Paşinyanın “konstitusiya müşkülü”

27.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ermənistan rəhbəri bu maneəni növbədənkənar seçki yolu ilə aşa biləcəkmi?

Nikol Paşinyan yeni konstitusiyanın qəbuluna nail olmaq üçün Milli Assambleyada lazımi dəstəyi əldə edə bilməyəcəyi təqdirdə növbədənkənar seçkilərə gedilməsini istisna etməyib. Hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandıran baş nazir bildirib ki, yaxın vaxtlarda konstitusiya layihəsi açıqlanacaq və parlamentə təqdim ediləcək. Onun sözlərinə görə, hakimiyyət müxalifət nümayəndələrini konstitusiya dəyişikliyinin vacibliyinə inandırmağa çalışacaq. Lakin bu cəhd nəticə verməsə, başqa ssenarilərə, o cümlədən növbədənkənar parlament seçkilərinə əl atıla bilər.

Paşinyan məsələni təkcə hüquqi dəyişiklik kimi deyil, özünün siyasi missiyası kimi təqdim edib. O, erməni xalqının bu missiyanı dəstəkləyəcəyinə ümid etdiyini bildirib və əks halda, siyasi missiyasını başa çatmış hesab edəcəyini deyib. Beləliklə, baş nazir həm parlamentdəki müxalifətə, həm də seçicilərə mesaj verib: yeni konstitusiyanın qəbulu hakimiyyətin qarşısında duran əsas siyasi vəzifələrdən biridir və bu məqsədə çatmaq üçün seçki variantı da nəzərdən keçirilir.

Paşinyanın bəyanatına müxalifətdən cavab gecikməyib. Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının parlament fraksiyasının rəhbəri Narek Karapetyan növbədənkənar seçkilərə hazır olduqlarını bildirib. O, sosial şəbəkədəki paylaşımında seçkilərin keçirilməsi üçün konkret tarixin elan olunmasını istəyib və insanları, onun təbirincə desək, bitib-tükənməyən güzəştlərə qarşı (?) mövqe bildirməyə çağırıb.

“Hraparak” qəzeti isə yazır ki, “Güclü Ermənistan” daxilində Paşinyanın açıqlamasına necə cavab verilməsi barədə müzakirələr aparılıb. Nəşr yazır ki, partiyada sərt cavabın hakimiyyətin təzyiqlərini artıra biləcəyi ehtimalı da nəzərdən keçirilib, lakin sonda baş nazirin çağırışına cavab vermək qərarı üstünlük qazanıb. Qəzet müxalifətin yeni konstitusiya ilə bağlı referendumu dəstəkləmək niyyətində olmadığını və dəyişikliyi Azərbaycanın tələbi ilə (?) həyata keçirilən addım kimi qiymətləndirdiyini də bildirir.

Beləliklə, Ermənistanda yeni konstitusiya ətrafında müzakirələr tədricən hakimiyyətlə müxalifət arasında siyasi qarşıdurmanın növbəti mərhələsinə çevrilir. İndi əsas suallar bunlardır: Paşinyan parlamentdə lazımi səs çoxluğunu təmin edə biləcəkmi? Müxalifət onun təşəbbüsünə qarşı hansı mövqeyi tutacaq? Növbədənkənar seçkilər keçirilərsə, bu, baş nazirin mövqelərini möhkəmləndirəcək, yoxsa hakimiyyət üçün yeni problemlər yaradacaq?

Parlamentdə səs fərqi

Paşinyanın planının taleyi, ilk növbədə, parlamentdəki qüvvələr nisbətindən və yeni konstitusiyanın qəbulu üçün tələb olunan səs çoxluğundan asılıdır. Hakim “Mülki müqavilə” Partiyası son parlament seçkilərində təxminən 49,8 faiz səs toplasa da, bu nəticə konstitusion dəyişiklikləri həyata keçirmək üçün kifayət edən üstünlük demək deyil. Əgər layihənin parlament mərhələsində deputatların ümumi sayının 2/3-nin dəstəyi tələb olunursa, 105 yerlik parlamentdə bu, ən azı 70 səs deməkdir. Hakim fraksiyanın 64 mandatı olduğu halda, belə bir həddə çatmaq üçün əlavə deputatların dəstəyinə ehtiyac yaranır. Bu fərq Paşinyanın müxalifətlə dialoqa niyə ehtiyac duyduğunu izah edir. Lakin məsələ yalnız səslərin sayından ibarət deyil. Konstitusiya layihəsinin məzmunu, onun hansı qaydada qəbul ediləcəyi və referendum mərhələsinin olub-olmaması da siyasi prosesin gedişinə təsir göstərəcək.

Baş nazir müxalifət nümayəndələrini yeni konstitusiyanın vacibliyinə inandırmağa çalışacağını söyləyir. Bu, hakimiyyətin parlamentdəki mövcud qüvvələr nisbətinin çətinlik yaratdığını anladığını göstərir. Eyni zamanda, Paşinyanın layihəni Ermənistanın gələcəyini müəyyən edən prinsipial məsələ kimi təqdim etməsi müxalifətə təzyiq vasitəsi də sayıla bilər. Bununla yanaşı, müxalifətin bu mövqeyə necə yanaşacağı hələ aydın deyil. Layihənin tam mətni dərc olunmadan və siyasi qüvvələrin münasibəti dəqiqləşmədən Paşinyanın tələb olunan səs çoxluğunu təmin edəcəyini söyləmək çətindir. Hakim fraksiyanın daxilində vahid mövqenin qorunması da vacibdir. Deputatların bir hissəsinin layihəyə dair tərəddüdü yaranarsa, əlavə səslərə ehtiyac daha da arta bilər.

Deməli, hazırkı mərhələdə Paşinyanın qarşısında 2 vəzifə dayanır: əvvəlcə konstitusiya dəyişikliyinin zəruriliyini əsaslandırmaq, sonra bu məqsəd üçün tələb olunan siyasi dəstəyi təmin etmək. Birinci vəzifənin öhdəsindən gəlmək ikinciyə avtomatik zəmanət vermir.

Müxalifətin hesabı: razılaşmaq, yoxsa qarşı çıxmaq?

“Güclü Ermənistan”ın seçkilərə hazır olduğunu bəyan etməsi göstərir ki, partiya baş nazirin mümkün addımını özünə qarşı təhdid kimi deyil, siyasi rəqabət üçün fürsət kimi də qiymətləndirə bilər. Əgər növbədənkənar seçkilər keçirilərsə, müxalifət seçicilərin narazılığını səfərbər etməyə, hakimiyyətin siyasətini tənqid etməyə və özünü alternativ qüvvə kimi təqdim etməyə çalışacaq.

Bununla belə, seçkilərə hazır olmaqla konstitusiya layihəsinə qarşı çıxmaq 2 ayrı siyasi qərardır. Müxalifət parlamentdə layihənin əleyhinə səs verə, səsvermədə iştirak etməyə və ya bitərəf qalmağa üstünlük verə bilər. Hər bir variantın siyasi nəticəsi fərqli olacaq. Əleyhinə səs vermək layihəyə açıq etirazı göstərər, səsvermədə iştirak etməmək isə siyasi təzyiq vasitəsinə çevrilə bilər. Lakin hansı addımın parlamentdəki yekun nəticəyə necə təsir edəcəyi konkret səsvermə qaydalarından asılıdır.

Növbədənkənar seçki Paşinyanı gücləndirəcəkmi?

Paşinyanın seçki variantını gündəmə gətirməsi onun siyasi baxımdan çətin seçim qarşısında olduğunu göstərir. Parlamentdə lazımi səs çoxluğunu təmin etmək mümkün olmazsa, seçkilər vasitəsilə daha əlverişli qüvvələr nisbəti yaratmaq cəhdi məntiqli görünə bilər. Lakin seçki qərarı hakimiyyətin bütün problemlərini həll edən vasitə deyil. Əksinə, bu addım Paşinyanın siyasi mövqeyini gücləndirməklə yanaşı, onu yeni risklərlə də üz-üzə qoya bilər. Hakimiyyət üçün əsas üstünlük seçki kampaniyasında gündəliyi müəyyənləşdirmək imkanıdır. Paşinyan yeni konstitusiya məsələsini ölkənin gələcəyi və dövlətin davamlılığı ilə əlaqələndirərək tərəfdarlarını səfərbər etməyə çalışa bilər. O, seçicilərə müraciət edərək parlamentdəki maneələri aradan qaldırmaq üçün yeni mandat istəyə bilər. Əgər hakim partiya seçkilərdə daha çox mandat qazanarsa, bu, konstitusiya dəyişikliyinə dair siyasi mövqeyini gücləndirər.

Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, N.Paşinyanın konstitusiya dəyişikliyi üçün parlamentdə lazımi səs çoxluğu əldə edə bilməyəcəyi təqdirdə, növbədənkənar seçkilərə gedə biləcəyini açıqlaması təkcə siyasi prosedur məsələsi deyil. Onun sözlərinə görə, bu, ölkənin gələcək siyasi istiqaməti, Azərbaycanla münasibətləri və təhlükəsizlik məsələləri ilə bağlı ciddi seçim qarşısında qaldığını göstərir: “İyunun 7-də keçirilmiş parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi partiya hökumət formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, konstitusiyanı dəyişmək üçün tələb olunan 2/3 səs çoxluğunu əldə edə bilməyib. Buna görə də baş nazir ya müxalifətin müəyyən hissəsinin dəstəyini qazanmalı, ya siyasi kompromisə getməli, ya da növbədənkənar seçkilər vasitəsilə daha geniş mandat əldə etməyə çalışmalıdır.

Konstitusiya məsələsinin əsas tərəflərindən biri preambulada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadlarla bağlıdır. Həmin sənəddə Qarabağla əlaqəli müddəaların yer alması Azərbaycanla sülh sazişi ətrafındakı müzakirələrdə xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı davamlı sülhün qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına, ərazi iddialarına hüquqi-siyasi əsas yarada biləcək məsələlərin aradan qaldırılmasına söykənməli olduğunu bildirir. Paşinyan konstitusiya dəyişikliyi ilə yalnız Azərbaycanla münasibətlərdəki maneələrdən birini aradan qaldırmağa deyil, həm də Ermənistan cəmiyyətinə yeni siyasi reallığı qəbul etdirməyə və hakimiyyətinin gələcək kursunu hüquqi baxımdan möhkəmləndirməyə çalışır. Lakin cəmiyyətdə bu dəyişikliyin zəruriliyi və nəticələri barədə vahid mövqe yoxdur”.

R.Məmmədovanın qənaətinə görə, növbədənkənar seçkilər hakimiyyətə yeni mandat qazandıra bilər, amma daha güclü parlament çoxluğuna zəmanət vermir: “Nəticə müxalifətin təşkilatlanmasından, alternativ proqram təqdim etmək bacarığından və seçicilərin hakimiyyətin siyasətinə münasibətindən asılı olacaq. Müxalifət üçün də əsas məsələ yalnız Paşinyana qarşı çıxmaq deyil, cəmiyyətə inandırıcı siyasi alternativ təqdim etməkdir”.

Politoloq 4 mümkün ssenariyə diqqət çəkir: parlamentdə razılaşmanın əldə olunması, siyasi qarşıdurmanın dərinləşməsi, növbədənkənar seçkilərin keçirilməsi və konstitusiya məsələsinin daha geniş siyasi razılaşmanın tərkibinə daxil edilməsi. Onun fikrincə, seçkilər Paşinyanın mövqelərini gücləndirə də, cəmiyyətdəki fikir ayrılıqlarını dərinləşdirə də bilər. Üstəlik, növbədənkənar seçkilər konstitusiyanın dəyişdirilməsi üçün tələb olunan hüquqi prosedurları aradan qaldırmır. Buna görə də baş nazirin əsas problemi təkcə yeni mandat qazanmaq deyil, zəruri konstitusion çoxluğu təmin etməkdir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью