Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın ölkənin sabiq prezidentlərini müstəqilliyə qarşı çıxmaqda ittiham etməsi və onların siyasi varislərinin Kaluqadakı qüvvələrin maraqlarına xidmət etdiyini bildirməsi ölkənin xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu açıqlama Ermənistanın Rusiyanın təsirindən uzaqlaşmaq və müstəqil siyasi qərarlar qəbul etmək istiqamətində atdığı addımların növbəti göstəricisi kimi qiymətləndirilə bilərmi? Bəs bu proses Azərbaycanla sülh danışıqlarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rubinyanın mövqeyini Rusiyanın Ermənistandakı siyasi təsir imkanlarının zəiflədilməsinə yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirmək mümkündür.
Onun sözlərinə görə, Ermənistanın sabiq prezidentləri uzun müddət Rusiyanın ölkədəki əsas təsir alətlərindən biri olub:
“İndi onları həbsə göndəriblər. Düzdür, Serj Sarkisyan hələ azadlıqdadır. Amma ümumi mənzərəyə baxdıqda görünür ki, Ermənistan Rusiyadan qopmaq, müstəqil siyasət həyata keçirmək və Rusiyanın forpostu olmaqdan xilas olmaq istəyir.
Təbii ki, bunu Ermənistanın müstəqil dövlət kimi formalaşmaq və Azərbaycanla münasibətlərdə sülh mövqeyindən çıxış etmək iradəsinin göstəricisi kimi qiymətləndirmək olar”.
Politoloq hesab edir ki, Ermənistan rəsmiləri bu siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdirərsə, qarşıdakı dövrdə həm konstitusiya dəyişiklikləri, həm də Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş əldə oluna bilər.
M.Əsədullazadənin fikrincə, Baş nazir Nikol Paşinyan ölkə daxilində Rusiyanın təsir imkanlarını zəiflətmək üçün artıq müəyyən praktiki addımlar atıb. O, Samvel Karapetyan və Robert Koçaryanla bağlı prosesləri, eləcə də sabiq hakimiyyət nümayəndələrinin siyasi dayaqlarının zəiflədilməsini bu strategiyanın tərkib hissəsi kimi dəyərləndirib.
Politoloq düşünür ki, həmin qüvvələrin təsir imkanlarının daha da məhdudlaşdırılması regionda siyasi proseslərə, xüsusilə Ermənistan-Azərbaycan sülh gündəliyinə müsbət təsir göstərə bilər.
Aynurə İsmayıl
KONKRET.az