Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya növbəti işgüzar səfər edəcək. Baş nazir iyulun 6-9-da Yekaterinburq şəhərində keçiriləcək “İnnoprom-2026” beynəlxalq sənaye sərgisində iştirak edərək müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirəcək. Səfər Ermənistan-Rusiya münasibətlərində yaşanan gərginlik fonunda baş tutduğundan, Paşinyanın tədbir çərçivəsində keçirəcəyi təmaslar xüsusi diqqət mərkəzindədir.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Nikol Paşinyan seçkilərdə qələbədən sonra bu gərginliyi yumşatmağa çalışır və bunu açıq şəkildə də bəyan edir:
“Əslində, Baş nazir Mixail Mişustinlə telefon danışığı da bilavasitə bu gərginliyi yumşaltmağa yönəlmiş siyasətin tərkib hissəsidir. Ona görə də Rusiyaya səfər etməklə Ermənistanın bu regionun tərkib hissəsi olduğunu, Moskvaya qarşı hər hansı düşmənçilik mövqeyinin olmadığını və dostluq, əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdirilməsinin tərəfdarı olduğunu nümayiş etdirmək istəyir. Bununla yanaşı, tədbir çərçivəsində Mixail Mişustinlə Avrasiya İqtisadi İttifaqı ilə bağlı bəzi məsləhətləşmələrin də aparılması gözlənilir. Əslində, bu görüş perspektivdə Rusiya Prezidenti ilə görüşə yol aça biləcək, belə bir dialoq üçün zəmin yarada biləcək xarakter daşıyır. Mənə elə gəlir ki, Nikol Paşinyan əsasən buna çalışır. Çünki bilirsiniz ki, bir çox dövlətlər Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etsələr də, Rusiya hələ də onu təbrik etməyib və bu siyasi qələbəni tanıdığını bildirməyib”.
Analitik qeyd edib ki, bu səfərdə veriləcək əsas mesaj Ermənistan balanslaşdırılmış xarici siyasətin tərəfdarıdır və bu istiqamətdə siyasət yürüdürdən ibarətdir:
“Ona görə də Ermənistan həm Avropa İttifaqı, həm də onun rəqibi hesab olunan Rusiya ilə eyni məsafədə dayanmağa və balanslaşdırılmış siyasət aparmağa çalışır. Ancaq bütün bunların fonunda Ermənistanın milli maraqları dayanır. Nikol Paşinyan bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Ermənistana səfəri zamanı verdiyi açıqlamalarda da bəyan etdi. O, Ursula fon der Lyayenin yanında açıq şəkildə bildirdi ki, Ermənistan nə Rusiyaya, nə də hər hansı başqa bir qüvvəyə öz milli maraqlarını təslim etmək niyyətində deyil. Ermənistan bütün ölkələrin maraqlarını nəzərə almağa hazırdır. Ancaq öz maraqlarını heç bir ölkəyə güzəştə getmək və ya təslim etmək niyyətində deyil. Ona görə də bu səfər çərçivəsində dolayısı ilə verilən mesaj ondan ibarətdir ki, Ermənistan bərabərhüquqlu, dostluq və əməkdaşlıq xarakterli ticarət-iqtisadi münasibətləri bundan sonra da davam etdirməyə hər vəchlə hazırdır. Yəni, növbəti dəfə region ölkəsi olaraq dostluq əli uzatmaq mesajı Nikol Paşinyan tərəfindən verilir”.
Politoloq vurğulayıb ki, Paşinyanın Qərbi narahat edəcək hər hansı addımlar atacağını düşünmür:
“Hər şey şəffafdır. Ursula fon der Lyayenin Ermənistana səfəri zamanı mətbuata açıqlamasında da Nikol Paşinyan açıq şəkildə bəyan etdi ki, gizli heç nə yoxdur, hər şey açıq və şəffafdır. O baxımdan Avropa İttifaqını narahat edəcək hər hansı məqam yoxdur. Çünki o, Ursula fon der Lyayenin yanında açıq şəkildə bəyan etdi ki, Ermənistanın strateji istiqaməti Avropa İttifaqına inteqrasiyadır. Bununla yanaşı, Avropa İttifaqına üzvlük uzunmüddətli bir prosesdir. Bunun üçün konkret meyarlara və standartlara cavab vermək lazımdır. Ermənistan bu standartlara hazır olduqdan sonra üzvlüklə bağlı konkret müraciət edəcək və bu prosesə başlayacaq. Əslində, Nikol Paşinyan dolayısı ilə Rusiya ilə münasibətlərdə də bunu anlatmağa çalışır ki, indidən Ermənistanı konkret seçim qarşısında qoymaq yanlışdır. Çünki Avropa İttifaqına üzvlük prosesi uzunmüddətli bir prosesdir. Bu, illər, hətta onilliklər çəkə bilər. Bu müddət ərzində Ermənistanı konkret seçim etməyə məcbur etmək dolayısı ilə Rusiya, eləcə də Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər. Ermənistan isə bunu istəmədiyini bəyan edir. Ona görə də bu gərginliyi yumşaltmaq, gələcəkdə nələrin baş verəcəyinin hələ qeyri-müəyyən olduğu bir vaxtda indidən bu istiqamətdə konkret qərarlar vermək və ya Ermənistanı buna məcbur etmək doğru deyil. Nikol Paşinyan da məhz bunu anlatmağa çalışır və bütün dünya dövlətləri ilə, o cümlədən Rusiya və Avropa İttifaqı ilə normal əməkdaşlıq münasibətlərində maraqlı olduğunu bəyan edir”.