Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Tarix göstərib ki, zəmanətçilərin iştirak etdiyi bütün proseslər fəlakətlə nəticələnib”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlament müxalifətinin Rusiyanın “Tramp marşrutu”nda zəmanətçi olması ilə bağlı təkliflərini şərh edərkən deyib.
Baş nazir qeyd edib ki, Ermənistanda müxalifətin fəaliyyəti müəyyən zəmanətçilərin (Rusiyanı nəzərdə tutur - red.) verdiyi zəmanətlərlə bağlıdır: “Digər bütün hallarda olduğu kimi, bu dəfə də, xoşbəxtlikdən müxalifət üçün zəmanətçilərin himayəsi altında fəaliyyət siyasi fəlakətlə başa çatacaq. Məndə olan məlumatlar belə bir iddia irəli sürmək üçün kifayətdir. Müxalifət nümayəndələrinə tərəfdaşlıq xidməti göstərərək deyirəm ki, hələ də bu fəlakətdən yayınmaq üçün vaxtları var”.
Paşinyan vurğulayıb ki, müəyyən qüvvələrin qarşısına Ermənistanın nəzərdə tutulan iqtisadi öhdəliklərini yerinə yetirə bilməməsini təmin etmək vəzifəsi qoyulub:
“Ermənistanda bütün bu prosesi müəlliflərinin özlərinin “Gizli plan” adlandırdıqları şərti başlıq altında təqdim edə bilərik. Gizlətmək istəmirəm: bu plan Avrasiya İqtisadi Birliyinin və Rusiya Federasiyasının müəyyən dairələrində dəstəklənir”.
İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında Paşinyanın səsləndirdiyi fikirlərdə həqiqət payı olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan parlamentində təmsil olunan müxalifət partiyalarının hər ikisi Rusiyadan maliyyə və ya siyasi dəstək alır və Moskvanın himayəsinə arxalanır. Bu baxımdan, Paşinyanın ittihamları əsassız deyil.
Ekspert Rusiyanın Tramp marşrutu layihəsində iştirak etmək istəyinin yalnız Ermənistanla bağlı olmadığını vurğulayıb. O qeyd edib ki, Moskvanın bu məsələdə fəallığının arxasında daha geniş geosiyasi və siyasi-iqtisadi maraqlar dayanır:
“Rusiya, əlbəttə, bu məsələdən Ermənistana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Lakin burada ABŞ-Rusiya münasibətləri də mühüm rol oynayır. Hazırda iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən geniş və çoxşaxəli danışıqlar aparılır. Moskva TRIPP məsələsini də həmin danışıqların gündəliyinə daxil etməyə çalışır. Bununla Vaşinqtona mesaj verir ki, layihədə Rusiyanın iştirakına dəstək göstəriləcəyi təqdirdə, ABŞ də başqa məsələlərdə Moskvaya müəyyən güzəştlər edə bilər. Beləliklə, Rusiya TRIPP məsələsini Vaşinqtonla danışıqlarda əlavə təsir və sövdələşmə vasitəsinə çevirməyə çalışır. Moskvanın əsas məqsədlərindən biri də budur”.