Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya dəyişiklikləri ilə bağlı növbəti açıqlaması ilə gündəmə gəlib. O, konstitusiya dəyişikliklərinin əleyhinə səs verməyin sülhə qarşı çıxmaq, eyni zamanda müharibənin lehinə mövqe nümayiş etdirmək anlamına gələcəyini bildirib. Paşinyanın bu fikirləri Ermənistanda konstitusiya dəyişiklikləri ətrafında gedən müzakirələrin və siyasi fikir ayrılıqlarının fonunda diqqət çəkir.
Ermənistan hökumətinin qarşısında duran əsas məsələlərdən biri konstitusiya dəyişikliklərinin həyata keçirilməsi və Azərbaycanla sülh prosesinin irəli aparılmasıdır. Azərbaycan tərəfi isə Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını davamlı olaraq əsas şərtlərdən biri kimi irəli sürür. Bu baxımdan, konstitusiya dəyişiklikləri təkcə Ermənistanın daxili siyasi gündəliyi deyil, həm də Bakı ilə İrəvan arasında münasibətlərin gələcəyi və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Diqqətçəkən məqamlardan biri də Paşinyanın konstitusiya dəyişikliklərindən sonra sülh sazişinin imzalanacağına zəmanət verilməsi ilə bağlı suala cavabıdır. Ermənistanın baş naziri bu məsələyə fərqli yanaşdığını bildirərək, müxalifətin belə imtina edə bilməyəcəyi bir təklif formalaşdırmalı olduğunu vurğulayıb. O, bunun üçün öz siyasi etibarlılığını və mandatını ortaya qoymalı olacağını da qeyd edib.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Sherg.az”a bildirib ki, Paşinyanın bu açıqlamasında qeyri-adi heç nə yoxdur:
“Zatən Ermənistanın baş naziri II Qarabağ müharibəsindən sonra hər zaman bu cür açıqlamalar verib. Amma ara-sıra bu açıqlamaları təkzib edən fikirlər səsləndirdiyinin də şahidi oluruq. Burada ehtimal etmək olar ki, həmin açıqlamalar daxili auditoriyaya hesablanıb. Biz bunu daha çox seçki ərəfəsində görürdük. Artıq seçkilərə yeddi gün qalıb və Ermənistanın baş naziri müharibə fonunda keçirilən seçkilərdə ikinci dəfə qalib gəlib. Bundan sonra isə bu tipli açıqlamalar gözləniləndir. Amma onun fikirləri arasındakı ziddiyyəti də unutmamalıyıq. Belə ki, bir neçə gün öncə Paşinyan verdiyi açıqlamada 2031-ci ilə qədər sülhün əldə oluna biləcəyi ilə bağlı fikirlər səsləndirmişdi. Bu isə o anlama gəlirdi ki, Ermənistanın baş naziri qarşıdakı beş il üçün sanki vaxt udmaq istəyir. Bu isə Azərbaycan tərəfinə heç zaman sərf edə bilməz”.
Analitik qeyd edib ki, konstitusiya dəyişikliyi sülhün təminatıdır:
“Çünki Azərbaycan tərəfinin əsas şərti budur ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməlidir. Əgər dəyişiklik edilməzsə, yəni Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı yer alan ərazi iddiaları həmin sənəddən çıxarılmazsa, sülhdən söhbət gedə bilməz. Ona görə də Ermənistanın baş naziri bu tipli açıqlamalar verir. Öz aləmində konstitusiya dəyişikliklərinin əsas tərəfdarı olduğunu bildirir. Amma görünən odur ki, hələ də konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməyib. Referendum keçirilmədən və konstitusiya dəyişikliyi həyata keçirilmədən sülhdən söhbət gedə bilməz. Ona görə də onun belə açıqlamalar verməsi gözləniləndir. Amma ortada real addımlar yoxdur. Real addımlar atılmalıdır və yalnız bundan sonra konkret fikir söyləmək mümkündür. Bunlar şablon cümlələrdən başqa bir şey deyil. Çünki indiyə qədər onun çıxışlarında bu cür fikirlərin səsləndirildiyinin şahidi olmuşuq. Təbii ki, sülhün təminatı Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərdir. Çünki əvvəl də dediyimiz kimi, Azərbaycan tərəfinin əsas şərti Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının həmin sənəddən çıxarılmasıdır. Bunlar həyata keçirilmədən sülhdən söhbət gedə bilməz”.