Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nayıyev deyib.
Komitə sədri bildirib ki, telefon danışığında tərəflər Vaşinqton Sülh Sammitinin ildönümünü, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan irəliləyişi, iqtisadi-ticari əlaqələri, Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, tranzit daşımalarını və TRIPP marşrutunun icrasını müzakirə ediblər.
O əlavə edib ki, bu detalların hər biri mühüm mesaj daşıyır:
“Dünən Azərbaycan və Ermənistan arasında müharibə gedirdi, bu gün isə Azərbaycan məhsulları Ermənistan bazarına daxil olur, tranzit yüklər Azərbaycan ərazisindən daşınır və iki ölkə arasında yeni kommunikasiya xəritəsi qurulur”.
A.Nağıyev əlavə edib ki, bu, sülhün artıq kağız üzərində qalmadığının göstəricisidir və İrəvan sərt reallıqla üz-üzədir:
“Ermənistan uzun illər regional təcrid şəraitində yaşayıb. Azərbaycan və Türkiyə ilə bağlı sərhədlərin qapalı qalması, kommunikasiyaların məhdudluğu və münaqişə Ermənistanın iqtisadi və geosiyasi imkanlarını ciddi şəkildə daraldıb.
İndi isə vəziyyət dəyişir. İrəvan getdikcə daha aydın anlayır ki, Ermənistanın regional inteqrasiyası yalnız uzaq siyasi mərkəzlərlə münasibətlərdən asılı deyil. Ermənistanın gələcəyi onun qonşuları ilə münasibətlərindən keçir. Bu qonşular arasında isə Azərbaycan xüsusi yer tutur.
Azərbaycan Ermənistan üçün yalnız qonşu deyil. Bakı həm mühüm nəqliyyat bağlantısı, həm enerji və ticarət tərəfdaşı, həm də Ermənistanın regional iqtisadi sistemə çıxışında əsas qovşaqlardan biridir. Ona görə Paşinyanın Əliyevə zəngində əsas mesajlardan biri məhz budur: İrəvan Bakını artıq yalnız keçmiş münaqişənin tərəfi kimi deyil, gələcək əməkdaşlığın əsas ünvanlarından biri kimi görür”.
Deputat qeyd edib ki, Vaşinqton prosesinin ən böyük üstünlüyü sülhü iqtisadi maraqlarla bağlamasıdır. “Çünki davamlı sülh yalnız sənədlərlə qorunmur. Sülh yollarla, ticarətlə, enerji ilə, investisiya ilə və qarşılıqlı maraqlarla möhkəmlənir. İki ölkənin iqtisadi maraqları bir-birinə bağlandıqca yeni qarşıdurmanın siyasi və iqtisadi qiyməti daha da yüksəlir. Bu isə sülhü alternativsiz edir.
Bu baxımdan Baş nazir Paşinyanla Prezident İlham Əliyevin telefon danışığında da TRIPP marşrutunun ayrıca müzakirə olunması da təsadüfi deyil. Bu layihə reallaşarsa, Azərbaycan-Naxçıvan bağlantısı ilə yanaşı, Ermənistanın regional nəqliyyat imkanları da genişlənəcək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri arasında yeni bağlantılar yaranacaq və Cənubi Qafqaz Avrasiyanın daha böyük iqtisadi sisteminə inteqrasiya olunacaq. Beləliklə, vaxtilə qarşıdurmanın ayırdığı coğrafiyanı gələcəkdə yollar və iqtisadi maraqlar birləşdirə bilər. Bu, Azərbaycanın yaratdığı yeni reallığın ən mühüm nəticələrindən biridir. İndi isə Bakı həmin sülhü iqtisadi əməkdaşlıq sisteminə bağlayır. Bu strategiyanın nəticəsində Azərbaycan artıq regional proseslərin kənarında dayanan ölkə deyil.
Bakı Cənubi Qafqazda gündəm formalaşdıran, nəqliyyat və enerji xətlərini birləşdirən, regional əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilən aktordur. Paşinyanın Bakı ilə birbaşa dialoqu da bu reallığın göstəricisidir”.
Deputat onu da bildirib ki, Ermənistan müxtəlif istiqamətlərdə, xüsusən də Avropa, ABŞ, İran və digər tərəfdaşlarla əlaqələrini inkişaf etdirə bilər: “Lakin heç bir siyasi mərkəz coğrafiyanı dəyişə bilməz. Ermənistanın Azərbaycanla sərhədi var, Türkiyə ilə sərhədi var və onun regional iqtisadi gələcəyi məhz Cənubi Qafqazın açılması ilə bağlıdır. Bu baxımdan İrəvan üçün əsas seçim artıq aydındır: regional təcrid, yoxsa regional inteqrasiya. Regional inteqrasiyanın yolu isə Bakıdan keçir. Paşinyanın 8 avqust zəngi məhz bu siyasi reallığın getdikcə daha açıq qəbul edildiyini göstərir”.
Mürtəza