Paşinyanın çıxışı sadəcə “biz sülh istəyirik” mesajı deyil Türk politoloq Yaşar Onay

28.01.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu, Ermənistanın köhnə vərdişləri ilə vidalaşıb yeni dövlət təfəkkürü formalaşdırmaq cəhdidir 

Ermənistan-Azərbaycan münasibətlərində formalaşan yeni mərhələ rəsmi İrəvanın açıqlamalarında da öz əksini tapır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Ordu Günü münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər regionda təhlükəsizlik anlayışının yenidən dəyərləndirildiyini göstərir.

Baş nazir sülhü ölkənin təhlükəsizliyi üçün əsas təminat kimi təqdim etməklə yanaşı, Ermənistanın beynəlxalq təhlükəsizlik strukturları ilə münasibətlərində baş verən dəyişikliklərə də diqqət çəkib. Bu açıqlamalar Ermənistanın təhlükəsizlik siyasətində yeni prioritetlərin formalaşdığını nümayiş etdirir. Həmçinin Cənubi Qafqazda gələcək sabitlik perspektivləri ilə bağlı müzakirələrə zəmin yaradır.

İstanbul Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru, türk politoloq Yaşar Onay Sherg.az-a açıqlamasında Nikol Paşinyanın sözlərinin adi bir “ordu günü” çıxışından xeyli uzaq olduğunu deyib:

"Bu çıxış, Ermənistanın son illərdə yaşadığı dərin sarsıntılardan sonra təhlükəsizlik anlayışını köklü şəkildə yenidən formalaşdırmaq cəhdinin açıq ifadəsidir. Paşinyan artıq təhlükəsizliyi nə əsgər sayı, nə də hərbi ittifaqların yaratdığı çətir üzərindən qurur. O, təhlükəsizliyi birbaşa müharibəsizlik vəziyyəti ilə əlaqələndirməyə çalışır. “Azərbaycanla sülh ən güclü təhlükəsizlik təminatıdır” vurğusu isə Ermənistanın uzun illər söykəndiyi köhnə status-kvonun faktiki olaraq sona çatdığının etirafıdır.

KTMT məsələsinə münasibəti isə daha diqqətçəkicidir. Paşinyan illər boyu “qoruyucu” kimi təqdim edilən bu qurumun Ermənistanı həm siyasi, həm də hərbi baxımdan məhdudlaşdırdığını artıq açıq şəkildə dilə gətirir. Silahlanma məsələsi bunun ən konkret nümunəsidir. 2022-ci ilə qədər Qərbin Ermənistana məsafəli yanaşmasının əsas səbəbi bu silahların real nəzarətinin kimin əlində olacağı ilə bağlı etimadsızlıq idi. Yəni Ermənistan müttəfiqlik iddiasında olan bir təşkilata görə faktiki olaraq silahsız vəziyyətdə saxlanıldı".

Analitik Paşinyanın ortaya qoyduğu mənzərənin zəiflik etirafı kimi deyil, məcburi istiqamət dəyişikliyi kimi qiymətləndirdiyini deyib:

"Ermənistan hərbi bloklara əsaslanan təhlükəsizlik modelindən diplomatiya və sülh üzərində qurulan yeni bir təhlükəsizlik anlayışına keçməyə çalışır. Bu yol risklidir, ağrılıdır və ölkə daxilində ciddi etirazlar doğuracaq. Lakin reallığı nəzərə alsaq, Cənubi Qafqazda davamlı sabitliyə aparan başqa bir yol da demək olar ki, görünmür.

Bu çıxış sadəcə “biz sülh istəyirik” mesajı deyil. Bu, Ermənistanın köhnə vərdişləri ilə vidalaşıb yeni dövlət təfəkkürü formalaşdırmaq cəhdidir. Uğurlu olub-olmayacağı isə artıq yalnız İrəvanın deyil, eyni zamanda Bakının və regiondakı bütün əsas aktorların atacağı addımlardan asılı olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью