Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Seçkilərlə bağlı əsas suallardan biri isə Baş nazir Nikol Paşinyanın hakimiyyətini qoruyub-qoruya bilməyəcəyidir.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, əksər sorğular, o sıradan obyektiv təsir bağışlayanlar da göstərir ki, bu seçkidə də Baş nazir Nikol Paşinyanın partiyası qələbə çalacaq:
"Amma konstitusiyalı çoxluğun əldə edilib-edilməyəcəyini deyə bilmərəm. Eyni zamanda paradoksal səslənsə də, Paşinyanın özünün konstitusiyalı çoxluğun əldə edilib-edilməməsində nə qədər maraqlı olduğunu da mən dəqiq bilmirəm. Çünki onun azərbaycanlıların Ermənistandakı yurdlarına dönməsinə yanaşması revanşizm haqqında düşündüklərini qətiyyən gizlətməyənlərdən fərqlənmir, hətta daha sərtdir".
Millət vəkili bildirdi ki, Paşinyanın sülhə sadiqliyi, yaxud da bu sadiqliyin nə qədər davam edəcəyi sual altındadır:
"Ona görə də üzərinə götürdüyü öhdəliyə əməl etməmək, əlavə manevr imkanları yaransın deyə, o, parlamentdə konstitusiyalı çoxluqda elə də maraqlı olmaya bilər".
Aytəkin TOFİQQIZI