Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın yeni konstitusiyasının mətni açıqlandı. Gözləndiliyi kimi, sənədin giriş hissəsində (preambula) Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Revanşist-radikalları ən çox isteriyaya salan da budur. Çünki Azərbaycan və Ermənistan arasında böyük sülhə, sülh müqaviləsinin imzalanmasına tək əngəl bu. Sülh müqaviləsindən sonra isə revanşistlərin “kitabı” həmişəlik bağlanmış olacaq...
Hərçənd, layihədə Azərbaycana dəxli olan daha üç mühüm yenilikdın danışmaq olar. Onlardan biri sənədin preambula hissəsində Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlət olaraq təqdim olunmasıdır. Bu da sözsüz ki, qonşu ölkələrə konstitusion ərazi iddialarının olmayacağı anlamına gəlir.
İkinci yenilik mətndə “erməni xalqı” yox, “Ermənistan xalqı” ifadəsinin yer almasıdır. Nə demək? O demək ki, ölkənin taleyində bundan sonra əsas rolu nə erməni lobbisi və xaricdəki hansısa başqa güc yox, yalnızca Ermənistan vətəndaşları oynayacaq.
“Erməni xalqı” ifadəsi altına isə dünyanın müxtəlif guşələrində yaşayan və Ermənistan vətəndaşı olmayan istənilən hayı, o cümlədən terrorçu ünsürləri yığmaq olar. Bu, həm də “miatsum” ideologiyasını konstitusion səviyyədə təsbit edən bir söz birləşməsidir...
Üçüncü diqqətçəkən məqam isə qəbul ediləcəyi təqdirdə yeni konstitusiyaya dəyişikliyin yalnız referendum yolu mümkün ola biləcəyi haqda müddəadır.
Yada salaq ki, indiki “Əsas Qanun”a görə, parlament 2/3 səs çoxluğu ilə konstitusiyanın preambula daxil, müəyyən maddələrini (hamısını yox) dəyişdirə bilər. Yeni sənəddə isə bu, mümkünsüz olacaq. Deməli, əgər nə vaxtsa hakimiyyətə radikal qüvvələr gəlsə və ərazi iddiaları bağlı hansısa maddəni təzədən ora salmaq istəsə, bundan ötrü referenduma getməli olacaq...
Bu arada erməni vəkil Arsen Babayan maraqlı paylaşım edib. Sitat: “Müxalifət hökumətin yeni konstitusiya təklifini rədd etdiyini bildirib. Bu o deməkdir ki, təzə konstitusiya layihəsinin müzakirəsi, sadəcə, siyasi gündəmdə yoxdur. Yəni ki, müzakirə və ya şərh ediləsi nə var? Heç nə. Ancaq təzə layihənin əsas müddəalarını müzakirə etməyə başlayan kimi, bu, müxalifətin hökumətin təşəbbüsünə qoşulması anlamına gələcək. Başqa sözlə, yeni konstitusiya layihəsini müzakirə etməklə müxalifətə hörmətsizlik göstəririk (yoxsa ona etibar etmirik?)”.
Məsələ də onadır ki, artıq prosesə start verilib və revanşistlərin hay-küyünə, qara qışqırığına rəğmən, sənədin ictimai-siyasi müzakirəsi başlanılıb. Əslində, ağılları olsa, radikallar da ona qoşular. Ən azından əks- təbliğat aparmaq üçün.
Axı, proses onlarsız da gedəcək. Hətta böyük ehtimalla, Nikol Paşinyan referendum qərarı üçün parlamentdə çatmayan 6 deputat səsini də təmin edə biləcək. Yaxud bəd ayaqda, B planlı kimi tərəfdarlarının 300 min imzasını toplamaqla parlamentin razılığını aşa bilər.
Hər iki variant üçün vaxt kifayət qədərdir. Qarşıdakı 3-4 ay buna artıqlaması ilə yetir. Qalır nəticəni gözləmək... /Musavat.com/