Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Başkənd (Ermənistanın Artsvaşen adlandırdığı eksklav-müəll.) məsələsinin həlli variantlarından biri ərazi mübadiləsi ola bilər”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə bölgəsində seçkiqabağı görüş zamanı bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan delimitasiya prosesində problemi gələcək nəsillərə miras saxlamamaq məqsədilə yanaşmalıdır.
“Prinsip budur ki, tərəflər delimitasiya prosesindən bir-birinə zərər vermək üçün deyil, mövcud problemləri həll etmək üçün istifadə etsinlər. Bizim vəzifəmiz gələcək nəsillərə sərhədləri dəqiq müəyyənləşdirilmiş dövlət ötürməkdir”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, Gədəbəy rayonunun Başkənd kəndi Sovet dövründə Ermənistanın Azərbaycandakı eksklavı olub və 1992-ci ildən Azərbaycanın nəzarətindədir. Anklav və eksklavların taleyi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə danışıqlarda açıq qalan məsələlərdən biri hesab olunur.
Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq, yaxın vaxtlarda sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin davam etdiriləcəyi gözlənilir. Bu istiqamətdə işlərin şərti sərhədin şimaldan cənuba doğru davam etdirilməsi qərara alınıb.
Hazırda Azərbaycanın dörd kəndi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Söhbət Qazax rayonunun Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Sədərk rayonunun Kərki kəndlərindən gedir.
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra Qazax-Tavuş istiqamətində sərhədlərin müəyyənləşməsinə başlanacaq. Ermənistan tərəfi Qazax rayonunun kəndlərini Azərbaycana qaytarmaq istəyir. Əks təqdirdə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və kommunikasiyaların açılması mümkün ola bilməz.
Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamada Kərki kəndinin qaytarılacağına dair mesaj vermişdi. Lakin Baş nazirin iyunun 3-də səsləndirdiyi fikirlər Ermənistanın Başkəndə olan iddiasından geri çəkilmədiyini göstərir. Lakin Paşinyan ermənilərin yenidən qayıdıb Başkənddə yaşamasının qeyri-mümkünlüyünü anladığı üçün yaşayış məntəqələrini dəyişməyi təklif edir.
Ermənistan tərəfi əvvəllər mübadilə barədə fikir irəli sürüb. Rəsmi İrəvan daha çox Başkəndi Kərki və ya Yuxarı Əskipara ilə mübadilə etmək variantını irəli sürüb. Lakin həmin kəndlərin hər ikisi işğal edilmiş ərazilərdir. Başkənd isə işğal edilməyib.
Üstəlik, adları çəkilən dörd kənd de-yure Azərbaycanın suveren ərazisidir. Ona görə də həmin kəndlərin mübadilə yolu ilə Ermənistana verilməsi referendum yolu ilə mümkün ola bilər.
Yəni adları çəkilən yaşayış məntəqələri qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Başkəndə gəlincə, bu yaşayış məntəqəsi 1920-ci ildə bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistana verilib. Ona görə də Ermənistanın Başkəndə iddiasının hər hansı hüquqi əsası yoxdur.
Sovet dönəmi 1920-ci ildən başlayır və həmin dövrün xəritələri tətbiq olunarsa, Ermənistan yalnız Başkəndi deyil, Qazax, Gədəbəy və digər rayonlarlardan qanunsuz olaraq qopardığı on minlərlə hektar ərazini Azərbaycana qaytarmalıdır.
Bu halda Azərbaycanın da Ermənistandan 1969-cu ildə qeyri-qanuni qəsb etdiyi Gədəbəy rayonunun Tağlar kəndini və ya Zəngilıan rayonunun hazırda işğal altında olan Nüvədi anklavını tələb etmək hüququ var.
Bütün hallarda Ermənistan 1995-ci ildə qəbul etdiyi “İnzibati ərazi bölgüsü haqqında” Qanunun 2-ci maddəsinə 2 saylı əlavədən Güqarkunik vilayətinin kəndləri sırasından Başkəndin adını çıxartmalıdır.
Çünki Başkəndin adı qanunda qalsa, hətta yaşayış məntəqələri mübadilə edilsə belə, gələcəkdə Ermənistan bunu əsas gətirərək Azərbaycana qarşı ərazi iddiası qaldıra bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin