət təkcə diplomatik seçimdən deyil, ölkənin iqtisadi və siyasi istiqamətindən gedir. 
Aİ-yə üzvlük perspektivi Aİİ çərçivəsində götürülmüş öhdəliklərlə uzlaşma problemini qaçılmaz edir. İrəvan hələlik bu seçimin vaxtını və şərtlərini açıqlamır. Moskvanın narahatlığı da bu məqamla bağlıdır. Aİ-yə üzvlük niyyətinin siyasi qərara çevrilməsi Ermənistanın Aİİ-də iştirakının gələcəyini sual altına qoyacaq. Bu isə ticarət, enerji və nəqliyyat sahələrində Rusiya ilə qurulmuş əlaqələrə təsirsiz ötüşməyəcək. Ermənistan üçün məsələ yalnız siyasi seçim deyil, həm də iqtisadi bağlılıqların taleyidir.
Dekabrda elan olunan 3 səfər Paşinyanın Moskva ilə dialoqu davam etdirmək istəyini göstərir. Lakin səfərlərin sayının çoxluğu münasibətlərin əvvəlki səviyyəyə qayıtdığını sübut etmir. Gündəliyin açıqlanmaması, görüşlərin formatı barədə qeyri-müəyyənlik və Rusiya tərəfinin ehtiyatlı mövqeyi həllini gözləyən məsələlərin çox olduğunu göstərir.                                                                                  Rubinyanın “heç kimlə mübahisədə və ziddiyyətdə deyilik” fikri də Moskva ilə dialoqun açıq saxlanmasına xidmət edir. Ancaq ziddiyyətdə olmamaq bütün məsələlərdə razılıq demək deyil. Atom elektrik stansiyasının tikintisi, dəmir yollarının idarə olunması, Aİİ-də üzvlüyün gələcəyi və Ermənistanın Avropa kursu konkret qərarlar tələb edir. 
Paşinyan Qərbə Ermənistanın Avropa ilə yaxınlaşmaq niyyətindən geri çəkilmədiyini, Moskvaya isə bu prosesin Rusiyaya qarşı yönəlmədiyini çatdırmağa çalışır. Lakin Aİ və Aİİ arasında seçim məsələsi kəskinləşdikcə, İrəvanın hər 2 istiqamətdə eyni rahatlıqla hərəkət etməsi çətinləşəcək.                                                                                                                                
Beləliklə, Paşinyanın dekabr üçün elan etdiyi 3 səfər mahiyyət etibarilə Ermənistanın “eyni vaxtda 2 stulda əyləşmək siyasəti”nin növbəti nümunəsidir. Ancaq hər 2 tərəflə münasibətləri qorumaq üçün xoş niyyət bəyanatları kifayət etmir. 
İrəvan Aİ-yə doğru irəlilədiyini bildirir, digər tərəfdən Rusiya ilə əlaqələri qorumağa çalışır. Bu siyasətin nə qədər davam edəcəyi Moskvanın mövqeyindən, Avropa ilə inteqrasiyanın real məzmunundan və Ermənistanın konkret qərarlarından asılıdır. Dekabr səfərlərinin taleyi isə İrəvanın 2 istiqamət arasında nə qədər manevr edə bildiyini göstərəcək.
Səxavət HƏMİD   
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью