Paşinyanın arvadının Vyanadan yaydığı videolar İrəvanı qarışdırdı

29.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyanın  həyat yoldaşı (onların boşandığı da deyilir) Anna Akopyanın son vaxtlar ictimai fəallığını artırması və İrəvanın idarə olunması ilə bağlı məsələlərə müdaxilə etməsi ölkə mediasında yeni siyasi müzakirələrə yol açıb. Musavat.com xəbər verir ki, “Hraparak”ın yazdığına görə, Akopyanın paytaxtdakı nəqliyyat problemləri ilə bağlı açıqlamaları və Vyanadan paylaşdığı videolar sadəcə sosial şəbəkə aktivliyi deyil, gələcək siyasi planlarının tərkib hissəsi ola bilər. Nəşr onun İrəvanın hazırkı meri Tigran Avinyanın yerinə namizəd olmaq niyyətində olduğunu ehtimal edir.

“Hraparak”ın dərc etdiyi təhlildə bildirilir ki, Anna Akopyanın son günlər Vyanadan yayımladığı canlı efirlər diqqət çəkib. O, Avstriya paytaxtının küçələrini nümayiş etdirərək orada nəqliyyatın normal hərəkət etməsini, qar yağmasına baxmayaraq şəhərdə xaos və tıxacların yaranmamasını vurğulayıb. Akopyan, həmçinin küçələrin qardan necə təmizləndiyi, nəqliyyatın hansı şəkildə təşkil olunduğu barədə ritorik suallar səsləndirib.

Nəşr yazır ki, bu sualların arxasında İrəvanın hazırkı idarəçiliyinə ünvanlanan tənqid dayanır. Akopyanın Vyana ilə İrəvandakı vəziyyəti müqayisə etməsi şəhərin nəqliyyat problemlərinə görə məsuliyyət daşıyan yerli hakimiyyətə, xüsusilə də mer Tigran Avinyana yönəlmiş dolayı ittiham kimi qiymətləndirilir.

Xatırladaq ki, noyabrın əvvəlində də Anna Akopyan İrəvanda nəqliyyat sıxlığını tənqid edən video paylaşmışdı. O, paytaxtda bir nöqtədən digərinə getmək üçün az qala astronavt sağlamlığına ehtiyac olduğunu bildirmiş, tıxacların getdikcə şəhər sakinlərinin gündəlik həyatını çətinləşdirdiyini vurğulamışdı. Akopyan problemin həllinin onun deyil, şəhərin idarə olunmasına məsul şəxslərin vəzifəsi olduğunu da qeyd etmişdi. Bu açıqlama erməni mediasında Tigran Avinyana qarşı açıq tənqid kimi təqdim olunmuşdu.

“Hraparak”ın diqqət çəkdiyi digər məqam isə Ermənistan parlamentinin sabiq spikeri Alen Simonyanın Akopyanın Vyanadan paylaşdığı videonu öz səhifəsində yaymasıdır. Nəşr bunu Paşinyanın həyat yoldaşının mümkün siyasi planlarına dəstək cəhdi kimi şərh edir. Nəşrin ehtimalına görə, Akopyanın İrəvan meriyası ilə bağlı məsələlərə münasibət bildirməsi və Simonyanın onun paylaşımını yayması hakimiyyət daxilində mümkün siyasi rəqabətin əlamətləri ola bilər.

Bununla belə, Alen Simonyan İrəvan meri postu uğrunda Tigran Avinyana qarşı hər hansı kampaniya aparılması barədə iddiaları təkzib edib. O, Avinyanın mövqeyinin zəiflədilməsinə yönəlmiş fəaliyyətin olmadığını bildirib. Simonyanın sözlərinə görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətində İrəvan meri postuna namizəd məsələsi müzakirə edilməyib.

(Fotoda: İrəvan meriyasının binası)

“Hraparak” yazır ki, növbəti İrəvan Şəhər Ağsaqqalları Şurasına seçkilərə hələ uzun  vaxt qalır. Buna baxmayaraq, nəşrin müəllifi Anna Akopyanın indidən özünəməxsus seçki kampaniyasına başladığını iddia edir. Yazıda onun əvvəlcə ailədaxili zorakılıqla mübarizə mövzusunda kampaniya apardığı, bununla qadın elektoratının dəstəyini qazanmağa çalışdığı, daha sonra isə şəhərin nəqliyyat problemlərini gündəmə gətirərək meriyaya yönəlik tənqidlərini artırdığı bildirilir.

O da bildirilir ki, Akopyanın siyasi fəallığının arxasında konkret vəzifəyə yiyələnmək istəyi dayana bilər. Yazıda xüsusilə 2028-ci il ehtimalı önə çəkilir. Nəşr hesab edir ki, Anna Akopyan üçün İrəvan meri postu həm kifayət qədər nüfuzlu, həm də müstəqil siyasi fəaliyyət imkanı verən vəzifə ola bilər.

Məqalədə Nikol Paşinyanın siyasi gələcəyi də bu ehtimalla əlaqələndirilir. Müəllif xatırladır ki, Paşinyan 2019-cu ildə Ermənistanın 2050-ci ilədək inkişaf strategiyasını təqdim etmişdi. Lakin 2020-ci il müharibəsi və Ermənistanın məğlubiyyəti ölkədə siyasi vəziyyəti köklü şəkildə dəyişdi. Müharibədən sonra istefa tələbləri ilə üzləşən Paşinyan hakimiyyətdə qalmağı bacardı. “Hraparak”ın müəllifi hesab edir ki, bu şəraitdə Anna Akopyan üçün ölkə rəhbərliyinə iddia etməkdənsə, yaxın illərdə ayrıca siyasi mövqe və nüfuz sahibi olmaq daha real məqsəd ola bilər.

Yazıda Akopyanın 2028-ci ildə İrəvan meri postuna namizədliyini irəli sürə biləcəyi ehtimalı da məhz bu kontekstdə gündəmə gətirilir. Bununla belə, nə Anna Akopyan, nə də Paşinyan onun mer olmaq niyyətində olduğunu rəsmən bəyan edib. Deməli, söhbət hələlik erməni nəşrinin siyasi müşahidələrindən və ehtimallarından gedir.

“Hraparak” məqaləsini Anna Akopyanın başladığı ehtimal edilən kampaniyanın siyasi baxımdan vaxtından əvvəl start götürməsi və bunun uğursuzluqla nəticələnə bilməsi barədə xəbərdarlıqla yekunlaşdırır. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью